“Robotlara oyuncaq deyil, bir ixtira, kəşf kimi baxıram”

10-07-2015 / 11:48

İKT UŞAQLAR” rubrikasının növbəti qonağı robotlar düzəldərək müxtəlif yarışmalarda uğurlar qazanan gənc ixtiraçı Kamran Əliyevdir.

Baku Modern Məktəbinin 8-ci sinif şagirdi Kamran Əliyev sərbəst şəkildə proqramlaşdırma və kodlaşdırma ilə işləyə bilir.

Kiçik yaşlarından böyük işləri bacaran məktəblinin Xeberler.az-a müsahibəsini təqdim edirik:

-Kamran, texnologiyaya maraq səndə nə vaxtdan yaranıb?

-Uşaqlıqdan texnologiyaya maraq göstərirəm. Proqram təminatları ilə maraqlanırdım. Ümumiyyətlə, hər bir kompüterə yaxınlaşanda ilk öncə onun proqram təminatı ilə tanış olmaq istəyirdim. Kompüterin, planşetin və yaxud da telefonların hansı proqram təminatları ilə təchiz olunduğu mənə həmişə maraqlı gəlirdi.

-İlk dəfə əlinə götürdüyün texnoloji avadanlıq hansı olub?

-İlk işlətdiyim texnoloji avadanlıq iPhone telefonum olub. Telefonda multi sistemə baxır, funksiyaları ilə maraqlanırdım. Hansı imkanlardan, xidmətlərdən istifadə edə bilərəm deyə düşünüb iPhone-un bütün sistemini qarışdırırdım (gülür).

-Ailədə səndən başqa İKT ilə maraqlanan varmı?

-İKT sahəsi ilə qohumlarım arasında xalam oğlu Kamran daha çox maraqlanır. O İT proqramçıdır. Deyə bilərəm ki, İKT sahəsi ilə maraqlanmağımda Kamranın böyük rolu var. Çünki o, həmişə bildiklərini mənə öyrədir, kompüter və proqramlar haqqında məni məlumatlandırırdı. Xalam oğlunun İKT ilə məşğuliyyətindən həvəsləndim və bu sahəyə marağım artdı. Artıq məktəbdə proqramlaşdırma ilə işləyəndə çətinlik çəkmirdim, sərbəst şəkildə kodlaşdırma ilə işləyirdim.

-İKT sahəsində uğurların Xeberler.az-ın oxucularına maraqlıdır. Bizə qazandığın uğurlardan danış.

-Bu sahədə ən böyük uğurum düzəltdiyim robotdur. Robotları düzəltmək üçün ilk öncə proqramlaşdırmanı yaxşı bilmək lazımdır,bunun üçün məktəbimizdə hər bir şərait yaradılıb. Əvvəlcə proqramlaşdırma ilə maraqlandım, daha sonra isə bu biliyimi robot düzəltməkdə istifadə etdim. Çünki robototexnikaya da marağım çox idi. Məktəbimizdə proqramlaşdırma ilə bağlı keçirilən yarışmalara qatıldım. Həm informatika, həm də əlavə dərslərdə proqramlaşdırmaya aid biliklərimi genişləndirməyə çalışırdım.  Bu sahəyə o qədər həvəs göstərirdim ki, hətta verilən tapşırıqlarla kifayətlənmirdim, əlavə bilik bacarıqlarımdan istifadə edir, fantaziyalar işlədirdim. Proqramın şəkillərinə baxıb yeni-yeni ideyalar qurur, onları tətbiq edirdim. Çünki gördüyüm iş və yaratdığım model yaxud proqramdan nəticə əldə etmək istəyirdim. Müəllimlərimin sözlərinə görə, məndə yaradıcılığa, modelləşdirməyə doğru böyük istedad var (gülür).

-IKT üzrə hansı yarışlarda iştirak etmisən?

-Artıq 6-cı sinifdə İT sahəsində biliklərim hamıya məlum idi. İKT sahəsində görülən işlərdə fəal iştirak edirdim. 2015-ci ildə informatika fənni üzrə keçirilən yarışda məktəb turundan keçdim və respublika üzrə informatika fənn olimpiadasında iştirak etdim. Sonra isə robototexnika ilə daha çox maraqlandım. Əvvəlcə robotun kiçik hissələrini müvafiq proqram üzrə yığmağa başladım. Məktəbimizdə bu yaxınlarda robototexnikaya aid tədbir keçirildi və bu tədbirdə öz modelimi nümayiş etdirdim, ekspertlərin çox xoşuna gəldi. Düzəltdiyim robot müəyyən işıq üzrə hərəkət edir, fırlanır, sağa, sola çevrilə bilir. Modelin ən böyük xüsusiyyəti isə onun təyin olunmuş qara xətt üzrə hərəkət etməsidir.

-İnformatika fənnində sənin üçün ən çox hansı mövzu daha maraqlıdır?

-İnformatika dərslərində iştirak edəcəyimiz yarışmalarla əlaqədar əlavə məşqlərimiz olur. Bu, daha çox maraqlı gəlir mənə, daha həvəslə işləyirəm. Məsələn, Google SketchUp 3D model üzrə keçirilən yarışlar üçün tez-tez məşqlər edirik. Bundan əlavə dərslərimizdə Code blok sistemini öyrənmək çox maraqlıdır. Və təbii ki, robototexnika (gülür). Artıq Bakı Modern məktəbində robototexnika bu ildən etibarən informatika dərslərində tədris olundu. Bununla əlaqədar məktəbimiz çox zəngin maddi texniki baza ilə yanaşı dünyanın müxtəlif  brend markalarından olan robot avadanlıqları ilə də təmin edildi, məktəbdə  robototexnika və mühəndislik təhsil mərkəzi yaradıldı. Buna sevinirəm. Məktəbimizdə robotların düzəldilməsi və təcrübəsi üçün ayrıca sahə ayrılıb. Burada düzəltdiyimiz robotları müəyyən proqramlar üzrə hərəkət etdirmək üçün ayrı-ayrı tablolar quraşdırılıb. Boş vaxtlarımızda da ixtiralarımız üzərində işləmək üçün biz şagirdlər üçün mükəmməl şərait yaradılıb.

-Səncə, məktəblərdə robototexnikanın tədrisi nə üçün lazımdır?

-İndi bütün uşaqların informatika fənninə böyük həvəsi var. Bu dərsdə kodlaşdırma və müxtəlif proqramlar öyrənir, robototexnikaya maraq göstəririk. Robototexnika da öz növbəsində uşaqlarda məntiqin formalaşmasında böyük rol oynayır. Bunu vacib hesab edirəm. Robototexnikada robotların düzəlməsinin incəliklərini o qədər diqqətlə izləyirik ki, robotlara oyuncaq deyil, bir ixtira, kəşf kimi baxırıq. Robototexnikada təcrübə əsasdır. İndiki dövrümüzdə yaxşı mühəndislər yetişdiyi üçün robototexnikaya təşəkkür etməliyik. Çünki bu elm vasitəsilə milyonlarla həyat xilas etmək, həyatı asanlaşdırmaq mümkündür.

-Ümumiyyətlə, digər texniki fənlərə marağın necədir?

-Texniki fənləri sevirəm. Fizika, kimyaya nisbətən informatika fənninə daha çox həvəsim var. Nəzərə alsaq ki, robot düzəltməklə məşğulam, robotun hissələrini yığarkən təkcə informatika deyil, fizika, kimya kimi fənn biliklərinə də ehtiyac duyuram. Məsələn, robotu düzəldəndə bəzi problemlər olmuşdu, model fırlana bilmirdi. Bu kimi problemlərlə qarşılaşmamaq üçün bilməliydim ki, sistemdə hansı sürtünmə qüvvəsi gedir. Robotun hərəkət sistemini nizamlayan qüvvə, potensial enerji, sürət, ultrabənövşəyi şüalar kimi fiziki və kimyəvi sahələrlə bağlı biliklərin olması vacib amillərdir.

-Məktəbinizin İnternet, avadanlıqlar,  texnologiya ilə təminatından razısanmı?

-Bəli, çox razıyam. Baku Modern Məktəbində biz şagirdlərin texnologiya ilə təminatı üçün hər bir avadanlıq var. Bunun üçün xüsusi kompüter otaqları təşkil olunub. Hətta İKT-dən əlavə boş vaxtlarımızı əyləncəli, eyni zamanda sağlam keçirmək üçün basketbol, futbol meydançaları qoyulub. Təcrübə otaqlarından İT biliklərimizi dəyərləndirmək, ixtiralarımızı genişləndirmək üçün limitsiz istifadə edirik.

Məktəbimiz fiber-optik İnternetlə təchiz olunub. İnternetin sürəti ilə bağlı heç bir problemlə qarşılaşmırıq, rahat və sərbəst şəkildə istifadə edə bilirik.
Mən çox xoşbəxtəm ki, bu məktəbdə oxuyuram.

-Layihəndən hər hansı bir qazanc əldə etsən bunu nəyə xərcləmək istəyərsən?

-Beynəlxalq yarışmalarda iştirak edib müəyyən yerlər tutmaqla məktəbimizi təmsil edirəm. Baku Modern Məktəbi həm İKT, həm də digər fənlərin tədrisi üçün biz şagirdlərə mükəmməl şərait yaradıb. Məktəbimizi çox sevirəm. Layihəmlə bağlı hər hansı bir qazanc əldə etsəm məktəbimizə xərcləyərəm (gülür).

-Sənin üçün İnternetin mənfi və müsbət tərəfləri hansılardır?

-Fikrimcə, İnternetin mənfi tərəfi odur ki, lazımsız informasiyalar həddən artıq çoxdur. Müəyyən mövzu üzrə axtarış edəndə mənə lazım olmayan məlumatlarla qarşılaşıram. Bir də ki, İnternetin mənfi cəhəti onun insanlarda asılılıq yaratmasıdır. Müsbət tərəfi isə odur ki, İnternet vasitəsilə informasiya ala, bir-birimizə ötürə bilirik.

-Gündəlik hansı saytlardan istifadə edirsən?

-Əsasən e-olimp.com saytından istifadə edirəm. İnternetdə müxtəlif İKT sahəsi ilə bağlı proqramlaşdırma saytlarına daxil oluram, videolara baxır, məlumatları oxuyuram. Həmçinin robototexnikaya aid lego.comrobofob.ru, myrobo.ru-da dünyada keçirilən olimpiadalarla maraqlanıram.

- Hansı sosial şəbəkələrdən aktiv istifadə edirsən?

Sosial şəbəkələrdən o qədər də aktiv istifadə etmirəm. Boş vaxtlarımı sosial aləmə deyil, düzəltdiyim robotla məşğul olmağa sərf edirəm. Dostlarla, tanışlarla daha çox zəng və ya mesaj vasitəsilə əlaqə saxlayıram.

-Qonşuların Wi-Fi-dan istifadə edirsənmi?

-Yox, etmirəm . İcazəsiz kiminsə İnternetindən istifadə etməyi düzgün hesab etmirəm.

-Evdə İnternetlə bağlı problemlər olanda nə edirsən?

-Evdə İnternet kəsiləndə və ya modemdə hər hansı bir problem yarananda uşaq metodundan istifadə edirəm. Yəni modemi vururam, sındırıram, elə bilirəm belə etsəm İnternet düzələcək (gülür).

-İnformasiya təhlükəsizliyini necə qoruyursan? Kimsə sənin hesabını sındıra bilərmi?

-Bəli, məncə, sındıra bilər, amma bu kimə lazımdır axı (gülür).Hesablarımda vacib olan heç bir məlumat yoxdur. Çünki lazım olan informasiyaları hesablarımda saxlamıram, onları kağıza yazıb saxlayıram, kompüterin yaddaşına etibarım yoxdur. Hesab edirəm ki, vacib məlumatların hesablarda saxlanması təhlükəlidir. Kimsə sənin profil şifrəni sındırıb həmin məlumatları sənin əleyhinə istifadə edə bilər.

-Gününü necə dəyərləndirirsən?

-Axşam tez yatıram. İndi yay olduğuna görə tətildəyik. Gün ərzində əsasən İnternetlə məşğul oluram. İnternetdən gün ərzində 3 saat istifadə edirəm. Bir də ki ixtira etdiyim robotla işləyirəm. İnternetdə müxtəlif robotlara baxır, onların proqramları, kodlaşdırma və sistemləri haqqında məlumatlar toplayıram.

-Mobil telefonla da oyun oynayırsanmı?

-Bəli, oynayıram, maksimum 15 dəqiqə. Əsasən kompüterdə oyun oynayıram.

-Gələcək planların nələrdir?

-Hazırda olimpiadaya hazırlaşıram. Əsas məqsədim robotumu nümayiş etdirmək və müsabiqədə yer tutub, ilk öncə məktəbimizin adını və dövlətimizin bayrağını ucaltmaq istəyirəm. Robototexnikada mühəndis olmaq istəyirəm. Ölkəmizdə bu sahəyə maraq göstərən ağıllı gənclərimiz çoxdur. Təhsilimi elə bu sahə üzrəAzərbaycanda davam etmək istəyirəm.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə