“Rəqəmsal ekosistemin inkişafında maliyyə institutlarının rolu” adlı konfrans keçirilib

14-04-2021 / 13:46

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə “RƏQƏMSAL EKOSİSTEMİN İNKİŞAFINDA MALİYYƏ İNSTİTUTLARININ ROLU” mövzusunda onlayn konfrans keçirilib. Konfransda Azərbaycanda rəqəmsal mühitin inkişafında əməkdaşlığın rolu, vahid ekosistemin formalaşmasının əhəmiyyəti, bu istiqamətdə çağırışlar və perspektivlər müzakirə olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı Azərbaycanda rəqəmsal ekosistemin inkişafı istiqamətlərindən, ölkə prezidentinin rəqəmsallaşma siyasətindən və aparılan islahatlardan ətraflı məlumat verib. O qeyd edib ki, rəqəmsallaşmanın kommunikasiya xidmətlərindən istifadə etməklə elektron bankçılıq, səhiyyə və digər sahələrdə əhatə dairəsi genişləndirilir. Onun sözlərinə görə, bu gün ölkədə elektron hökümətdən rəqəmsal hökümətə doğru, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçid həyata keçirilir və bu da iqtisadi-sosial inkişaf üçün vacib məsələdir. V.Qasımlı işğaldan azad edilmiş ərazilərdə rəqəmsal ekosistemin yaradılmasıistiqamətində aparılan tədbirlər barədə də məlumat verib. Dünya trendlərini, statistikaları və proqnozları səsləndirən icraçı direktor rəqəmsallaşmanın qlobal müstəvidə mövcud olan geniş inkişaf potensialında Azərbaycanın da payı olduğunu qeyd edib.

Azərbaycanın Mərkəzi Bankının baş direktoru Fərid Osmanov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Paşa Bankın baş icraçı direktoru Taleh Kazımov da açılış nitqləri ilə bankların rəqəmsallaşması və innovativ həllərin tətbiqinin inkişafa aparan töhfələrindən, ümumilikdə, bank sektorunda mövcud vəziyyət və perspektivlərdən danışıb.

Azərbaycan Rəqəmsal Ticarət Qovşağının (DTH) rəhbəri Məsumə Talıbova Portalın təqdimatını edərək istifadəçilərə təqdim olunan elektron xidmətlərdən, həmçinin Portalın yerli və beynəlxalq əməkdaşlıqlarının rəqəmsal ekosistemin inkişafına müsbət təsirindən danışıb.

Həmçinin, tədbirdə DTH-ın və Mərkəzi Bankın “Bank Market” platformasına inteqrasiyası və yeni funksionalın təqdimatı da nümayiş edilib. DTH vasitəsilə ilk dəfə olaraq məsafədən bank hesabı açan Portalın m-rezidenti Koral Türkkan da xaricdə yaşamasına baxmayaraq Azərbaycanda mövcud olan biznesini Portal vasitəsilə çox rahat şəkildə idarə edə bildiyini və təqdim olunan xidmətlərin bu istiqamətdə çox faydalı olduğunu qeyd edib. O, həmçinin yeni funksionalın da çox geniş imkanlar yaratdığını vurğulayıb. Xüsusilə “Marketplace” formatında olan və geniş bank seçimləri təqdim edən bu funksional istifadəçinin öz ölkəsində filialı olan bir bank seçməsi üçün çox rahat imkan təqdim edib.

Tədbirin ikinci hissəsi maliyyə institutlarının iştirakçılarının sektorun cari vəziyyəti, çağırış və perspektivləri barədə məlumat xarakterli çıxışları ilə davam edib. Sonda isə 100 nəfərin də iştirak etdiyi interaktiv sual cavab sessiyası baş tutub. Bank sektorunun rəqəmsallaşması və rəqəmsal həllərdən istifadə ilə bağlı suallar cavablandırılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə