Səhiyyənin rəqəmsallaşması üzrə hədəflər bütün dünyada oxşardır və gələcək perspektivlər olduqca ümidvericidir. Rəqəmsal texnologiyaların inkişafı səhiyyə xidmətlərinə və məlumatlarına çıxışın yaxşılaşdırılmasında böyük rol oynayır. Teletibb və elektron sağlamlıq qeydləri kimi rəqəmsal vasitələrin tətbiqi xəstənin sağlamlığının diaqnozunu, müalicəsini və monitorinqini yaxşılaşdıra bilər. Səhiyyə məlumatlarının vahid landşaftda birləşdirilməsi və təhlili ictimai sağlamlığı yaxşılaşdırmaq və səhiyyə müəssisələrinin fəaliyyətini optimallaşdırmaq üçün əsaslandırılan qərarlar qəbul etməyə kömək edəcək.
Xeberler.az məlumat verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsəd-zadə deyib.
Onun sözlərinə görə, səhiyyə xidmətlərinin sürətinin, dəqiqliyinin və əlçatanlığının artırılması üçün rəqəmsal həllərin tətbiqi qarşıda duran ən prioritet məsələlərdən biridir: “Hazırda rəqəmsal transformasiya çərçivəsində prioritet istiqamətlər Tibbi Rəqəmsal Əkiz Sisteminin yaradılması, rəqəmsal səhiyyə standartlarının və təsnifatlarının tətbiqi, tibbi məlumatların vahid informasiya məkanının formalaşması, sadə və asan anlaşılan elektron xidmətlərin tətbiqidir. Mərkəzin bütün fəaliyyəti bu hədəflərə çatmağa yönəlib.
Rəqəmsal səhiyyə innovasiyaları pasiyentlərə göstərilən xidmətlərin həm keyfiyyətini, həm də əlçatanlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Bu texnologiyalar həkimlərin işini avtomatlaşdırmaqla yanaşı, pasiyentlərin vaxt və məsafə baxımından məhdudiyyətlərini aradan qaldırır. Məsələn, teletibb texnologiyasının tətbiqi ucqar ərazilərdə yaşayan vətəndaşlara keyfiyyətli tibbi məsləhətlər almaq imkanı yaradır. Süni intellektin tətbiqi xəstəliklərin erkən diaqnostikası və müalicə prosesini sürətləndirir. Süni intellekt əsaslı sistemlə böyük həcmdə tibbi məlumatları avtomatik emal edərək, tibbi personalın iş yükünü azaldır. Təbii dil emalı (Natural Language Processing, NLP) texnologiyaları həkim qeydlərini avtomatik analiz edib strukturlaşdırır. Süni intellekt pasiyent məlumatlarını analiz edərək, fərdi müalicə planları hazırlayır. Genetik analizlərə əsaslanaraq xəstəliklərə qarşı fərdi risk səviyyəsini qiymətləndirir və preventiv tədbirlər təklif edir”.
C.Əsəd-zadə süni intellektin radiologiya sahəsində də xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Rentgen, MRT və KT görüntülərini analiz edərək, həkimlərə daha sürətli və dəqiq diaqnoz qoymağa kömək edir. Məsələn, dərin öyrənmə (deep learning) modelləri xərçəngin erkən mərhələlərdə aşkarlanmasına kömək edə bilər.
“Tibbi əşyaların interneti” vasitəsilə tibbi məlumatların toplanması və sağlamlığın monitorinqi prosesini heç zaman əvvəllər görünməyən səviyyəyə qaldırır. Tibbi Rəqəmsal Əkiz Sistemi (TRƏS) vətəndaşların müxtəlif tibb müəssisələrinə müraciətlərinin, müalicələrinin, laborator müayinələrinin, müxtəlif formatda qeyd edilən radioloji müayinələrinin, peyvəndlərinin, reseptlərinin məlumatlarını əhatə edir. Bu layihənin həyata keçirilməsi həkimlərə vətəndaşın sağlamlığı haqqında tam dolğun məlumat almağa, daha dəqiq və operativ diaqnoz qoymaqla düzgün müalicə təyin etməyə, tibbi xidmətlərin keyfiyyətini yüksəltməyə imkan verəcək.
Səhiyyə sahəsinin strateji hədəflərinə çatmaqda bu sistemlərin tətbiqi çevikliyi artıracaq və elmi-tibbi araşdırmalar üçün geniş məlumat bazası formalaşdıracaq”.
O qeyd edib ki, vətəndaşların rəqəmsal səhiyyə həllərindən daha geniş və effektiv istifadə etməsi üçün sadə və intuitiv platformaların yaradılması əsas prioritetdir: “İstifadəçilər üçün “Elektron Səhiyyə” və “Reseptim” mobil tətbiqləri istifadəyə verilib. Bu tətbiqlər vətəndaşlara səhiyyə xidmətlərini daha əlçatan etmək məqsədi güdür. “Elektron səhiyyə” mobil tətbiqi vasitəsilə vətəndaşlar, tibb işçiləri, sahəvi biznes fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən faydalana bilirlər.
Bununla yanaşı, vətəndaşların maarifləndirilməsi məqsədilə vebinarlar, təlimlər təşkil edilir və sosial media üzərindən məlumatlandırıcı məzmunlar paylaşılır. Xüsusilə, səhiyyə sahəsində ixtisaslaşmış “Sağlam Radio” 93.0 FM vasitəsilə rəqəmsal yeniliklər haqqında da məlumatlar mütəmadi olaraq ictimaiyyətə çatdırılır”.
Hazırda rəqəmsal səhiyyədə ən aktual məsələlərdən birinin, məlumatların təhlükəsizliyi və məxfiliyinin qorunması olduğuna diqqət çəkən baş direktorun sözlərinə görə, rəqəmsal səhiyyə həllərinin əlçatan olması da vacibdir: “Bu məsələlərə yanaşarkən, biz texnoloji tərəqqini nəzərə alaraq həm hüquqi, həm də sosial aspektləri diqqətlə qiymətləndiririk.
Şəxsi məlumatların məxfiliyi və təhlükəsizliyinin təmin edilməsi bizim üçün ən yüksək prioritetdir. Bunun üçün “Rəqəmsal Səhiyyə Mərkəzi”ndə xüsusi “Kibertəhlükəsizlik Şöbəsi” yaradılıb. Burada müasir kibertəhlükəsizlik alətləri və xidmətlərindən istifadə edilir. Bu alətlər və xidmətlər yalnız informasiya təhlükəsizliyini təmin etməklə yanaşı, həm də məlumatların məxfiliyini, bütövlüyünü və əlçatanlığını qorumağa yönəldilib. Məlumatların təhlükəsizliyini təmin etmək üçün şifrələmə texnologiyaları, çoxfaktorlu autentifikasiya və məlumatların saxlanılması ilə bağlı beynəlxalq təhlükəsizlik standartlarına uyğun tədbirlər görülür. Mövcud infrastrukturun qorunması, müxtəlif təhdid modellərinin analizi, gələcəkdə yarana biləcək potensial risklərin qarşısının alınmasını üçün tədbirlər həyata keçirilir. Bundan əlavə, sistemlərdə mütəmadi olaraq təhlükəsizlik auditi aparılır və yalnız icazəli şəxslərin məlumatlara çıxışı təmin edilir. Eyni zamanda, səhiyyənin rəqəmsallaşmasında dövlət qurumları, texnoloji şirkətlər və beynəlxalq səhiyyə təşkilatları ilə sıx əməkdaşlıq edirik. Qanunvericiliyə uyğun olaraq məlumatların “MyGov” rəqəmsal hökumət platformasına inteqrasiyası mərhələli şəkildə davam etdirilir.
Hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə “Səhiyyə sahəsinin rəqəmsallaşdırılması üzrə Yol Xəritəsi” hazırlanıb və 2024-cü ilin sentyabrdan həyata keçirilir. Sistemlərdə mövcud olan məlumatların dürüstləşdirilməsi, sistemlər arasında inteqrasiya, məlumatların paylaşılması və əlaqələndirilməsi üzrə tədbirlər icra edilir. Bu sahədə qarşılaşdığımız ən böyük çətinliklər, məlumatların standartlaşdırılması və müxtəlif platformalar arasında uyğunluğun təmin olunmasıdır. Bu işlərin uğurla həyata keçirilməsi üçün biz sistemli yanaşmanı, qarşılıqlı dəstəyi və güclü əlaqələr qurmağı vacib hesab edirik. Nəticə etibarı bu əməkdaşlıq ölkədə səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasına və əhalinin rifahının yaxşılaşdırılmasına təkan verəcək”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri