“Televiziya və Radio Yayımı qanunvericiliyi” mövzusunda dəyirmi masa keçirilib

05-06-2009 / 14:35

Bu gün Avropa Şurası (AŞ) Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə birgə Novxanıda AF Hoteldə “Televiziya və Radio Yayımı qanunvericiliyi” mövzusunda dəyirmi masa keçirib.

AŞ Baş Katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek məsələ ilə bağlı bildirib ki, qanunvericiliyin mükəmməl tətbiqi Azərbaycanda bu sahədə müəyyən inkişafa təkan verə bilər. Onun sözlərinə görə, mediada ifadə azadlığının olması nə dərəcədə zəruridirsə, müəyyən məhdudiyyətlərin olması da vacibdir. O, dünya təcrübəsindən misallar çəkərək deyib ki, bu pozuntulara bütün ölkələrin televiziyalarının praktikasında rast gəlmək olar.

MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli isə bildirib ki, Milli Məclisdə müəyyən əlavə və dəyişikliklərlə qəbul edilən qanun bu sahənin tənzimlənməsi məqsədilə 2002-ci ildə qəbul olunub. “Həmin vaxt Azərbaycanda bu sahənin tənzimləyici qurumu olmayıb. Şura yaradıldıqdan sonra müəyyən boşluqların olması ortaya cıxdı. Eyni zamanda, qanunun tətbiqi zamanı müəyyən çətinliklər yaranıb. Buna görə də dövlət başçısına qanunda dəyişikliklər edilməsi məqsədilə təkliflər verdik. 2008-ci ildə isə qanuna vacib dəyişikliklər edilib”, - deyə N.Məhərrəmli bildirib.

MTRŞ sədri deyib ki, qanuna əlavə və dəyişikliklər edilən zaman Avropa təcrübəsi öyrənilib. O, qanunda yer alan məhdudiyyətlərlə bağlı da fikirlərini açıqlayıb.

Media üzrə ekspert Ələsgər Məmmədli qanunda yer alan müddəaların bəziləri ilə razılaşmadığını deyib. “Qanunun 23.2.6-cı maddəsində göstərilib ki, il ərzində üç dəfə hüquqi yanlışlığa yol verən telekanalın lisenziyası alına bilər. Bundan başqa, qanunun 23.1-ci maddəsində şuranın cəza məqsədilə televiziya kanalını bir ay müddətində müvəqqəti dayandırması da qeyd olunub. Nəzərə alaq ki, hansısa telekanalın bir ay müddətində yayımının dayandırılması qurumun fəaliyyətini iflic edə bilər”, - deyə ekspert vurğulayıb.

Bu irada cavab olaraq MTRŞ sədri deyib ki, postsovet ölkələrində televiziya sahəsində müəyyən məhdudiyyətlərin olması başa düşüləndir. "Çünki bu məkan inkişaf etmiş Qərbi Avropa bölgəsindən həssaslığına görə fərqlənir", - deyə o, qeyd edib.
Yığıncaqda çıxış edən AŞ-nin eksperti Eve Solomon bildirib ki, lisenziyanın 1 ay müddətində dayandırılması çox sərt tədbirdir. "Bu, telekanalların fəaliyyətinə ciddi təsir edə bilər", - deyən E. Solomon cəza tədbirlərinin yumşaldılmasını məqsədəuyğun hesab edib.

AŞ-nin digər eksperti Nuran Yardımcı deyib ki, Türkiyədə televiziyaların yayımı yalnız məhkəmə qərarı ilə dayandırıla bilir. Onun sözləinə görə, icra qurumunun bu tədbiri görməsi Türkiyə təcrübəsində yoxdur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə