Ülvi Aslanov: Code Academy iş dünyasının tələblərinə uyğun qurulub

30-11-2018 / 10:21

Xeberler.az   “Code Academy”nin təsisçisi və baş direktoru Ülvi Aslanovun "Finans.az"-a olan müsahibəsini təqdim edir.

- Tədris müəssisəsi açmaq, insanlara IT bilikləri aşılamaq kompüterlə ilk tanışlığınızdan qısa zaman sonra yarandı, yoxsa yaxın zamanların ideyasıdır? Necə oldu belə bir akademiyanı qurdunuz?

- Kompüterlə ilk tanışlıq zamanı o bir oyuncaq idi. Sonrakı illərdə “Bu oyuncaq necə meydana gəlir?”, daha sonra “Bu oyuncağın içindəki oyun necə əmələ gəlir?” sualı formalaşdı. 2003-cü ildə isə artıq mənə maraqlı gələn “Bu oyunların arxası necə yazılır, burada nələr var?” - idi. Texniki tərəfləri, bir oyunun üzərində minlərlə hər sahədən olan nəhəng insanlar çalışır. Bunları öyrənərkən artıq mənə maraqlı gəldi ki, “IT-nin arxasında nələr var?”. Təhsil və ya iş tərəfdən o zaman tam bilmirdik ki, dünya IT-yə doğru gedəcək. Mən 2011-ci ildə Bakıya qayıtdım və o vaxtdan bəri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ayrı-ayrı qurumlarında çalışdım. Həmin dövrdə biz dayanmadan kənar şirkətlərlə, kiçik startap olmaq istəyən komandalarla görüşürdük. Hamının ortaq bir ehtiyacı var idi - çox peşakar beyinlər var, amma texniki bilik yoxdur. Bu vəziyyət 1-2 il davam etdi və “Code Academy” ortaya çıxdı.

- Sizdən öncə də ölkədə IT təhsili var idi. "Code Academy"ni fərqli edən nədir? Nə kimi yeniliklər gətirdiniz?

Səmimi etiraf edirəm ki, biz fərqli bir şey etməmişik. Dünyada tətbiq olunan təcrübələr var. “Code Academy”ni qurmazdan öncə hər zaman fərqli adla planlarım olub və üzərində çalışmışam. ABŞ-da təhsil alarkən bu tipli tədris müəssisələrində qeydiyyatdan keçir, dərslərə qoşulur, cavan müəllimlərin insanlara proqramlaşdırmadan dərs dediyini görürdüm. Bunları gördükdən sonra “Code Academy” ideyası ortaya çxıdı. Bu ideyanın ən çətin tərəfi resurs, müəllim tapmaqdır. Çünki, belə bir müəssisə yox idi. Biz hər sahəyə uğun, işini ən yaxşı görən insanları dəvət etdik. Burada dünya standartlarını tətbiq etdikcə bizim müəllimlər dünya səviyyəsində sertifikat almış mütəxəssisə çevrilirlər (Adobe, Microsoft, 3D Autodesk şirkətləri). Müəllimlərlə yanaşı, biz də inkişaf etdik.

 

- Adətən bu sahə üzrə işləyən mütəxəssislər öz biliklərini bölüşdükləri kurslar, seminarlar, təlimlər verirlər. "Code Academy"də isə, bu iş üçün xüsusi müəllimlərmi yetişdirilir?

Akademiyada çalışan müəllimlər nə IT sektorundan, nə də müəllimlik peşəsindən kənarlaşmır. Bizim bütün proqramlar buna uyğunlaşdırılıb. Müəllimlərimiz həm dərs deyir, həm də bizim üçün, digər şirkətlər üçün proqram işini görür. Bizim akademiya həm də özü müəllim yetişdirir. Gələn il üçün bizim müəllim çatışmazlığı ilə bağlı ciddi sıxıntılarımız olacağından artıq özümüz müəllim yetişdirməyə başlamışıq. Amma hər hansı işi bilmək müəllim olmaq demək deyil. Biz gələcəkdə müəllim kimi fəaliyyət göstərəcək şəxslərlə birgə davamlı olaraq əlavə proqramlar üzərində də çalışırıq.

Öyrətmək üçün yaratdığımız imkanın içərisində, həm də “mentorluq” sistemi var. Hansı ki, müəllim köməkçisi olaraq da dərs keçir. Biz bir sinfə müəllim verib oradan uzaqlaşmırıq. Bir sinifdə müəllim, mentor var, tələbə koordinatoru var. Mentorluq odur ki, biz köhnə məzunlarımızdan ən yaxşısını seçirik, ona praktika imkanı yaradırıq. Bu, əslində ödənişli təcrübə proqramıdır. Mentor müəllim köməksçisi şəklində gedir. Növbəti proqramda vaxtilə öyrəndiklərini, səhvlərini, düzlərini, təcrübəsini yeni gələn tələbə ilə sinif içərisində müəllimin köməkliyi ilə bərabər tələbələrə çatdırır.

- Bunlar daha çox insanların bu sahələrdə iş tapmaq və ya özünü daha da inkişaf etdirmək üçün olan təkliflərdir...

Burada təkcə fərdlər üçün deyil, şirkətlər üçün də təhsil veririk. Hazırda gördüyümüz işlər bacarığımızın sadəcə bir hissəsidir. Yəni, bacardıqlarımız çoxdur və bunun yavaş-yavaş davamını gətiririk. Biz korporativ sahədə də işlərə başlayırıq. Bu sahə üçün yeni təkliflər və proqramlar üzərində çaışırıq. Kimin IT təhsili ilə bağlı hansı istəkləri varsa, onların arzularına uyğun təkliflərimiz var.

- Niyə sizin qurduğunuz bu sistemi bizim universitetlərdə tətbiq etmək mümkün deyil?

- Azərbaycanda bunu tətbiq etmək bir az çətindir. Çünki, hamının universitetə qəbul olmaq, oxumaq imkanı olmur. Bunun üçün uyğun bir vaxta ehtiyac olur. Amma bizim məqsədimiz tələbələrimizin qısa müddətdə əmək fəaliyyətinə başlamasına nail olmaqdır. Universitet daha çox elm adamı yetişdirir, eyni zamanda iş adamı yetişdirmək çətin olur. İş dünyasının sürətli dinamikası ilə universitet tam ayaqlaşa bilmir. İş dünyası, xüsusilə də, IT sektoru çox sürətli inkişaf edir.

- Azərbaycanla eyni səviyyədə olan ölkələrin gənclərinin İT biliyi ilə bizim gəncləri müqayisə etdikdə hansı mənzərə ortaya çıxır?

- Bizim IT sahəsi üzrə güclü biliyi olan çox mütəxəssisimiz var və onlar hətta ölkədən xaricdə də fəaliyyət göstərirlər. Lakin bu say bizim dünyaya “Azərbaycan bir IT ölkəsidir” deyəcək qədər yetər deyil. Ən böyük yük bu işdə universitetlərə düşür. Biz universitetlərə kömək etməyə çalışırıq. Lakin bizim burada funksiyamız ondan ibarətdir ki, artıq bu və ya digər elmi öyrənmiş insanlardan və ya heç öyrənməyənlərlər, iş dünyası üçün peşəkar kadrlar yetişdirək. Universitetdən çıxanda iş dünyasına daxil ola bilmirsən, hamı təcrübə istəyir və bu, hər yerdə belədir. Biz “Code Academy”ni iş dünyasının, biznes sahəsinin ehtiyaclarına uyğun qurmuşuq. Artıq “Code Academy”də təhsil alanların təcrübəsi də olur, işi də bilir və beləliklə əmək fəaliyyətinə daha asan başlaya bilir.

- Daha çox hansı yaş kateqoriyalarında olan şəxslər “Code Academy”ya müraciət edir?

- Bizim əksər tələbələrimiz universitetdə təhsil alanlar, karyera qurmaq və ya karyerasını dəyişmək istəyən gənclərdir. Banklarda, audit şirkətlərində, və ya sosial fənlər üzrə çalşan şəxslər də ixtisaslarını dəyişmək, karyeralarında yenilik etmək üçün “Code Academy”yə üz tuturlar.

Bundan başqa, universitetdə IT sahəsi üzrə təhsilini bitirənlər də bizim akademiyaya təkmilləşmək üçün müraciət edirlər. Texniki elmlərdən, məktəbin sonuncu sinifindən də bizə gələnlər çoxdur.

Bundan başqa, bizim hazırlaşdırdığımız sertifikatlar özəl “level” sertifikatlar olduğu üçün xaricdə karyerasını qurmaq istəyənlər də bizə müraciət edirlər.

- Cəmiyyətdə belə bir fikir var ki, riyazi bilikləri olmayan insanlar IT sahəsində çalışa və bu sahədə uğur əldə edə bilməz. Necə düşünürsünüz, IT sahəsində mütəxəssis olmaq üçün riyaziyyatı mükəmməl bilmək lazımdırmı?

- İstənilən peşədə, bu və ya digər sahədə olan insan IT sahəsinə yönələ bilər. Riyaziyyat bu sahədə əlbəttə önəmlidir, amma bu o demək deyil ki, riyaziyyat bilikləri zəif olan şəxs bu sahəni öyrənə bilməz, bu sahədə iş tapa bilməz. Proqramlaşdırmada da, sistemdə də, dizaynda da ən önəmli şey, insanda istək və həvəsin olmaslıdır.

Dizayn qabiliyyəti olan insan yaxşı dizayner olacaq demək deyil, çünki orada fantaziyaya ehtiyac olur. Dizaynda fantaziya deyiriksə, texniki elmdə də buna riyaziyyat deyirik. Riyaziyyat biliyin zəif olsa belə, texniki proqramlaşdırma sahəsində texniki proqramçı ola bilərsən. Çünki, proqramlaşdırmanın özü belə bir neçə sahəyə bölünür. Orada biznes analitik olmaq mümkündür. Biznes analiz proqramçılarla birgə işləyən və proqramçı ilə müştəri arasında olan bir şəxsdir. Bu insan proqramlaşdırmanı da öyrənməlidir, iş sahəsini də bilməlidir. Bu şəxsdə riyaziyyat deyil, düzgün anlama qabiliyyəti olmaldır ki, müştərinin istəklərini düzgün anlayaraq proqramçıya çatdıra bilsin. Sistem tərəfdə də bu kimi nüanslar var. Ona görə də “Riyaziyyatı bilmirəm, ona görə mən bu sahəyə gəlməyim” - deyil, “Riyaziyyatı bilmirəm, görüm bu sektorun hansı sahəsində özümü inkişaf etdirə bilərəm”, - deyə düşünmək lazımdır.

"Code Academy"də əldə etdiyimiz nəticələrə görə deyirəm - tarixçi proqramçı ola bilib, statistikada oxuyan sistem administratoru ola bilib, sistem administratoru yenidən proqramçı olub, dizayner digital marketinqi öyrənibr və digital marketer olub. Hətta elə evdar qadın var ki, öz evini özü dizayn etmək üçün interyer dizayner olub.

- IT biliklərə yiyələnmək istəyən gənclərlə işi necə qurursunuz, onları necə istiqamətləndirirsiniz?

- Bizim fərqimiz bundadır ki, tələbə akademiyamızda oxumağa başlamadan öncə biz onu dinləyirik, öyrənirik, sonra onu yönləndiririk, ona məsləhət veririk. Bütün proqramlar barəsində ətraflı izahat veririk, hətta onlar üçün şərait yaradırıq ki, pulsuz bizim dərslərimizdə iştirak edə bilsinlər. Dərsin necə keçdiyini, dizaynın, proqramlaşdırmanın necə olduğunu dərsimizdə iştirak edərək anlasınlar. Bunu anladıqdan sonra seçim etsinlər.

- Elə tələbələr var ki, seçdikləri istiqamət onlar üçün uyğun olmur. Dərslər əsnasında məlum olur ki, o, İT-nin digər sahəsinə yönəlsə, daha yaxşı nəticə əldə edə bilər. Belə olan halda hansı addım atırsınız?

- Akademiyamızda məhz bunun üçün tələbə işləri koordinatorumuz, tədrisin bütün işləri ilə maraqlanan təhsil menecerimiz var. Onlar mütəmadi olaraq tələbələrlə maraqlanırlar. Biz hər bir tələbəyə fərdi yanaşaraq onlar üçün çətinliklərin nədən ibarət olduğunu, nəyi başa düşmədiklərini anlamağa çalşırıq. Buna uyğun da onları digər tədris proqramlara cəlb edirik.

- Hazırda “Code Academy”ni necə görürsünüz? Məqsədinizə nail olmusunuz, yoxsa hələ hədəfə çatmamısınız?

- “Code Academy” daim inkişaf mərhələsindədir, biz çox gözəl işlər görüb, gözəl nailiyyətlər əldə etmişik. Qurduğumuz mexanizm bizə imkan verir ki, “Code Academy”ni dayanmadan inkişaf etdirək. Hər zaman biznesin artması, böyüməsi üçün şərait yaratmaq lazımdır. Hal-hazırda biz daha çox insana çatmaq, tədris proqramlarını artırmaq üçün işlər görürük. Ümumiyyətlə, qoyduğumuz hədəfə daha tez çatırıq və bu, bizə imkan verir ki, daha sürətli inkişaf edək.

IT bazarı qlobal bazardır. Biz Azərbaycana daha çox gəlir gətirmək üçün xariclə işləyə bilmək imkanlarını yarada bilərik. Son zamanlar müşahidə edirik ki, xarici ölkələrə gedən IT mütəxəssislərin sayı artır. Bizim məzunlar, əməkdaşlarımız arasında da belələri oldu. Əslində düşünməliyik ki, mən niyə ölkədən çıxmalıyam? Hazırda bizə müraciət edən şirkətlərə tələbələrimizi yönəldə bilirik. Bir tələbəmiz var idi, Macarıstanda IT sektorunda işləmək istəyirdi. Tələbəmizə ölkəmizdə iş təklif etdik, o da təklifi dəyərləndirərək burada qaldı. Biz daha çox Azərbaycanda IT-nin inkişafı üçün fəaliyyət göstərməliyik. Ölkəmizdə qalaraq proqramçı kimi xarici ölkələrdə olan şirkətlərin işlərini də görə bilərik.

- Sizə Azərbaycan vətəndaşlarına IT ilə bağlı maarifləndirmə işini görməyi tapşırsalar, nədən başlayardız?

- İlk növbədə IT-nin arzulanan bir şey olduğunu göstərərdim. İnsanlar IT-ni arzulamalıdır. İkinci, bunun gələcəyini göstərmək, insanları düzgün yönləndirmək lazımdır. Öyrənməyi öyrətmək lazımdır və insanlara İT-ni necə öyrənmək olar? - əvvəlcə bundan başlayardım. Əlbəttə bunu edəcək insanlara şəraiti yaratmaq lazımdır. Bütün bunları bir nəfərlə reallaşdırmaq mümkün deyil.

- Siz öz biznesini qura bildinizmi, bu biznesi qurarkən hansı çətinliklərdən keçdiniz? Sizcə Ülvi Aslanovu uğura aparan nə idi və nəyi düzgün etdi ki, onun biznesi uğurlu oldu?

- Təhsil sahəsində fəaliyyət göstərdiyinə görə “biznes”dən çox, tədris müəssisəsi kimi görürük özümüzü. Bununla belə "Code Academy"ni uğurlu hesab etmək olar deyə düşünürəm. Sahibkarlar mütləq şəkildə gərək vaxtlarını nəyə sərf etdiklərinəa diqqət etməlidirlər. Demək olar ki, bütün vaxtlarını bu işə həsr etməlidirlər.

Digər ən vacib element, əməkdaşlardır. Uğura aparan yol, ətrafına seçdiyin düzgün adamlar deməkdir. Ətrafındakı insanlar sənə, sən də onlara inandıqdan sonra uğur mütləq gələcək.

Biz addım atarkən bəzən çox risklər edirik. Gələcəyi, atdığımız addımların nəticələrini çox ciddi planlaşdırırıq. Bütün bunlar sənin sürətini, inkişafın hansı xətt üzrə getdiyini göstərir. Ən əsası isə səbrli olmaq lazımdır.

Məsələn, proqramlaşdırma ilə maraqlanan tələbəmiz var idi, sonradan o, digital marketinqgə keçdi və daha dərslər bitmədən işlədiyi bankın marketinq departamentinə keçdi. Bundan başqa, dizayndan proqramlaşdırmaya keçən tələbələrimiz də var.

Amma hər şeydən öncə təhsili elə qurmuşuq ki, tələbə dərslərə başlamadan öncə özü hansı sahədə təhsil almalı olduğunu təyin etsin. Biz var olan şeyləri düzgün proqramlarla çatdırmağa çalışırıq. Onlar da bunu könüllü, istəyərək öyrənirlər.

- Tədris proqramı üçün ayırdığınız bəlli bir vaxt başa çatanda hər hansı bir tələbənizin bilikləri hələ də lazımi səviyyədə öyrənmədiyi hallarla qarşılaşırsınızmı? Belə tələbələrin taleyi necə olur?

- Azərbaycanda zəmanətli təhsil modelini ilk dəfə “Code Academy” tətbiq edib. Bu modelin mahiyyəti ondan ibarətdir ki, öyrənmədən akademiyadan çıxmırsan. Ola bilər ki, hər gün eyni havada olmursan, dərsləri yaxşı qavramırsan. Həmin tələbələr bağlı heç bir ödəniş etmədən yenidən təhsil ala bilir. Belə tələbələr həmin sahəni öyrənənə qədər akademiyada təhsil alırlar. Biz bunun üçün bütün imkanları yaradırıq. Biz keyfiyyətə önəm veririk. Bizim üçün önəmli olan tələbənin buradan mütəxəssis, peşəkar kadr kimi məzun olmasıdır.

- Sözsüz ki, hər bir şəxs daha çox tələb olunan və gəlirli sahəyə maraq göstərir. Bu baxımdan bizim üçün də maraqlıdır: IT sahəsində tədris etdiyiniz hansı bölmə daha gəlirli sayılır?

- Sizə bir misal çəkim, mənim sinif yoldaşlarımın əksəriyyəti, hətta ailəvi bizim akademiyada təhsil alırlar. Elə ailələr var ki, üzvlərindən biri proqramlaşdırmanı, digəri isə dizaynı öyrənir və hər hansı işi götürərək ailə kimi onu icra edirlər – biri dizaynını qurur, biri proqramını. Bizim tədris etdiyimiz 5 sahənin hamısı ciddi bir fərdi və şirkət içərisində pul qazandıra biləcək imkana sahibdir. O proqramlarımızın hər biri ayrı-ayrılıqda gəlirə imkan yaradır. Bir az tez, bir az gec bu, insanın özündən asılıdır. Biz ona görə tələbələrimizə istək və həvəslərinə görə qərar vermələrini məsləhət görürük. İşləyən hər kəsə pul gəlir. Ümumilikdə isə IT sahəsində proqramlaşdırmaya daha çox ehtiyac var. Qrafik dizaynına da ayırdığımız resurslar çoxaldığı üçün bu sahəyə də tələbat çox ciddi şəkildə artıb. Biz dizayn sahəsində olan boşluğu görürük və doldurmağa çalşırıq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə