Azərbaycanda yeni naviqasiya sistemi fəaliyyətə başladı

23-02-2017 / 12:49

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün yeni naviqasiya sistemini ictimaiyyətə təqdim edib.

Komitədən Xeberler.az-a verilən məlumata görə, AzNav sistemi bu gündən işə düşüb.

Tədbirdə qeyd edilib ki, AzNav həm onlayn, həm də oflayn rejimdə işləmək imkanlarına malikdir.

Belə ki, sistem Android, iOS (Apple), Windows CE əməliyyat sistemlərində olan bütün növ mobil cihazlarda və eyni zamanda telefon və planşetlərdə əlçatandır.

Android əməliyyat sistemli mobil qurğulara (telefon, planşet və s.) proqramı yükləmək üçün Play Market-ə daxil olub AzNav yazaraq axtarış vermək və yükləyib istifadə etmək mümkündür.

iOS əməliyyat sistemli mobil qurğular (telefon, planşet və s.) üçün isə proqram App Store-dan yükləmək mümkündür.

AzNav Azərbaycan dili ilə yanaşı, rus, ingilis, ərəb, alman, ispan, fransız, italyan, türk və gürcü dillərini də dəstəkləyir və sadalanan dillərdə interfeysə malikdir.

Naviqasiya Proqramı nəinki ünvana görə, həmçinin seçilmiş obyektə görə də marşrutu göstərir. Belə ki,  seçilmiş yolla hərəkət zamanı nəqliyyat vasitəsinin maksimal sürətini, yol üzərində olan radarları, döngə nöqtələrini, parklamaları, yanacaqdoldurma məntəqələrini, digər xidmət, ictimai iaşə obyektləri, yol keçidləri və tıxacları bildirir.

Nəqliyyat vasitəsi hərəkətə başladıqdan sonra istifadəçi gedəcəyi yerə nə zaman çatacağı barədə məlumatı əvvəlcədən öyrənir.

Milli Naviqasiya Sisteminin daha bir üstünlüyü də odur ki, həm yeni, həm də köhnə ünvan konsepsiyası əsasında çalışır. Yəni, ünvana görə axtarış həm “giriş (binanın bloku) nömrələrinə” (yeni konsepsiya), həm də “bina nömrələrinə”(əvvəlki konsepsiya) görə həyata keçirilə bilər.

Digər axtarış funksiyaları da mövcuddur ki, bunlar obyektə (POİ) görə, koordinata görə, yol kəsişmələrinə görə naviqasiya seçimləridir. Tapılmış obyektlərin (POİ) tipinə görə göstərilməsi mümkündür.

Eyni zamanda, proqramda "odometr" funksiyası da aktivdir. “Evə apar” funksiyası isə cari məntəqədən “ev” kimi yaddaşda qeyd edilmiş məntəqəyə qədər marşrutun hesablanmasına imkan verir. Proqram vasitəsilə başqa istifadəçilərlə əks əlaqə imkanı da var. Belə ki, cari məntəqənin koordinatları, obyektlər, yol kəsişmələri və marşrutlar haqda məlumat SMS, WhatsApp, Facebook və e-mail vasitəsilə başqa istifadəçilərlə paylaşıla bilər.

Onu da vurğulayaq ki, AzNav xəritəsi SİNAM şirkəti tərəfindən hazırlanıb.

Qeyd edilib ki, proqramın digər spesifikası Azərbaycan xəritəsi ilə yanaşı, başqa ölkələrin xəritələrini də özündə əks etdirir. Məlumata görə, bunlar Avropa, Cənubi Amerika, Şimali Amerika, Afrika ölkələridir.

Milli Naviqasiya Sistemi hazırda özündə 353 şəhər və qəsəbə, 5 321 yaşayış məntəqəsi, 759 227 bina və tikili, 77 972 maraq nöqtəsi (POİ obyektlər), 117 körpü, 558 yolüstü piyada keçidi, 521 radar və kameranı əks etdirir.

Təqdimatda həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azəravtoyol ASC, Bakı Nəqliyyat Agentliyi, BakuBus MMC, habelə ölkədə fəaliyyət göstərən naviqasiya, yükdaşıma və taksi xidmətləri, turizm şirkətlərinin nümayəndələri iştirak ediblər.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə