“Elektron imza” layihəsinə milyonlar xərclənsə də, o işlək olmadı

29-09-2010 / 21:54

Deputatlığa namizəd Bəxtiyar Hacıyev mətbuat konfransı keçirib. O, maliyyə sənədlərinin elektron imzalı olduğu üçün qəbul edilmədiyini bildirib: “Orda Təhsil İnkişaf Mərkəzinin Şəffaf Təhsil Şəbəkəsi üzrə Avrasiya koordinatoru və Dünya Bankında qısamüddətli konsultant vəzifələrində çalışmışam. Hər iki qurumdan əməkhaqqım barədə sənədlər elektron imzalıdır. Yasamal 17 saylı DSK üçün sənədlərin tərcüməsini edib təqdim etdik. Ancaq qəbul olunmadı, DSK-dan bildirildi ki, sənəd notariatda möhürlə təsdiq olunmalıdır. Notariat kontorları isə elektron imzalı sənədi qəbul etmədilər”.

 B.Hacıyev bu məsələ ilə bağlı MSK-ya müraciət edib: “Hüquq şöbəsi ilə əlaqə saxladıq, MSK sədrinə ərizə ilə müraciət etdik. Düşünürdüm ki, məsələ həll olunacaq. Çünki 2004-cü ilin mayın 26-da "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı var”.

Multimedia Mərkəzinin direktoru Osman Gündüz deyir ki, “Elektron imza və sənəd haqqında” Qanun ən işlənməyən qanunlardan biridir: “2004-cü ildə bu qanunun qəbul olunma prosesində mən də iştirak edirdim, o zaman qızğın müzakirələr getdi. Üstündən altı il keçsə də, bu qanunun işlək mexanizmi olmayıb. Qanun qəbul edildiyi kimi də qalıb”.
O.Gündüz bildirir ki, hələ o zaman qanunda müəyyən hissələr narazılıq doğururdu: “Ən önəmli məqam bu idi ki, bu elektron imzanı kim verəcək, işi necə quracaq, sertifikatlaşma işi kimin öhdəliyinə düşəcək?”  

Hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, Azərbaycanda əksər qanunlar qəbul edilir, ancaq onun işlək mexanizmə çevrilməsi problemi həll olunmur: “Məsuliyyət Prezident Aparatından tutmuş nazirliklərə qədər bütün icra strukturlarının üzərinə düşür”.

O.Gündüz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2008-ci ildə elektron imza ilə bağlı layihəsinin başlandığını vurğuladı: “Layihəyə görə, məsul bir şirkət müəyyən olunmalı və o da dövlət qurumlarına elektron imza verməli idi. 2009-cu ilin axırında bütün dövlət qurumları elektron imzanın tətbiqinə başlamalıydı. Buna milyonlarla vəsait xərclənsə də, layihə işlək olmadı. Heç bununla bağlı maariflənmə, dirçəlmə yoxdur. Məmurların əksəriyyəti bundan xəbərsizdir”.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən layihə barədə məlumat almaq istəsək də, suallarımıza cavab verən olmadı.

Bəxtiyar Hacıyev MSK-dan konkret cavab almadığını bildirdi: “MSK həmin sənədi DSK-ya göndərdi. Dünən məktubumuza şifahi cavab gəlib. MSK-dan bildirdilər ki, yazılı olaraq məktub həm DSK-ya, həm də mənə göndərilib, amma hələ ora çatmayıb. Əlimdə olan məlumata görə, nə DSK-ya məktub çatıb, nə də mənə. Bizə deyirlər ki, səbr edin, hələ vaxta var, ancaq onlar anlamırlar ki, mən vaxtımı 4-5 gün təkcə bu sənədlərin qəbuluna sərf etmişəm, amma mən vaxt itirməli deyiləm. Bu vaxtı seçicilərlə işləməyə həsr etməliyəm”.

Ə.Məmmədliyə görə, məsul qurumlar vətəndaşın hüququnu pozmalı deyil: “Qanunun tətbiqi ilə bağlı normativ aktların olmaması vətəndaşın digər hüququnun pozulmasına gətirib çıxarır ki, bu da yolverilməzdir”.

Deputatlığa namizəd Hacıyev bildirir ki, onu Ədliyyə Nazirliyinə göndəriblər: “Məni təəccübləndirən odur ki, 6 ildir qanun tətbiq olunmayıb, üstəlik nazirliyin əməkdaşları sənədlə tanış deyillər. Onlar deyir ki, bizə 4-5 gün vaxt verin biz sənədlərlə tanış olaq. Mən isə deyirəm ki, siz vətəndaşa hörmət etmirsiz, heç olmasa Prezidentin imzaladığı fərmana sayğı duyun. O fərmanın qəbul olunmasından 6 il 4 ay ötür, amma siz hələ də tanış deyilsiz. Üstəlik 4-5 gün də əlavə vaxt itkisidir”.

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, Ədliyyə Nazirliyinin əməkdaşları qanunu ona görə pozur ki, o qanunun hüquqi qüvvəsini təsdiq edən normativ hüquqi aktlar yoxdur: “Nəticədə Ədliyyə Nazirliyində Notarial və Qeydiyyat Baş İdarəsi daha çox normativ baza, müəyyən təlimatlarla işləyirlər, qanun isə kənarda qalır”. Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin İnformasiya Qrupunun rəhbəri, baş məsləhətçi Aydın AğazadəAydın Ağazadə bildirdi ki,
belə olan halda namizəd rayon məhkəməsinə müraciət etməlidir: “Bu məsələ seçki ərəfəsində təxminən iki günə həll olunur”. Nazirliyin əməkdaşı digər məsələlərlə bağlı rəhbərliklə danışıb informasiya ötürəcəyini bildirsə də, sonradan telefona cavab verən olmadı.

Ələsgər Məmmədli də düşünür ki, qanun var və namizəd qanuna istinadən məhkəmə yolu ilə öz hüququnu tələb etməlidir: “İndiki halda vətəndaş işini görməyən qurumları məhkəməyə verə bilər. Eləcə də hüququ pozulub namizədliyi qeydə alınmadığı halda belə həm MSK, həm də yerli DSK-nı məhkəməyə vermə hüququnu təmin etməlidir”.

Hüquqşünasın sözlərinə görə, bu cür hallar Avropa İnsan Haqları Konvensiyasının 2-ci protokoluna əsasən vətəndaşın seçki hüququnu pozur: “Qanunun normativ baza çərçivəsində məhdudiyyətlərin yaradılması və bu problemin məhkəmə yolu ilə aradan qaldırılmaması Konvensiyaya ziddir. Nəticədə Azərbaycan hökümətinə qarşı Avropa İnsan Haqları Məhkəməsində iş açıla bilər”.

Avropa İnsan Haqları Konvensiyasının 2 saylı protokolu vətəndaşın seçki hüquqlarını təmin edir. Konvensiya Azərbaycanda 2001-ci ildə ratifikasiya olunub. 2002-ci ildən hüquqi qüvvəyə malikdir.   

Osman Gündüz deyir ki, əgər elektron sənədin əsli (fayl forması) varsa, notariuslar sənədi təsdiqləməlidir: “Qanunun 3.6 maddəsinə görə, notarius sənədin əslinə baxıb onun sürətini çıxardıb təsdiqləməlidir”.

Bəxtiyar Hacıyev bütün sənədlərin əslinin, hətta tərcüməsinin olduğunu qeyd edir: “Sənədin üstündə çalışdığım qurumların ünvanı, əlaqə nömrələri, e-mailləri qeyd olunub. Araşdırma apara bilərlər. Sənədlər saxtadırsa, hüquqi qüvvəsi yoxdursa, məsuliyyət daşımağa hazıram. Amma kimlərinsə öz işini düzgün görmədiyinə və vaxt itkisinə görə məsuliyyət daşımamalıyam”.

Bəxtiyar Hacıyev qeyd elədi ki, qanun vətəndaşın həyatını yüngülləşdirmək üçün qəbul edilir: “Bizdə əksinədir. Qanun vətəndaşa xidmət etmir, əksinə əlavə vaxtını alır, bu prosedur asanlaşmalıdır”.

"Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının qanunu 2004-cü ilin 9 martında qəbul olunub: http://ict.az/az/index.php?option=com_content&task=view&id=336&Itemid=231

\\\\\\\"Elektron imza və elektron sənəd haqqında\\\\\\\" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı isə 2004-cü ilin 26 mayından qüvvəyə minib  http://e-qanun.az/files/framework/data/5/f_5946.htm

mənbə var.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə