“Təhsildə İKT kitabı çapdan çıxıb

21-05-2025 / 13:39

Pedaqoji elmlər doktoru, professor Mönsüm Alışovun “Təhsildə İKT (İnteraktiv proqram vasitələri və ondan istifadə yolları)” kitabı çapdan çıxıb.

Xeberler.az məlumat verir ki, kitab müasir təhsil mühitində informasiya-kommunikasiya texnologiyalarının (İKT) rolu və tətbiqi ilə bağlı elmi-praktik yanaşmaları əks etdirir. Kitabda müəllimlərin və tələbələrin İKT biliklərinin artırılması, elektron təhsil resurslarının yaradılması və istifadəsi, həmçinin rəqəmsal bacarıqların inkişafı kimi aktual məsələlərə toxunulur.

Müəllif pedaqoji prosesdə İKT-nin effektiv inteqrasiyası üçün konkret metod və yanaşmalar təqdim edir. Kitabda interaktiv proqramların tədris prosesində istifadəsi, onların pedaqoji məqsədlərə uyğun tətbiqi və bu vasitələrin təhsil keyfiyyətinə təsiri ətraflı şəkildə izah olunur.

Nəşrin əsas məzmunu və üstünlükləri ondan ibarətdir ki, burada interaktiv proqramların təsnifatı və tətbiq sahələri öz əksini tapıb. Kitabda müxtəlif interaktiv proqram vasitələrinin növləri və onların tədris prosesində istifadəsi yolları geniş şəkildə təsvir edilir.

Tədris prosesində tətbiq nümunələrində isə müəllif interaktiv proqramların dərs prosesində necə istifadə oluna biləcəyini konkret nümunələrlə göstərir.

Kitabda müəllimlərin və tələbələrin interaktiv proqramlardan səmərəli istifadə etmələri üçün faydalı məsləhətlər və metodik göstərişlər təqdim olunur.

Professor Mönsüm Alışovun bu kitabı təhsil sahəsində çalışan mütəxəssislər, müəllimlər və tələbələr üçün dəyərli mənbədir. Vəsaitdə interaktiv proqramların (CROCODİLE (fizika, kimya və riyaziyyat) elektron laborator proqramlarından istifadə yolları verilib. Həmçinin Yenka, Khan akademiya və s. tədris proqramlarından istifadə, elektron lövhələr, verilənlər bazasının idarəetmə sistemləri haqqında məlumatlar yer alıb. Bununla yanaşı, uzun müddətdən bəri “İdrak” liseyində tətbiq olunan “Media dərs” tədris üsulu haqqında izahat verilib. Bu kitabda olan materiallardan istifadə etməklə müəllimlər tədris prosesinin səmərəsini yüksəldə bilər, təhsilin inkişafına töhfə vermiş olarlar.

Bakı Dövlət Universitetinin professoru Mönsüm Alışov Azərbaycan təhsil sistemində İKT-nin tətbiqi sahəsində tanınmış mütəxəssisdir. O, həm də “İdrak” liseyinin təsisçisidir və təhsildə İKT-nin tətbiqi ilə bağlı bir sıra elmi əsərlərin müəllifidir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə