Akademik: "Ölkənin rəqəmsal inkişafı süni intellekt mərhələsinə qədəm qoyur"

09-04-2026 / 18:23

Müasir dövrdə rəqəmsal texnologiyaların, xüsusilə süni intellektin sürətli inkişafı dövlət idarəçiliyindən başlayaraq iqtisadiyyatın bütün sahələrində yeni imkanlar və yanaşmalar formalaşdırır. Dünyanın aparıcı ölkələri artıq idarəetmə sistemlərində süni intellekt əsaslı qərar dəstək mexanizmlərindən istifadə etməyə başlayıb və bu tendensiya qlobal rəqəmsal transformasiyanın əsas istiqamətlərindən birinə çevrilib.

Azərbaycan da bu prosesdən kənarda qalmır. Ölkəmizdə rəqəmsal transformasiyanın sürətləndirilməsi, innovativ texnologiyaların tətbiqi və milli süni intellekt ekosisteminin formalaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin "Azərbaycanın yeni rəqəmsal arxitekturası"na həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər də göstərir ki, gələcəyin idarəetmə modeli artıq yüksək texnologiyalar və intellektual sistemlər üzərində qurulur.

Xeberler.az bildirir ki, Azərbaycanda bu sahədəki vəziyyət barədə AMEA-nın vitse-prezidenti,  Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev "Azərbaycan" qəzetinə  müsahibə verib. Alim müsahibəsində Azərbaycanın yeni rəqəmsal arxitekturasının yaradılması, bu istiqamətdə qarşıya qoyulan vəzifələr, problemlər və perspektivlər, eləcə də ölkəmizdə süni intellekt və rəqəmsallaşma sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açıb.  

- Rasim müəllim, dövlətimizin başçısı Azərbaycanın yeni rəqəmsal arxitekturasının yaradılması ilə bağlı müvafiq dövlət qurumları, həmçinin elmi müəssisə və təşkilatların qarşısına da mühüm vəzifələr qoymuşdur. Sizcə, bu təşəbbüs ölkəmizin rəqəmsal inkişafı baxımından hansı strateji məqsədlərə xidmət edir və əsas gözləntilər nədən ibarətdir?

- Bildiyiniz kimi, son 20 il ərzində ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) cəmiyyətin və dövlət həyatının müxtəlif sahələrində geniş tətbiqi ilə bağlı ardıcıl işlər həyata keçirilmiş, rəqəmsal cəmiyyətin formalaşması istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. Ölkənin telekommunikasiya infrastrukturu əsaslı şəkildə yenidən qurulmuş, həm stasionar, həm də mobil rabitə şəbəkələri təkmilləşdirilmiş və ən son texnologiyalarla təmin olunmuşdur.

Bu gün ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən rəqəmsal inkişaf, süni intellekt və kibertəhlükəsizlik sahələri dövlət siyasətinin strateji prioritetləri səviyyəsinə yüksəldilmiş, müxtəlif fərman və sərəncamlar, dövlət proqramları və strategiyalar qəbul olunmuşdur. Qürurla qeyd etmək lazımdır ki, artıq Azərbaycanda yüksək göstəricilərə malik rəqəmsal platforma formalaşmaqdadır və bu istiqamətdə əldə olunan nəticələr beynəlxalq səviyyədə müxtəlif qurumlar tərəfindən yüksək qiymətləndirilir.

Lakin qeyd olunan bütün nailiyyətlərə baxmayaraq, ölkə daxilində bu istiqamətdə ayrı-ayrı dövlət qurumları, eləcə də biznes və vətəndaş cəmiyyəti sektorları subyektlərinin fəaliyyətində vahid arxitektur yanaşma və həyata keçirilən İKT layihələrinin koordinasiyası yetərli səviyyədə deyil, bu sahədə hələ də müəyyən pərakəndəlik, qeyri-harmonik inkişaf müşahidə olunmaqdadır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni rəqəmsal arxitekturasının formalaşdırılmasının əsas məqsədi məhz uzun illər ərzində yaranmış müxtəlif xarakterli rəqəmsal fərqlərin aradan qaldırılması, sinxron və harmonik fəaliyyətin təmin edilməsi, nəticə etibarilə virtual məkanda dövlətin kibertəhlükəsizliyinin təmin olunması və kibersuverenliyin dayaqlarının möhkəmləndirilməsidir. Rəqəmsal arxitekturanın əsas strateji hədəflərindən biri də dövlət maraqları çərçivəsində inteqrasiya olunmuş rəqəmsal mühitin qurulması, vahid milli data ekosisteminin, etibarlı şəbəkə-kommunikasiya infrastrukturunun yaradılması və idarəetmənin səmərəliliyi kimi kompleks məsələlərin həll edilməsidir.

Məlumdur ki, artıq Azərbaycan əşyaların interneti və big data erasına qədəm qoymuşdur. Bu kimi qabaqcıl texnologiyaların tətbiqi və inkişafı üçün isə böyükhəcmli, etibarlı məlumat bazaları və rəqəmsal platformalar tələb olunur. Eyni zamanda ölkənin beynəlxalq internet əlaqələrinin şaxələndirilməsi və qlobal informasiya mühitinə çıxış imkanlarının gücləndirilməsi də vacib istiqamətlərdən hesab edilir.

Qeyd etmək lazımdır ki, bu gün ayrı-ayrı dövlət qurumlarında və biznes sektorunda fəaliyyət göstərən şirkətlərdə vətəndaşların şəxsi həyatı ilə bağlı müxtəlif təyinatlı məlumat bazaları, mühüm əhəmiyyət kəsb edən informasiya resursları formalaşır. Buna görə də böyükhəcmli məlumatların həm toplanılması və saxlanılması, həm də emalı və ötürülməsi üçün müvafiq texnoloji mühitin formalaşdırılması əsas vəzifələrdən biridir. Həmin ilkin verilənlərdən, məlumatlardan keyfiyyətli biliklərin əldə olunması dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, süni intellekt texnologiyalarının geniş tətbiqinə, sosial-iqtisadi inkişafın sürətləndirilməsinə, həmçinin güvənli milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılmasına xidmət edəcəkdir.

Digər mühüm məsələ isə ondan ibarətdir ki, hazırda ölkəmizdə bir sıra dövlət qurumları özlərinə məxsus korporativ data mərkəzlərini formalaşdırır. Bu mərkəzlərdə toplanan məlumatların emalı üçün yüksək hesablama gücünə malik resurslar, bulud texnologiyaları, o cümlədən superkompüterlər tələb olunur ki, hər bir qurumun da bu imkanlara malik olması əksər hallarda mümkün olmur. Bundan başqa, data mərkəzlərinin yaradılması və dayanıqlı fəaliyyəti böyük maliyyə, enerji və insan resursları tələb edir. Ona görə də ölkə üzrə generasiya olunan və toplanan məlumatların yadda saxlanılması, ümummilli maraqlar naminə vahid ekosistemə inteqrasiyası və onların səmərəli idarə olunması üçün yüksəkixtisaslı kadrların yetişdirilməsi son dərəcə vacibdir. 

Bundan başqa, son zamanlar dövlət başçısının rəhbərliyi altında alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilir, bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Bir vacib məqamı da qeyd etmək lazımdır ki, rəqəmsal dövlətin, ümumiyyətlə, informasiya cəmiyyətinin  ən vacib və ən həssas, kritik dayaqlarından biri də enerji təhlükəsizliyi ilə bağlıdır. Bu səbəbdən son zamanlar müasir texnoloji çağırışlar enerji təhlükəsizliyi məsələsinə tamamilə fərqli bir yanaşmanı aktuallaşdırmışdır. Rəqəmsal dövlət mahiyyət etibarilə bütövlükdə müxtəlif təyinatlı kompüterlərin, telekommunikasiya qurğularının, şəbəkə sistemlərinin əsasında qurulan mürəkkəb bir texnoloji infrastruktur olduğuna görə, elektrik enerjisi təminatı kəsilərsə, onun fəaliyyəti də faktiki olaraq dayanmış olur. Ölkəmizdə qlobal çağırışlar kontekstində formalaşmaqda olan enerji təhlükəsizliyi sahəsində irəli sürülən yeni yanaşmaların və həyata keçirilən innovativ layihələrin əsas arxitektur tələblərindən biri də rəqəmsal dövlətin elektrik enerjisi ilə dayanıqlı və fasiləsiz şəkildə təmin olunmasıdır. 

Beləliklə, qeyd olunan kompleks tədbirlərin həyata keçirilməsi dövlət başçısı tərəfindən müəyyən edilmiş strateji vəzifələrin icrasını təmin etməklə yanaşı, eyni zamanda dövlətin rəqəmsal suverenliyinin möhkəmləndirilməsinə, kibertəhlükəsizliyinin yüksək səviyyədə qorunmasına və rəqəmsal dövlətin formalaşdırılması üçün etibarlı institusional zəminin yaradılmasına imkan verir, nəticə etibarilə cəmiyyətimizin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyur. Əlbəttə ki, rəqəmsal dövlətin formalaşması, istismarı və inkişafı proseslərində elmi cəhətdən əsaslandırılmış arxitektur tələblər yerinə yetirilərsə, dövlətin dayanıqlı fəaliyyətinin və kibersuverenliyinin yüksək səviyyədə təmin olunmasına güvənlik yaranar. 

- Məlumdur ki, dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının sədri təyin edilmişdir. Belə bir şuranın yaradılması hansı zərurətdən meydana çıxmışdır və ölkənin rəqəmsal inkişaf strategiyasının həyata keçirilməsi üçün hansı yeni imkan və perspektivləri vəd edir?  

- Qeyd etdiyim kimi, Prezident İlham Əliyev tərəfindən müvafiq dövlət qurumları, eləcə də elmi müəssisə və təşkilatların, ali məktəblərin  qarşısında ölkəmizdə rəqəmsal dövlətin formalaşdırılması, süni intellekt texnologiyalarının tətbiqi və inkişafı istiqamətində genişmiqyaslı və təxirəsalınmaz elmi tutumlu kompleks vəzifələr müəyyənləşdirilmişdir. Ayrı-ayrı dövlət qurumlarının sərəncamında olan informasiya resurslarının qarşılıqlı inteqrasiyasının təmin edilməsi, zəruri hallarda mərkəzləşdirilməsi, vahid texnoloji siyasətin həyata keçirilməsi və ölkə səviyyəsində rəqəmsal mühitin texnoloji suverenliyinin təmin olunması ilə bağlı ciddi tapşırıqlar verilmişdir. 

Eyni zamanda dövlət başçısı tərəfindən cari ilin fevral ayında "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün fəaliyyət planı" təsdiqlənmişdir. Fəaliyyət planı çərçivəsində qarşıya qoyulan geniş və çoxşaxəli vəzifələrin icrası əsas etibarilə vahid koordinasiya və effektiv idarəetmə, müxtəlif aspektlər üzrə rəqəmsal fərqlərin ölçülməsi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsini, o cümlədən müəyyən olunmuş cari boşluqların və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq qərarların qəbul edilməsini və zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. 

Bundan başqa, Prezidentin "Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərmanı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şuranın sədri təyin edilməsi mühüm məsələlərdəndir. 

Şuranın yaradılmasında əsas məqsəd dayanıqlı və təhlükəsiz rəqəmsal dövlət infrastrukturunun formalaşdırılması, yüksək keyfiyyətə malik vahid rəqəmsal platformanın yaradılması və cəmiyyətin bütün sektorları - dövlət, biznes və vətəndaş cəmiyyəti üzrə seqmentlərinin fəaliyyətinin harmonik inkişafının təmin olunmasıdır. Bütün bu mürəkkəb sosio-texnoloji proseslərin təşkili və idarə olunmasının təmin edilməsi, dinamikasının mütəmadi izlənilməsi və obyektiv şəkildə qiymətləndirilməsi ilə bağlı ayrı-ayrı dövlət qurumları ilə yanaşı, elm və ali təhsil müəssisələrinin, alim və mütəxəssislərin də qarşısına ciddi vəzifələr qoyulmuşdur. Əlbəttə ki, Rəqəmsal İnkişaf Şurası bütün bu proseslərin əlaqələndirilməsi və ölkədə rəqəmsal inkişafın daha sistemli və sürətli şəkildə həyata keçirilməsi üçün mühüm institusional siyasi idarəetmə platforması kimi çıxış edir.

Artıq müşahidələr göstərir ki, hazırda bütün aidiyyəti dövlət qurumları ölkəmizdə ən prioritet istiqamətlərdən olan rəqəmsal transformasiya, süni intellekt və kibertəhlükəsizlik məsələləri, həmçinin cəmiyyətin rəqəmsal savadlılığının artırılması prosesinə fəal şəkildə cəlb olunmuşlar. Fikrimcə, nəzərdə tutulan müddət ərzində rəqəmsallaşma sahəsində həyata keçiriləcək kompleks tədbirlər dövlətimizin və cəmiyyətimizin inkişafında böyük rol oynayacaq, rəqəmsal dövlətin funksional və intellektual imkanlarının yüksəldilməsinə, nəticə etibarilə həm də onun kiberimmunitetinin gücləndirilməsinə mühüm töhfə verəcəkdir.

- Rasim müəllim, ölkəmizdə rəqəmsallaşma sahəsində qarşıya qoyulan strateji vəzifələrin həyata keçirilməsi üçün yüksəkixtisaslı kadrların, peşəkar insan resurslarının yetişdirilməsi istiqamətində hansı tədbirlərin görülməsini zəruri hesab edirsiniz? 

- Əlbəttə ki, yuxarıda qeyd etdiyim strateji vəzifələrin icrası beynəlxalq tələblərə cavab verən, innovativ təfəkkürlü, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını zəruri edir. Qeyd etmək lazımdır ki, artıq dövlət başçısının tapşırığı ilə rəqəmsal dövlətin kadr bazasını formalaşdırmaq və davamlı dəstəkləmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilir, beynəlxalq təcrübəyə istinad edərək bütün ali təhsil müəssisələrində mövcud olan ixtisaslara, tədrisin məzmununa yenidən baxılır, müəyyən qiymətləndirmələr aparılır. Həmçinin rəqəmsal transformasiyanın yaratdığı zərurət nəzərə alınaraq yeni ixtisaslar daxil edilir.

Məlumdur ki, rəqəmsal dövlətin qurulması dövlətin konstitusion vəzifələrinin icrasında rəqəmsallaşmanın geniş tətbiqini zəruri edir. Hazırda rəqəmsal dövlət infrastrukturunda, cəmiyyətin müxtəlif sektorlarında, hakimiyyətin bütün qollarına aid qurumlarda fəaliyyət göstərən mütəxəssislərin İKT biliklərinin  attestasiyası, fasiləsiz təhsil mexanizminin formalaşdırılması, peşə biliklərinin qiymətləndirilməsi və sertifikatlaşdırılması dövrün tələbinə çevrilir. 

Artıq ölkəmizin ali təhsil müəssisələrində əmək bazarında bəzi ixtisaslara tələbatın kəskin azalması və yeni reallıqlar nəzərə alınaraq onların aktuallığı yenidən dəyərləndirilir. Digər tərəfdən, cəmiyyətin müxtəlif fəaliyyət sferalarına aid mövcud ixtisasların qlobal çağırışların tələblərinə uyğunlaşdırılması və təkmilləşdirilməsi prosesi həyata keçirilir. Bilavasitə kompüter elmləri ilə bağlı olmayan digər ixtisasların da İKT reallıqlarına, süni intellektin tələblərinə uyğunlaşdırılması istiqamətində məqsədyönlü  addımlar atılır.

Xüsusilə vurğulamaq istərdim ki, son zamanlar sürətlə inkişaf edən rəqəmsal, o cümlədən süni intellekt texnologiyaları proqram mühəndisliyi, rəqəmsal dövlət, kompüter mühəndisliyi, data analitikası, data mühəndisliyi, kibertəhlükəsizlik, informasiya hüququ, rəqəmsal kriminalistika və s. kimi ixtisaslar üzrə peşəkar kadrlara tələbatı daha da artırmışdır.  Artıq ölkəmizdə rəqəmsal arxitektorlar, rəqəmsal menecerlər, sistem mühəndisləri, rəqəmsal hüquqşünaslar kimi yeni peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir. 

Digər tərəfdən, məlumdur ki, dövlət başçısı tərəfindən  2022-ci ildə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir. Həmin proqram üzrə ixtisaslar əsas etibarilə rəqəmsal texnologiyalar, süni intellekt və digər əlaqəli ixtisasları əhatə edir. Azərbaycanlı gənclərin dünyanın aparıcı universitetlərində təhsil alması və sonra ölkəmizə qayıdaraq fəaliyyət göstərməsi bu sahədə kadr potensialının inkişaf etdirilməsinə verilən önəmin, diqqətin göstəricisidir.

Bununla yanaşı, kadr hazırlığı sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində də real addımlar atılır, ali təhsilin məzmunu yenilənir, tədris materialları və dərsliklər müasir tələblərə uyğun şəkildə təkmilləşdirilir. 

Qeyd etmək lazımdır ki, rəqəmsal dövlət quruculuğu prosesində cəmiyyətin və dövlətin bütün sferaları üzrə kadr hazırlığı yalnız ali təhsil sistemi ilə məhdudlaşmamalı, eyni zamanda müxtəlif təşəbbüslər və layihələr çərçivəsində, biznes və vətəndaş cəmiyyəti sektorlarında da fasiləsiz təhsil, müasir bilik və bacarıqların tədrisi, kadrların yenidən hazırlanması istiqamətində sistemli və davamlı tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac vardır. 

- Sizcə, Azərbaycanda rəqəmsallaşma prosesinin sürətlənməsi və süni intellektin inkişafı kontekstində cəmiyyətin rəqəmsal savadlılığı hansı bilik və bacarıqları, yeni kompetensiyaları əhatə etməlidir?

- Şübhəsiz ki, bu istiqamətdə qarşımızda duran ən mühüm vəzifələrdən biri də cəmiyyətin yeni rəqəmsal reallıqlara hazırlanması prosesini sistemli və davamlı şəkildə həyata keçirməkdir. 

Müasir dövrdə cəmiyyətin hər bir fərdinin rəqəmsal xidmətlərdən istifadə qabiliyyətinə və bacarığına malik olması vacib məsələlərdən birinə çevrilmişdir. Çünki rəqəmsal dövlət konsepsiyası həm də rəqəmsal vətəndaşın formalaşdırılmasını şərtləndirir. Rəqəmsal transformasiyanın effektivliyi isə vətəndaşların müvafiq bilik, bacarıq və kompetensiyalara nail olmasından asılıdır. Ona görə də dövlət tərəfindən bu məsələnin strateji əhəmiyyəti nəzərə alınaraq ardıcıl zəruri tədbirlər həyata keçirilir, rəqəmsal bilik və bacarıqların formalaşdırılması istiqamətində həm orta, həm də ali təhsil sistemində müxtəlif səviyyələrdə müvafiq tədris mexanizmləri tətbiq olunur.

Onu da qeyd etmək lazımdır ki, müasir mərhələdə cəmiyyətdə yeni rəqəmsal bilik və bacarıqların formalaşması prosesi daha da sürətlənmişdir. Xüsusilə süni intellekt texnologiyalarının inkişafı fonunda onların imkanları və üstünlükləri ilə yanaşı, potensial riskləri - deepfake kimi texnologiyaların yayılması, çox müxtəlif kibertəhlükələrin həm beynəlxalq, həm də milli səviyyədə yaratdığı çağırışlar aktuallaşmışdır.

Digər tərəfdən, fiziki məhdudiyyətli şəxslərin, həssas əhali qruplarının cəmiyyətə inteqrasiyası, onların əmək bazarında iştirakının təmin edilməsi və rəqəmsal mühitdə dəyər yaratma imkanlarının genişləndirilməsi inklüziv cəmiyyətin inkişafı baxımından mühüm aktuallıq kəsb edir. Müasir dövrdə hər bir fərd real məkanda olduğu kimi, virtual məkanda da fəaliyyətini qanuni normalar və tələblər çərçivəsində həyata keçirməli, yalnız texnoloji savadlılıq deyil, eyni zamanda rəqəmsal etika, hüquq və mədəniyyətə dair baza biliklərinə və davranış qaydalarına yiyələnməlidir.

Bu baxımdan bütün sosial təbəqələr və qruplar üzrə fasiləsiz öyrənmə, yeni biliklərin əldə olunması, qabaqcıl texnologiyalardan təhlükəsiz istifadə bacarıqlarının inkişaf etdirilməsi son dərəcə vacibdir. Rəqəmsal dövlət mühiti isə yaşından və sosial statusundan asılı olmayaraq bütün vətəndaşlar üçün əlçatan və inklüziv olmalı, onların fərdi maraqlarına xidmət etməklə yanaşı, ümumilikdə, cəmiyyətin dayanıqlı inkişafına töhfə verməlidir.

Cəmiyyətin rəqəmsal savadlılığının təmin olunması prosesi yalnız dövlət qurumlarının deyil, eyni zamanda hər bir fərdin, biznes sektoru, vətəndaş cəmiyyəti institutlarının fəal iştirakını tələb edir. Hər bir vətəndaş bu reallıq kontekstində dərk edərək həm öz üzərində davamlı işləməli, həm də ailə üzvlərinin rəqəmsal inkişafını təşviq etməlidir. 

Fikrimcə, rəqəmsal cəmiyyətin institusional əsaslarının gücləndirilməsi məqsədilə vətəndaşların bilik və bacarıq səviyyəsini qiymətləndirməyə imkan verən müvafiq sertifikasiya və ya "rəqəmsal vətəndaş pasportu" mexanizmlərinin tətbiqi də zəruri hesab oluna bilər. 

Bundan başqa, media resurslarından səmərəli istifadə etməklə rəqəmsal savadlılığın artırılmasına yönəlmiş maarifləndirmə və təbliğat işlərinin daha sistemli, məqsədyönlü və genişmiqyaslı şəkildə həyata keçirilməsi də mühüm əhəmiyyət kəsb edir.

Qeyd etmək lazımdır ki, dövlət başçısı həm orta məktəblərdə, həm də ali təhsil müəssisələrində rəqəmsal və süni intellekt biliklərinin icbari qaydada tədrisi ilə bağlı ciddi tapşırıqlar vermişdir ki, bu da ölkəmizin təhsil siyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu uzaqgörən yanaşma gələcək nəslin həm yeni texnologiyaların imkanları, həm də yaratdığı risklər və təhlükələr barədə sistemli biliklərə yiyələnməsini təmin etməyə yönəlmişdir.

Nəticə etibarilə artıq orta təhsil səviyyəsindən başlayaraq formalaşan bu bilik bazası yeni nəslin yüksək kompetensiyalara malik rəqəmsal vətəndaş kimi yetişməsinə xidmət edəcəkdir. Rəqəmsal vətəndaşlar isə innovativ texnologiyaların aparıcı qüvvəsinə çevrilərək cəmiyyətin davamlı intellektual inkişafını sürətləndirəcəklər.

- Rasim müəllim, rəqəmsallaşma fonunda artan kibertəhlükələr ölkəmiz üçün nə kimi problemlər və risklər yaradır? Bu istiqamətdə fəaliyyətin gücləndirilməsi üçün hansı strateji addımların atılmasını məqsədəuyğun hesab edirsiniz?

- Rəqəmsallaşma proseslərinin dərinləşməsi ilə paralel olaraq, çox təəssüflər olsun ki, kibertəhlükələr və risklər də qlobal miqyasda sistemli, mürəkkəb və çoxşaxəli xarakter alır. Təbii ki, bu proses Azərbaycandan da yan keçmir. Cəmiyyət həyatının idarəetmə, bank, maliyyə, kommunikasiya, təhsil və sosial münasibətlər kimi əsas sahələrinin getdikcə daha çox rəqəmsal platformalara inteqrasiya olunması yeni imkanlar yaratmaqla yanaşı, müəyyən riskləri də aktuallaşdırır. Bu risklər və təhlükələr təkcə texnoloji deyil, eyni zamanda hüquqi, siyasi-ideoloji, institusional və sosial-iqtisadi baxımdan narahatlıqlar doğuran çağırışlardır.

Vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi, şərəf və ləyaqətlərinə yönəlmiş kiberhücumlar, bank kartları və maliyyə sistemlərinə müdaxilələr və s. cəmiyyət üçün ciddi narahatlıq doğuran məsələlərdir. Bu nöqteyi-nəzərdən əsas hədəf rəqəmsallaşmanın üstünlüklərindən və imkanlarından maksimum yararlanmaq, eyni zamanda onun yaratdığı riskləri nəzarətdə saxlamaqdır.

Hal-hazırda formalaşmaqda olan rəqəmsal dövlət bir tərəfdən milli dövlətçiliyimizin ayrılmaz tərkib hissəsi, digər tərəfdən isə qlobal virtual mühitin bir seqmenti kimi çıxış edir. Bu səbəbdən rəqəmsal dövlətin dayanıqlığı yalnız ölkədaxili kibertəhlükəsizlik tədbirləri ilə deyil, həm də beynəlxalq kibermühitdə baş verən proseslərin düzgün qiymətləndirilməsi və bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsi ilə təmin olunmalıdır. Məhz bu yanaşmanın nəticəsi olaraq ölkə rəhbərliyi tərəfindən davamlı şəkildə strateji qərarlar qəbul edilir, normativ-hüquqi baza formalaşdırılır və inkişaf etdirilir. Belə ki, Prezident İlham Əliyev tərəfindən 28 avqust 2023-cü il tarixli sərəncamla "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası" təsdiq edilmişdir. Bu sənəd rəqəmsal dövlətin təhlükəsizliyinin təmin olunması baxımından konseptual çərçivə rolunu oynayır.

Hazırda ölkəmizdə müvafiq dövlət qurumlarının sıx qarşılıqlı fəaliyyəti əsasında mərkəzləşdirilmiş koordinasiya və vahid prinsiplərlə idarə olunan milli kibertəhlükəsizlik ekosistemi formalaşdırılmaqdadır. Bu ekosistem yalnız baş vermiş kiberinsidentlərə operativ reaksiya mexanizmlərini deyil, eyni zamanda bu insidentlərlə əlaqəli məlumatların sistemli şəkildə toplanmasını, dərin və hərtərəfli intellektual təhlilini, potensial risklərin öncədən müəyyənləşdirilməsini, rəqəmsal mühitdə və obyektlərdə boşluqların aşkarlanaraq aradan qaldırılması üçün tövsiyələrin hazırlanmasını nəzərdə tutur. Bu çərçivədə fərdi məlumatların etibarlı mühafizəsi, uşaqların zərərli və təhlükəli rəqəmsal məzmun və təsirlərdən qorunması prioritet vəzifələr kimi xüsusi diqqət mərkəzində saxlanılır.

Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də dövlət qurumlarının rəqəmsal platformada fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin olunmasıdır. Xüsusən də bank-maliyyə sistemlərinin, kritik informasiya infrastrukturlarının, strateji əhəmiyyətli informasiya resurslarının qorunması bu baxımdan prioritet məsələdir. Ayrı-ayrı qurumların kibertəhlükəsizlik vəziyyətinin mütəmadi olaraq kompleks qiymətləndirilməsi, ölkə üzrə kibertəhlükəsizlik vəziyyətinin davamlı monitorinqinin aparılması və qabaqlayıcı tədbirlərin görülməsi xüsusi əhəmiyyət daşıyır.

Nəzərə almaq lazımdır ki, cəmiyyətin və dövlətin kompleks təhlükəsizliyi kontekstində iqtisadi, enerji, ekoloji və s. sferaların təhlükəsizliyi kimi sektorlar da sürətlə rəqəmsallaşır və onlayn platformalara inteqrasiya olunur. Bu kontekstdə əsas məqsəd yalnız kibertəhdidlərə cavab vermək deyil, həm də rəqəmsal dövlətin ifrat mürəkkəb sosio-texnoloji infrastrukturunun kiberdayanıqlığını, həmçinin fövqəladə hallarda belə etibarlı və dayanıqlı fəaliyyət qabiliyyətini artırmaqdır. Xüsusilə son zamanlar əşyaların interneti texnologiyalarına əsaslanan kiberfiziki sistemlərin nəqliyyat, sənaye, enerji və digər kritik infrastrukturlarda geniş tətbiqi real məkanda baş verən müxtəlif təbiətli və mənşəli təhlükələrin də rəqəmsal mühitə təsir imkanlarını artırır. Bu isə kibertəhlükəsizliklə yanaşı, digər növ təhlükəsizlik mexanizmlərinin də inteqrasiya olunmuş şəkildə işlənib hazırlanmasını tələb edir. 

Bu kontekstdə milli kibertəhlükəsizlik ekosisteminin effektivliyinin artırılması  onun beynəlxalq əməkdaşlıq və koordinasiya münasibətlərinin gücləndirilməsini zəruri edir. Çünki kibertəhlükələr əksər hallarda bir ölkənin sərhədləri ilə məhdudlaşmır. Digər tərəfdən, strateji informasiya resurslarının fövqəladə hallarda həm ölkə daxilində, həm də kənarda data mərkəzlərdə etibarlı saxlanılması rəqəmsal dövlətin kiberdayanıqlığını artırır.     

- Rasim müəllim, rəqəmsallaşma fonunda artan kibertəhlükələr ölkəmiz üçün nə kimi problemlər və risklər yaradır? Bu istiqamətdə fəaliyyətin gücləndirilməsi üçün hansı strateji addımların atılmasını məqsədəuyğun hesab edirsiniz?

- Rəqəmsallaşma proseslərinin dərinləşməsi ilə paralel olaraq, çox təəssüflər olsun ki, kibertəhlükələr və risklər də qlobal miqyasda sistemli, mürəkkəb və çoxşaxəli xarakter alır. Təbii ki, bu proses Azərbaycandan da yan keçmir. Cəmiyyət həyatının idarəetmə, bank, maliyyə, kommunikasiya, təhsil və sosial münasibətlər kimi əsas sahələrinin getdikcə daha çox rəqəmsal platformalara inteqrasiya olunması yeni imkanlar yaratmaqla yanaşı, müəyyən riskləri də aktuallaşdırır. Bu risklər və təhlükələr təkcə texnoloji deyil, eyni zamanda hüquqi, siyasi-ideoloji, institusional və sosial-iqtisadi baxımdan narahatlıqlar doğuran çağırışlardır.

Vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi, şərəf və ləyaqətlərinə yönəlmiş kiberhücumlar, bank kartları və maliyyə sistemlərinə müdaxilələr və s. cəmiyyət üçün ciddi narahatlıq doğuran məsələlərdir. Bu nöqteyi-nəzərdən əsas hədəf rəqəmsallaşmanın üstünlüklərindən və imkanlarından maksimum yararlanmaq, eyni zamanda onun yaratdığı riskləri nəzarətdə saxlamaqdır.

Hal-hazırda formalaşmaqda olan rəqəmsal dövlət bir tərəfdən milli dövlətçiliyimizin ayrılmaz tərkib hissəsi, digər tərəfdən isə qlobal virtual mühitin bir seqmenti kimi çıxış edir. Bu səbəbdən, rəqəmsal dövlətin dayanıqlığı yalnız ölkədaxili kibertəhlükəsizlik tədbirləri ilə deyil, həm də beynəlxalq kibermühitdə baş verən proseslərin düzgün qiymətləndirilməsi və bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsi ilə təmin olunmalıdır. Məhz bu yanaşmanın nəticəsi olaraq ölkə rəhbərliyi tərəfindən davamlı şəkildə strateji qərarlar qəbul edilir, normativ-hüquqi baza formalaşdırılır və inkişaf etdirilir. Belə ki, Prezident İlham Əliyev tərəfindən 28 avqust 2023-cü il tarixli sərəncamla "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası" təsdiq edilmişdir. Bu sənəd rəqəmsal dövlətin təhlükəsizliyinin təmin olunması baxımından konseptual çərçivə rolunu oynayır.

Hazırda ölkəmizdə müvafiq dövlət qurumlarının sıx qarşılıqlı fəaliyyəti əsasında mərkəzləşdirilmiş koordinasiya və vahid prinsiplərlə idarə olunan milli kibertəhlükəsizlik ekosistemi formalaşdırılmaqdadır. Bu ekosistem yalnız baş vermiş kiberinsidentlərə operativ reaksiya mexanizmlərini deyil, eyni zamanda bu insidentlərlə əlaqəli məlumatların sistemli şəkildə toplanmasını, dərin və hərtərəfli intellektual təhlilini, potensial risklərin öncədən müəyyənləşdirilməsini, rəqəmsal mühitdə və obyektlərdə boşluqların aşkarlanaraq aradan qaldırılması üçün tövsiyələrin hazırlanmasını nəzərdə tutur. Bu çərçivədə fərdi məlumatların etibarlı mühafizəsi, uşaqların zərərli və təhlükəli rəqəmsal məzmun və təsirlərdən qorunması prioritet vəzifələr kimi xüsusi diqqət mərkəzində saxlanılır.

Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də dövlət qurumlarının rəqəmsal platformada fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin olunmasıdır. Xüsusən də bank-maliyyə sistemlərinin, kritik informasiya infrastrukturlarının, strateji əhəmiyyətli informasiya resurslarının qorunması bu baxımdan prioritet məsələdir. Ayrı-ayrı qurumların kibertəhlükəsizlik vəziyyətinin mütəmadi olaraq kompleks qiymətləndirilməsi, ölkə üzrə kibertəhlükəsizlik vəziyyətinin davamlı monitorinqinin aparılması və qabaqlayıcı tədbirlərin görülməsi xüsusi əhəmiyyət daşıyır.

Nəzərə almaq lazımdır ki, cəmiyyətin və dövlətin kompleks təhlükəsizliyi kontekstində iqtisadi, enerji, ekoloji və s. sferaların təhlükəsizliyi kimi sektorlar da sürətlə rəqəmsallaşır və onlayn platformalara inteqrasiya olunur. Bu kontekstdə əsas məqsəd yalnız kibertəhdidlərə cavab vermək deyil, həm də rəqəmsal dövlətin ifrat mürəkkəb sosio-texnoloji infrastrukturunun kiberdayanıqlığını, həmçinin fövqəladə hallarda belə etibarlı və dayanıqlı fəaliyyət qabiliyyətini artırmaqdır. Xüsusilə, son zamanlar Əşyaların İnterneti texnologiyalarına əsaslanan kiberfiziki sistemlərin nəqliyyat, sənaye, enerji və digər kritik infrastrukturlarda geniş tətbiqi real məkanda baş verən müxtəlif təbiətli və mənşəli təhlükələrin də rəqəmsal mühitə təsir imkanlarını artırır. Bu isə kibertəhlükəsizliklə yanaşı, digər növ təhlükəsizlik mexanizmlərinin də inteqrasiya olunmuş şəkildə işlənib hazırlanmasını tələb edir. 

Bu kontekstdə milli kibertəhlükəsizlik ekosisteminin effektivliyinin artırılması üçün onun beynəlxalq əməkdaşlıq və koordinasiya münasibətlərinin gücləndirilməsini zəruri edir. Çünki kibertəhlükələr əksər hallarda bir ölkənin sərhədləri ilə məhdudlaşmır. Digər tərəfdən, strateji informasiya resurslarının fövqəladə hallarda həm ölkə daxilində, həm də kənarda data mərkəzlərdə etibarlı saxlanılması rəqəmsal dövlətin kiberdayanıqlığını artırır.

- Azərbaycanda rəqəmsal transformasiya sahəsində həyata keçirilən dövlət siyasəti milli süni intellekt ekosisteminin formalaşmasında hansı institusional dəyişikliklərə səbəb olub? Bu çərçivədə elm, biznes və dövlət əməkdaşlığını, yerli süni intellekt təşəbbüslərinin qlobal bazar perspektivlərini necə dəyərləndirirsiniz?

- Bu gün müşahidə olunan reallıqlar ondan ibarətdir ki, süni intellekt texnologiyaları sürətlə inkişaf edir, ənənəvi olaraq insan təfəkkürünə xas olan qavrama, qərar qəbuletmə, seçim etmə, proqnozlaşdırma, təhlil etmə kimi funksiyaları icra etmək imkanlarına nail olur. Təbii ki, bu proses dövlət, cəmiyyət və biznes strukturları üçün böyük imkanlar yaratmaqla yanaşı, müəyyən risklər, təhlükələr də yaradır. Məhz buna görə ölkəmizdə uzun müddətdir həyata keçirilən rəqəmsal transformasiyanın yeni mərhələsi kimi süni intellektin inkişafına strateji yanaşmanın formalaşdırılması xüsusi aktuallıq kəsb edir.

Prezident İlham Əliyev tərəfindən 19 mart 2025-ci il tarixli sərəncamla təsdiq edilən "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası" bu sahədə institusional çərçivəni müəyyənləşdirən əsas siyasi sənəddir. Strategiyada süni intellektin dövlət idarəçiliyində, iqtisadiyyatın müxtəlif sektorlarında və sosial sahələrdə tətbiqinin genişləndirilməsi, eləcə də bu istiqamətdə institusional vəzifələrin icrası nəzərdə tutulur. 

Dövlət başçısı tərəfindən xüsusilə dövlət orqanlarında avtonom süni intellekt agentlərin tətbiqi ilə bağlı verilən tapşırıqlar idarəetmədə səmərəliliyin artırılmasına yönəlmiş mühüm addımdır. Bu qurumlarda toplanan böyükhəcmli verilənlərin intellektual analizinin aparılması, qərar qəbuletməni dəstəkləyən əhəmiyyətli tövsiyələrin formalaşdırılması və operativ hesabatların hazırlanması baxımından süni intellekt agentləri əhəmiyyətli funksional alətə çevrilir. Bu isə dövlət idarəetməsində çevikliyin, şəffaflığın və əsaslandırılmış qərarların verilməsinin təmin olunmasına mühüm töhfə verir.

Biznes mühitində isə süni intellekt əmək bazarının transformasiyasına, yeni peşələrin və dəyərlərin formalaşmasına səbəb olur, toplanmış ilkin məlumatlar artıq strateji resurs kimi çıxış edir. Yerli süni intellekt təşəbbüsləri üçün bu, həm daxili bazarda, həm də qlobal miqyasda rəqabət qabiliyyətinin artırılması baxımından real imkanlar yaradır.

Bununla belə, qarşıda duran əsas vəzifələrdən biri də milli süni intellekt suverenliyinin təmin olunmasıdır. Ölkənin süni intellekt suverenliyi bir neçə əsas komponentə - yerli tədqiqat potensialının gücləndirilməsi, rəqabətədözümlü milli süni intellekt modelləri və alqoritmlərinin işlənilməsi, strateji maraqlara, o cümlədən dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə və iqtisadi rəqabətə davamlılığın artırılmasına xidmət edən texnoloji məhsulların yaradılmasına əsaslanır. 

Hazırda istər Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi qurumlarda, ali təhsil müəssisələrində, istərsə də Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında süni intellekt sahəsində institusional təşəbbüslər genişlənir. Müxtəlif elm sahələrində süni intellekt metodlarının tətbiqi, araşdırma metodologiyasının yeni çağırışlar əsasında formalaşdırılması, keyfiyyətli biliklərin əldə olunması üçün ardıcıl və sistemli islahatlar aparılır. 

Beləliklə, ölkəmizdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində süni intellektin inkişafı sistemli, institusional və strateji mərhələyə qədəm qoyub. Bununla əlaqədar, elm, biznes və dövlət arasında formalaşan yeni əməkdaşlıq modeli milli süni intellekt təşəbbüslərinin həm daxili, həm də qlobal bazarda rəqabət aparmaq potensialını əhəmiyyətli dərəcədə artırır.

- Rasim müəllim, süni intellektin ölkəmizdə əmək bazarına təsirini və perspektivlərini necə dəyərləndirirsiniz? 

- Son illərdə ölkəmizdə rəqəmsallaşma istiqamətində atılan institusional addımlar, qabaqcıl beynəlxalq modellərin öyrənilməsi və tədrisə inteqrasiyası elektron təhsilin infrastrukturunun formalaşdırılması istiqamətində xeyli irəliləyişlərə səbəb olub. Lakin süni intellekt texnologiyalarının sürətli inkişafı mövcud təhsil və tədqiqat mexanizmlərinin daha çevik və əmək bazarı ilə sıx əlaqəli şəkildə yenidən qurulması zəruriyyətini yaratmışdır.

Tarixə nəzər salsaq görərik ki, hər bir sənaye inqilabı öz dövrünün əmək bazarına ciddi təsir edərək yeni peşələrin, sosial-iqtisadi və digər reallıqların yaranmasına səbəb olmuşdur. Bu gün artıq V Sənaye İnqilabına doğru irəliləyirik və bu mərhələdə süni intellekt, kiberfiziki sistemlər, böyük verilənlər, kibertəhlükəsizlik və çoxçeşidli rəqəmsal platformalar əmək bazarının əsas hərəkət və istiqamətverici qüvvəsinə çevrilməkdədir. Bu baxımdan, Azərbaycan təhsil sisteminin qarşısında duran əsas vəzifə əmək bazarının cari və perspektiv tələblərinə uyğun insan kapitalının formalaşdırılmasıdır.

Hazırda ali təhsil sistemində yeni ixtisasların yaradılması, rəqəmsal bacarıqların inteqrasiyası və tədqiqat yönümlü təhsilin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər aparılır, əmək bazarı, akademik mühit və sənaye arasında səmərəli əməkdaşlıq mexanizmləri gücləndirilir. 

Məlum olduğu kimi, son zamanlar süni intellektin əmək bazarında kütləvi işsizliyə səbəb olacağı ilə bağlı bəzi narahatlıqlar hiss olunur və əsaslı-əsassız mülahizələr səsləndirilir. Təcrübə göstərir ki, əvvəlki sənaye inqilabları dövründə yeni yaranan texnologiyalar iş yerlərini tamamilə aradan qaldırmamış, sadəcə, onların məzmununun dəyişilməsinə səbəb olmuşdur. Bugünkü rəqəmsal transformasiya dövründə də köhnə, adi əməliyyatların icrasını tələb edən, yüksək zəka və bacarıq tələb etməyən peşələr tədricən aktuallığını itirir, paralel olaraq süni intellektlə rəqabət apara bilən, yeni və daha ali bilik tələb edən peşələr və iş yerləri formalaşır.

Əmək bazarının sürətlə virtuallaşdığı müasir mərhələdə distant iş və inklüziv məşğulluq imkanları insanların fiziki məkandan və kommunikasiyadan asılılığını azaldır. Azərbaycan əmək bazarı da rəqəmsal transformasiya proseslərinin təsiri ilə artıq qlobal əmək bazarının tərkib hissəsinə çevrilməkdədir və ayrı-ayrı fərdlər, xüsusən də gənclər kompüterlər, mobil qurğular vasitəsilə həm yerli, həm də beynəlxalq əmək bazarında fəaliyyət göstərə bilirlər. 

Yeni texnologiyaların tətbiqi nəticəsində əmək bazarında data analitikası, süni intellekt, kibertəhlükəsizlik mütəxəssisi, proqram mühəndisi kimi ixtisaslara tələbat sürətlə artır. 

Bu baxımdan, qarşıdakı dövrdə əsas çağırışlardan biri fasiləsiz təhsil mexanizmləri və modellərinin tətbiq edilməsi, davamlı təhsil konsepsiyasının hazırlanmasıdır. Sürətlə yeniləşən texnoloji mühit şəraitində insanlar yalnız formal və ya digər ali təhsillə kifayətlənməməli, çoxçeşidli, çevik qeyri-formal təhsil mexanizmləri vasitəsilə də yeni bilik və bacarıqlara nail olmalıdırlar. 

Beləliklə, süni intellekt və digər rəqəmsal texnologiyalar əmək bazarı üçün təhlükə yaratmamaqla yanaşı, düzgün qiymətləndirildiyi və idarə olunduğu halda yeni geniş imkanlar təqdim edən strateji potensialdır. Əsas məsələ süni intellektlə təbii intellektin qarşıdurması deyil, onların sintezini təmin edəcək bilik və bacarıqların formalaşdırılmasıdır.

- Bu yaxınlarda süni intellekt texnologiyalarının yaratdığı çoxçeşidli risklər kontekstində Milli Məclis tərəfindən Cinayət Məcəlləsinə dəyişikliklərin edilməsi məsələləri müzakirə olunmuşdur. Sizin fikrinizcə, süni intellektlə bağlı risklərin effektiv tənzimlənməsi üçün əlavə hansı tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır?

- Əvvəlcə qeyd etmək lazımdır ki, rəqəmsallaşma proseslərinin cəmiyyətin bütün sahələrinə sürətlə sirayət etməsi süni intellekt texnologiyalarının yaratdığı müxtəlif xarakterli, çoxsaylı risklərin və kibercinayətkarlıq halları ilə mübarizənin tənzimlənməsi məsələlərini daha da aktuallaşdırmışdır. Bu nöqteyi-nəzərdən Milli Məclisdə Cinayət Məcəlləsinə ediləcək bəzi dəyişikliklərin müzakirə olunması olduqca aktual və vaxtında atılmış addımdır. 

Hazırda ölkəmizdə qabaqcıl beynəlxalq təcrübəyə istinad edilməklə normativ-hüquqi bazanın davamlı olaraq təkmilləşdirilməsi, yeni qanun və strategiyaların qəbul edilməsi, mövcud hüquqi aktlara dəyişikliklərin edilməsi istiqamətində çox vacib və səmərəli işlər aparılır. Eyni zamanda cəmiyyətin bütün sferalarında virtuallaşma proseslərinin yüksək templə dərinləşməsi insan hüquqlarının təmin olunması müstəvisində əvvəllər rast gəlinməyən, mövcud olmayan yeni çağırışlar, problemlər yaradır. Bu nöqteyi-nəzərdən qlobal səviyyədə mövcud hüquqi mexanizmlərin təhlili, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş standartların, konvensiya və bəyannamələrin milli qanunvericiliyə uyğunlaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Sözügedən standartlar və normativ-hüquqi sənədlər süni intellekt əsaslı layihələrin, texnoloji həllərin ilkin ekspertizasında, tətbiqi və audit mexanizmlərinin formalaşdırılmasında mühüm rol oynayır. 

Rəqəmsal transformasiya proseslərinin təsiri ilə həyata keçirilən hüquqi islahatlar çərçivəsində digər vacib istiqamətlərdən biri də onlayn mühitdə formalaşan mülkiyyət münasibətlərinin tənzimlənməsi məsələsidir. Rəqəmsal aktivlərin üzərində mülkiyyət hüququ, alqı-satqısı və sığortalanması mexanizmlərinin yaradılması, onların nəsildən-nəsilə varisliyinin təmin olunması və s. kimi istiqamətlərdə beynəlxalq təcrübənin öyrənilməsi və milli hüquq sisteminə adaptasiyası zamanın tələbidir.

Xüsusilə deepfake texnologiyalarının sürətlə yayılması cəmiyyət üçün ciddi risklər və təhlükələr yaradır. Foto, video və audio materialların saxtalaşdırılması, fərdi biometrik məlumatların manipulyasiyası genişmiqyaslı kibercinayətkarlıq əməllərinə yol açır. Bu kibertəhlükələr vətəndaşlara məxsus bank kartlarına müdaxilələrdən tutmuş şəxsi nüfuzun zədələnməsinə, uşaqların təhlükəsizliyinə olan təhdidlərə qədər müxtəlif sahələri əhatə edir. Uşaqların rəqəmsal mühitdə zərərli kontentlərdən qorunması istiqamətində cənab İlham Əliyev tərəfindən 27 fevral 2026-cı il tarixində imzalanmış müvafiq sərəncam bu sahədə atılmış mühüm qabaqlayıcı addımlardan biridir.

Bundan əlavə, süni intellekt texnologiyaları və məhsulları tərəfindən generasiya olunan saxta məlumatlar ictimai rəyə təsir göstərməklə yanaşı, hüquqi normaların və münasibətlərin də təhrif olunmasına səbəb olur. Bu baxımdan, Cinayət Məcəlləsinə ediləcək dəyişikliklər süni intellekt texnologiyaları vasitəsilə həyata keçirilən kibercinayətlərlə mübarizənin hüquqi statusunu və çərçivəsini daha dəqiq müəyyənləşdirəcək. Həmçinin rəqəmsal aləmlə bağlı zəruri hüquqi mexanizmlərin gücləndirilməsi cəmiyyətdə süni intellekt texnologiyalarına olan etimadı və güvəni artırır, bu texnologiyaların tətbiqinə ictimai dəstəyi formalaşdırır. 

Bu proseslərin ardıcıl, sistemli və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi, qabaqlayıcı addımların atılması, rəqəmsal ekspertiza və kriminalistik təminat mexanizmlərinin inkişaf etdirilməsi ölkəmizdə dayanıqlı, təhlükəsiz və hüquqi rəqəmsal dövlətin formalaşmasına təkan verəcəkdir. Heç şübhəsiz ki, strateji əhəmiyyətli belə bir konseptual yanaşma həm cəmiyyətin bütün təbəqələrinin maraqlarına, həm də dövlətin təhlükəsizliyinə və kibersuverenliyinin möhkəmləndirilməsinə xidmət edəcəkdir.

- Müasir dövrdə çox müxtəlif mənbələrdən generasiya olunan məlumatların milli resurs kimi idarə olunması nə üçün vacibdir və Azərbaycanda data ekosisteminin qurulması hansı çağırışlardan irəli gəlir?

- Əvvəlki suallarda data ilə bağlı müxtəlif məqamlara toxunulsa da, xüsusi olaraq qeyd etmək lazımdır ki, ölkənin bütün ərazisini, cəmiyyətin bütün üzvlərini, qurumları və təşkilatları əhatə edən telekommunikasiya və şəbəkə infrastrukturlarının inkişafı təkcə onlayn ünsiyyət və digər texnoloji imkanların genişləndirilməsinə deyil, eyni zamanda vahid rəqəmsal platformada formalaşan data resursların süni intellekt texnologiyaları və agentləri üçün əlçatan, sistemli və istifadəyə yararlı hala gətirilməsinə, onlardan keyfiyyətli və obyektiv biliklərin əldə olunmasına xidmət etməlidir. Bu zəruri tədbirlərin həyata keçirilməsi "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası"nda müəyyən edilmiş prioritetlərdə öz əksini tapmışdır. 

Bu kontekstdə ilk növbədə vətəndaşlara mənsub fərdi məlumatların qorunması məsələsi aktuallaşır. Belə ki, müxtəlif qurumlar tərəfindən toplanan data resurslarında fərdi məlumatların mühafizəsinə dəstək verən texnoloji, təşkilati-hüquqi və s. mexanizmlərin formalaşdırılması ilə bağlı müəyyən problemlərin həlli məsələləri meydana çıxır. 

Eyni zamanda müxtəlif fəaliyyət sahələrində - səhiyyə, bank-maliyyə, nəqliyyat, peyk və seysmoloji müşahidələr, ətraf mühit, təbii proseslər və digər istiqamətlər üzrə generasiya olunan ilkin, emal olunmamış data resursların toplanması, etibarlı saxlanılması, intellektual emal olunması və idarə edilməsi, rəqəmsal dövlətin əsas dayaqlarından biri kimi milli data suverenliyinin təmin olunması üçün elmi-konseptual yanaşmaya əsaslanan araşdırmaların aparılmasına böyük ehtiyac vardır. Təəssüf ki, çox müxtəlif obyektiv, bəzi hallarda subyektiv səbəblərdən bəzi qurumlar və təşkilatlarda data resurslara münasibət sistemli xarakter daşımır, texnoloji baza zəifdir, məlumatlar qısamüddətli saxlanılır və ya sonradan silinir. Halbuki istənilən fəaliyyət sahəsində yaranan data resursları, xüsusən də insan sağlamlığı, iqtisadiyyat, cəmiyyətin idarə olunması və digər strateji əhəmiyyətli obyektlərlə bağlı məlumatlar dövlətin dayanıqlı və davamlı inkişafı, insanların sosial rifahının yüksəldilməsi üçün çox böyük dəyərə malik milli resurs kimi qiymətləndirilməlidir.

Məhz bu səbəbdən ölkədə rəqəmsal inkişaf sahəsində aparılan dövlət siyasətinin əsas hədəflərindən biri də elmi cəhətdən əsaslandırılmış, möhkəm dayaqlar üzərində qurulacaq milli data ekosisteminin formalaşdırılmasıdır. Burada məqsəd hər bir qurumun ayrıca data və superkompüter mərkəzi yaratması deyil, çünki bu, həm maliyyə baxımından, həm texnoloji, həm də menecment, kibertəhlükəsizliyin təmin olunması cəhətdən səmərəsiz hesab olunur. Ona görə də burada əsas hədəf müvafiq mərkəzi hakimiyyət orqanlarının nəzarətində olan, yüksək səviyyədə qorunan və superkompüterlərin infrastrukturunun enerji və kibertəhlükəsizlik tələblərinə tam cavab verən, data itkisinə yol verməyən milli data mərkəzlərin yaradılmasıdır. 

- Rasim müəllim, müasir rəqəmsal çağırışlar fonunda Azərbaycan dilinin qorunması və onun texnoloji mühitə inteqrasiyasının strateji əhəmiyyəti nədən ibarətdir?

- Hələ 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və məlum məhdudiyyətlər şəraitində qətiyyətli mövqeyi ilə Azərbaycan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi bu sahədə tarixi dönüş nöqtəsi oldu. Həm Ümummilli Liderin hakimiyyəti illərində, həm də Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi müasir dövrdə Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi davam etdirilib. Dövlət başçısı Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışında Azərbaycan dilini təkcə mədəniyyət hadisəsi deyil, həm də milli təhlükəsizlik məsələsi kimi dəyərləndirib. Bu mövqe Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibələrdə də ifadə olunub: "Biz bu gün Azərbaycan dilimizi qorumasaq, sabah dövlət olaraq da itirə bilərik, çünki dil dövlətçiliyin və milli kimliyin əsas atributlarından biridir".

Heç şübhəsiz ki, müasir dövrdə bu yanaşma rəqəmsal müstəvidə də davam etdirilməli və inkişafı təmin olunmalıdır. Azərbaycan dili artıq yalnız cəmiyyətin gündəlik və rəsmi ünsiyyət dili kimi deyil, eyni zamanda virtual məkanda, texnoloji platformalarda əsas rəqəmsal kommunikasiya vasitəsi kimi əhəmiyyətli mövqeyə malik olmalıdır. Başqa sözlə, Azərbaycan dili süni intellekt, təbii dilin emalı, sosial şəbəkələr və digər rəqəmsal platformalar üçün tam funksional, emal oluna bilən rəqəmsal dilə çevrilməlidir.

Əlbəttə ki, bu istiqamətdə görüləcək kompleks işlər ardıcıl, sistemli elmi-praktiki yanaşma tələb edir. Bununla əlaqədar olaraq, dövlət başçısı tərəfindən digər qurumlarla yanaşı, AMEA-ya da bu məsələ ilə bağlı konkret tapşırıqların verilməsi təsadüfi deyil. Azərbaycanın yeni rəqəmsal arxitekturasının qurulması kontekstində təbii Azərbaycan dili ilə yanaşı, rəqəmsal Azərbaycan dilinin formalaşdırılması, onun bütün funksional imkanları və xidmətlərini əhatə edən onlayn platformada vahid linqvistik ekosistemin yaradılması zəruridir.

Bu linqvistik ekosistem çərçivəsində Azərbaycan dilinin terminologiyası, orfoqrafiyası, orfoepiyası, dialektologiyası və digər servisləri rəqəmsal dövlət arxitekturasının üzvü tərkib hissəsinə çevrilməlidir. Bu isə rəqəmsal platformada insan-kompüter və kompüterlər arası qarşılıqlı əlaqəsinin Azərbaycan dili vasitəsilə qurulması, robot və digər "ağıllı" sistemlərin virtual mühitdə sosiallaşaraq Azərbaycan dilində ünsiyyət imkanlarının genişlənməsi, həmçinin Azərbaycan dilindən digər dillərə tərcümələrin keyfiyyətinin yüksəldilməsinə imkan verəcəkdir. Eyni zamanda dilin semantik, emosional və digər aspektlərinin rəqəmsal texnologiyaların köməyi ilə reallaşdırılması nəticəsində dezinformasiya ilə mübarizədə, kibertəhlükəsizliyin təmin edilməsində də geniş imkanlar yaradacaqdır.

Beləliklə, Azərbaycan dili təkcə ana dili deyil, həm də rəqəmsal texnologiyaların, süni intellektin dili olacaqdır. Rəqəmsal dövlət mühitində bu təşəbbüslər və ideyalar reallaşacağı halda, dilin qorunması və inkişafı ilə yanaşı, linqvistik suverenlik daha da möhkəmlənəcək, qlobal informasiya məkanında dünya xalqlarının dillərinə kibertəhdidlərə qarşı effektiv mübarizə üçün geniş imkanlar açacaqdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə