Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz telekommunikasiya və internet sektorunun inkişafında mühüm rol oynamış Nuru Əhmədovun vəfatı ilə bağlı paylaşım edib.
Xeberler.az məlumat verir ki, Osman Gündüz paylaşımında Nuru Əhmədovu Azərbaycanın telekommunikasiya və internet tarixində dərin iz qoymuş şəxslərdən biri kimi xarakterizə edib.
Onun sözlərinə görə, Nuru Əhmədov texnologiya sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışıb, xüsusilə 1990-cı illərin sonlarında “AzEuroTel”in qurulması və inkişafına, eləcə də yerli mütəxəssislərin hazırlanmasına böyük əmək sərf edib.
Osman Gündüz Nuru Əhmədovu yalnız peşəkar rabitəçi kimi deyil, ləyaqətli, vicdanlı və öz sahəsini sevən insan kimi xatırladığını bildirib.
Ekspert paylaşımında “AzEuroTel”ə məxsus beynəlxalq rabitə kanallarının kəsilməsi ilə bağlı hadisəni də xatırladıb. Bildirib ki, həmin kanallardan Prezident Administrasiyası, strateji qurumlar və səfirliklər də istifadə edirdi və xidmətlərin dayanması Nuru Əhmədova ciddi təsir göstərmişdi.
“Nuru müəllim haqsızlıq və ədalətsizliklə barışmayanlardan, vuruşanlardan idi”, – deyə Osman Gündüz qeyd edib.
O, Nuru Əhmədovun sözlərinə əsasən, “AzEuroTel”in fəaliyyətə başladığı dövrdən Rabitə Nazirliyinə daxil olan qurumlarla 56 dəfə məhkəmə çəkişməsində olduğunu da xatırladıb.
Osman Gündüz Nuru Əhmədovun internet sektorunda müstəqil ictimai institutlaşmaya verdiyi töhfələrdən də bəhs edib. Onun sözlərinə görə, təxminən 25 il əvvəl internet provayderlərini və digər təşkilatları birləşdirəcək müstəqil qurumun yaradılması təşəbbüsü irəli sürülüb və bu təşəbbüsə ilk dəstək verən şəxslərdən biri Nuru Əhmədov olub. İlk toplantının da “AzEuroTel”də keçirildiyi bildirilib.
Ekspert 2015-ci ildə “Xeberler.az” Texnoloji Portalı üçün Nuru Əhmədovla geniş müsahibə aldığını da qeyd edib. Görüşün onun çox sevdiyi Azərbaycan cazının mərkəzlərindən biri olan Caz Klubunda baş tutduğunu bildirən Osman Gündüz müsahibənin sonradan Nuru Əhmədovun istəyinə uyğun olaraq dərc edilmədiyini vurğulayıb.
Onun sözlərinə görə, arxivdən taparaq yenidən oxuduğu müsahibə Nuru Əhmədovun Azərbaycan texnologiya tarixində keçdiyi çətin və şərəfli inkişaf yolunu əks etdirir.
Osman Gündüz həmçinin Nuru Əhmədovun dövlət tərəfindən də təltif olunduğunu xatırladıb. Belə ki, 2017-ci ildə Prezident İlham Əliyev Nuru Əhmədova Prezidentin fərdi təqaüdünün verilməsi ilə bağlı sərəncam imzalayıb. 2021-ci ildə isə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “AzEuroTel”in 25 illiyi münasibətilə ona xüsusi mükafatlar təqdim edib.
“Onun gördüyü işlər də, çətin dövrlərdə sektorun inkişafı üçün göstərdiyi prinsipiallıq da, insanlara münasibəti və xeyirxahlığı da daim xatırlanacaq”, – deyə Osman Gündüz bildirib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları