Xəbərlər “İT TƏLƏBƏ” rubrikasını davam etdirir. Rubrikanın əsas iştirakçıları İT ( İnformasiya texnologiyaları)sahəsində çalışan tələbələrdir.
Məqsədimiz ixtisasından asılı olmayaraq İKT sahəsində çalışan və ya təhsil alan tələbələrin həyatı, fəaliyyəti və yaradıcılığı ilə oxucuları daha yaxından tanış etməkdir.
Xeberler.az -ın qeyd olunan rubrika üzrə növbəti müsahibi Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzinin mühəndis- proqramçısı, Azərbaycan Dövlət Neft Akademiyasının istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinin 3-cü kurs tələbəsi Murad Hüseynovdur.
-Murad bəy, İT sahəsinə marağınız nə vaxtdan başlayıb?
-10 yaşım olanda atam mənə kompüter aldı və kompüterlə ilk tanışlığım başladı. Bir gün axşam saatları olardı və kompüterin arxasında əyləşmişdim. Lakin tərslikdən kompüterdə problem yarandı və işləmədi. Bilirdim ki, səhər açılana kimi bu problem həll olunmasa, valideynlərim məni danlayacaq. Həmin gecəni çox böyük əzmlə ilk dəfə öz problemimi həll etmişdim. Kompüterdəki problemi aradan qaldırmağım özümə də təəccüblü gəlmişdi. Heç nədən anlayışım yox idi, amma öz kompüterimi düzəldə bilmişdim. Texnologiyaya həvəsim belə-belə yaranmağa başladı.
-Hansısa qurumun İT sahəsində çalışırsınızmı?
- Bəli. İnternet nədir? Necə istifadə edim? Niyə mənim saytım olmasın? və s . bu kimi suallar ətrafında tez-tez düşünürdüm. Proqramlaşdırmaya olan həvəsim günü-gündən artırdı. Bu həvəsim məni Java üzrı proqramçıya çevirdi. Hazırda Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzinin Statistik Proqramların yaradılması Şöbəsində Mühəndis Proqramçı vəzifəsində çalışıram.
-Özəl bir layihəniz, startapınız varmı?
-Özəl bir layihəm yoxdur, amma komandamız var. Komanda şəklində sifarişlər götürüb yerinə yetiririk. Bu həm də komandada işləmək bacarıqlarını artırır. Hər bir beyin ayrıca bir ideyadır və hər beyindən çıxan müxtəlif fikirlər insanı yetişdirir. Bu özünü təkmilləşdirməyin ən gözəl yoludur.
-Əgər sirr deyilsə, bu sifarişlərdən nə qədər qazanc əldə edirsiniz?
Sifarişlər bazar qiymətləri ilə tənzimlənir. Ən sadə Java proyektlərin minimal qiymətləri müxtəlif ola bilir, məsələn min də ola bilər, bir neçə min də ola bilər, bunlar hamıya məlumdur. Gələcəkdə istəyə uyğun elə proyektlər ola bilər ki, müəyyən qədər tutarlı iş olsun.
- Bu sahədə təhsil alanlar, adətən deyirlər ki, İT ilə bağlı biliklərini oxuduqları təhsil müəssisələrindən deyil, daha çox iş yerlərindən, İnternetdən əldə edirlər. Bununla bağlı sizdə vəziyyət necədir?
-Ali məktəb bizə istiqamət verir. Hər şeyi Universitetdən gözləmək düzgün fikir deyil. Təsəvvür edin ki, bir toxumu sizə necə əkəcəyinizi göstərirlər və siz su, torpaq və s. olmadan onun gülə çevrilməsini gözləyirsiniz. Bu nə dərəcədə düzgündür? Bunlar hamısı bəhanədir, şərait yoxdur deyib keçirlər. İnternetin varsa, bu özü ən böyük şəraitdir. Təəssüf ki, bu şəraitdən istifadə etməyib çayxanalarda, xüsusi mərc oyunları ilə məşğul olub gününü keçirən tələbələr çoxdur. Onlar düşünmürlər ki, əziyyət çəkmədən heç nəyə nail olmaq mümkün deyil. Hamı dəyişməyə özündən başlamalıdır. Arzularla deyil məqsədlərlə yaşamaq lazımdır. Universitet İT sahəsində müəyyən biliklər verir və bu biliklərdən yaxşı mənada istifadə etmək lazımdır.
- Universitetiniz texniki avadanlıqlarla yetəri qədər təmin olunub?
- Bəli, Universitetimizdə yeni texnologiyalar tətbiq edilib və bunun üçün uzun müddət lazımdır ki, maddi texniki baza daima yenilənsin. Möhtəşəm bir laboratoriyamız var deyə bilmərəm, amma bir tələbənin öyrənə biləcəyi çox qurğularımız vardır ki, tələbə zamanında onlardan istifadə edib gələcəyini təmin edə bilər.
-Təhsilinizi magistr səviyyəsində davam etdirmək istərdinizmi?
-Ən zəif nöqtəmə toxundunuz (gülür). İxtisasım üzrə, Kanadanın Waterloo Universitetində təhsil almağı düşünürəm və ailəmlə məsləhətləşirəm. Universitetə qəbul olmaq üçün əlimdən gələni edəcəyəm. İşdi alınmasa, ölkəmizdə təhsilimi davam etdirəcəyəm.
- İT sahəsindəki bilik və bacarıqlarınızın digər fənlərin mənimsənilməsində sizə hansısa köməyi dəyirmi?
-Gördüyüm işlər Universitetdə keçirilənlərdən qat-qat üstündür. Necə deyərlər, əgər sən üstün biliyə gəlib çatmısansa, demək ki, aşağını da normal mənimsəyə bilərsən. Kompüter bilikləri isə, əlbəttəki, artıq sadəcə mühazirələrin bütövünü deyil, yalnız yeni informasiyaları özünə qeyd edib yaddaşında saxlayırsan. Müəllim dərsi başa salır və siz artıq bunları bilirsiniz. Bundan gözəl nə ola bilər ki?
-Sizcə, niyə İT sahəsinə qızlardan daha çox oğlanlar maraq göstərir?
Çox maraqlı sualdır. Çalışdığım qurumda mənimlə yanaşı 7-8 nəfər java proqramçı xanım çalışır. Bu rəqəm kiçik deyil. Bəzən qızlar ailənin xanımı olmağı daha çox seçirlər. Biz oğlanlar isə əminik ki, yemək bişirmək, ev işlərini görmək və s. kimi qayğılar vaxtımızı almayacaq (gülür) Bu sahədə qadınları da görmək sevindirici haldır.
-İT biliklərinizin müəllim və tələbə yoldaşlarınıza köməyi dəyirmi?
- İT sahəsində həmişə axtarışda olmuşam və mənə kömək edən yaxşı insanlar tanımışam. Həmin insanlara hörmətim sonsuzdur. Kimsə məndən nəsə öyrənmək istəyəndə, bu sahədə ilk addımlarımı atdığım günlər yadıma düşür və öz köməyimi əsirgəmirəm. Proqramçıların çoxu başqalarına nəsə öyrətməyə meylli olmur. Bunun səbəbini bilmirəm. Kimsə sizin qədər bilirsə, o demək deyil ki, o sizin yerinizi tutacaq. Siz siz olun, həmişə köməklik edin. Heç kim mükəmməl proqramçı doğulmayıb. Keçmişinizi unutmamalı, gözünüzün önünə gətirməlisiniz.
-Bütün gününüz İnternetdəmi keçir ?
- 24 saat telefonumda İnternet açıq olur gülür). 8-10 saat da kompüterin arxasında əyləşirəm.
-Ən çox istifadə etdiyiniz sosial media vasitələri hansılardır?
-Bütün sosial şəbəkələrdən istifadə edirəm, hər an ordayam. Facebook, Twitter, Linkedin-dən isə daha aktiv şəildə istifadə edirəm.
-Sosial medianın ən çox hansı keyfiyyətlərindən yararlanırsıznız?
-Sosial şəbəkələrdən nəsə öyrənməyə çalışıram. Hər bir insan bir fikir ,bir ideyadır. Dostlarımın paylaşımlarını oxumağı çox sevirəm. Boş vaxtlarımda onların yazdıqlarını, münasibətlərini oxuyub özüm üçün dəyərləndirirəm.
- İT ilə bağlı olan seminarlarda, təlimlərdə, konfranslarda iştirak edirsinizmi?
- Java “Oracle” şirkətinin tərkibindədir. Və bununla bağlı çox seminarlarda iştirak edirəm. Ən maraqlı seminar fevralın 12-də “Oracle” şirkətinin Azərbaycanda keçirdiyi “Oracle Days Baku” seminarı oldu. Xeyli yeniliklərlə tanış oldum. Adətən hər seminarda, konfransda iştirak etməyə çalışıram. Seminarlara daha çox dəstək üçün qatılıram. İnsan əziyyət çəkirsə, onu dəyərləndirmək lazımdır.
-Sizcə, İT sahəsinin insanlara ən çox xeyirli tərəfi nələrdir?
-Bu suala cavab verməkdə çətinlik çəkirəm. Çünki desəm ki, yeni texnologiyalar hər şeydir – bu doğru olmaz. Keçmişdə nənə - babalarımız planşet, mobil telefon görməyiblər, amma yenə də öz dövrlərinə uyğun olan yeniliklərlə yaşayıblar. Bu gün də inkişaf etmişiksə, zamanın tələblərinə uyğun yaşamalıyıq. Məncə, İnternetin ən gözəl tərəfi bir-birimizlə əlaqə vasitəsidir. Əlaqə yaratdığımız şəxslərlə daha tez ünsiyyət qurmağımıza kömək edir.
-İT sektorun daha da inkişafı üçün nələr arzuolunandır?
-Seminarlara qatılmaqla bu sahədə fəaliyyət göstərən kəslərə dəstək olmaq olar. Kiminsə ayağını çəkməz əvəzinə, bu sahədə olan insanlara dəstək vermək lazımdır. Bir də startap layihələrinə dəstək güclənsə, qrantlar ayrılsa, bu sahənin daha da inkişafına nail olmaq olar.
Nəzrin Cavid
Fotolar: Tərlan Yusif
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri