Dövlət qurumlarının binasına giriş qaydaları necədir?

11-10-2017 / 15:29

Məlum olduğu kimi, vətəndaşlar dövlət qurumlarının binasına müxtəlif yoxlamalardan sonra daxil ola bilir. Belə ki, dövlət qurumlarının bununla bağlı bəzi qaydaları  var.

Müşahidələrimiz göstərir ki, bəzən üzərinizdə olan texnoloji avadanıqla içəriyə daxil ola biləsəniz də, əksər yerlərdə buna icazə verilmir.

Bəzən də vətəndaşlar qaydaları bilmədiyi üçün qurumların binasındakı mühafizə nümayəndələri ilə analaşılmazlıqlar da yaşana bilir.

Xeberler.az olaraq bunları nəzərə alaraq qurumların məsələ ilə bağlı qaydalarını araşdırmaq qərarına gəldik.

Silislə yazılarımızda qurumların binasında daxil olanda üzərinizdə götürməli olduğunuz əşyalar barədə ətraflı məlumat təqdim etməyə çalışacağıq.

Vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi hamımızın ən çox üz tutduğu qurumlardan biridir.

Buraxılış postunun əməkdaşları xüsusi texniki vasitələrdən istifadə edir

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, ASAN xidmət  mərkəzlərinə şəxslərin girişi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mühafizə xidmətini təmin edən müvafiq qurumu ilə bağlanılmış müqaviləyə əsasən təhlükəsizlik tədbirləri görülməklə sərbəst qaydada həyata keçirilir.

İnzibati binalara daxil olan şəxslərdə keçirilməsi qadağan edilən əşyaların olub-olmamasını müəyyən etmək üçün Dövlət Agentliyinin Aparatının inzibati binasına xidməti vəsiqə, elektron qonaq kartı, şəxsiyyət vəsiqəsi və s. əsasında icazə verilir.

Öyrənirik ki,  bununla bağlı Təlimat var.  Belə ki, bu Təlimat “Xidməti və mülki silah haqqında”, “Polis haqqında” və “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun hazırlanıb.

Hansı əşyalarla ASAN xidmət mərkəzlərinə daxil ola bilmərsiniz?

Məlumata görə,  təlimatda inzibati binasına keçirilməsi qadağan olan əşyaların siyahısı verilib.

Belə ki, həmin əşyalara aşağıda qeyd olunanlar daxildir:

Odlu silahın bütün növləri;

Döyüş sursatları;

Partlayıcı maddələr və onların hissələri;

Pnevmatik silah;

Qaz silahı

Soyuq silahın bütün növləri;

Konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlər;

Spirtli içkilərin bütün növləri, spirt qarışığı olan xüsusi maddələr;

Neft məhsulları, tezalışan maddələr və pirotexniki məmulatlar;

Zəhərli maddələr və digər zərərli materiallar;

Təsərrüfat çantası, iri bağlama, çamadan;

Xüsusi konteynerlərdə, qəfəslərdə və ya akvariumda gətirilmiş it, pişik, quş, balıq və digər heyvanlar istisna olunmaqla ev heyvanları.

Vurğulanıb ki, qeyd olunan avadanlıqların keçirilməsi ilə bağlı məhdudiyyət yoxdur. Sadəcə onlardan istifadə məhdudlaşdırıla bilər. Belə ki, Dövlət Agentliyinin və ASAN xidmət mərkəzlərinin inzibati binasında xüsusi ayrılmış yerlərdən başqa (məsələn, nikahın qeydə alınması üçün ayrılmış xüsusi məkan) çəkilişin həyata keçirilməsi üçün müvafiq icazə olmalıdır. 

Mütləq qaydada bir qadın əməkdaş prosesə cəlb olunur

Qeyd edilib ki, binalara daxil olan şəxslərdə keçirilməsi qadağan edilən əşyaların olub-olmamasını müəyyən etmək üçün buraxılış postunun əməkdaşları xüsusi texniki vasitələrdən istifadə edirlər. Həmin buraxılış postunun əməkdaşları arasından mütləq qaydada bir qadın əməkdaş prosesə cəlb olunur. 

Dövlət Agentliyinin əməkdaşları üçün belə hal nəzərdə tutulmayıb.

Bu şəxslər yoxlamadan keçmir

Bildirilib ki, təlimata əsasən aidiyyəti üzrə mühafizə xidmətini həyata keçirən əməkdaşlara, məxfi poçtu paylayan kuryer və feldyeger qulluqçularına, xidməti vəzifələrinin yerinə yetirilməsi zərurəti ilə əlaqədar buraxılan digər şəxslərə Agentliyin və mərkəzlərin inzibati binasına silahla daxil olmağa icazə verilir. Hamilə qadınların və uşaqların yoxlanılması xüsusi aparatlar vasitəsi ilə həyata keçirilmir.

Vətəndaşların əşyalarına necə nəzarət edilir?

Qurum avadanlıqlar təhvil veriləndə, onların təhlükəsizliyinin təminat məsələsinə də aydınlıq gətirib:

“Dövlət Agentliyinə və ASAN xidmət mərkəzlərinə daxil olan şəxslər əşyalarını müvəqqəti saxlanılması üçün xüsusi mühafizə yerlərindəki nömrələnmiş saxlama kameralarına yerləşdirə bilərlər. Buraxılış rejiminə riayət edilməsinə və təhvil verilmiş əşyaların saxlanılması, mühafizəsi, qeydiyyatı və aidiyyəti üzrə verilməsinə görə buraxılış postunun əməkdaşı məsuliyyət daşıyır”.

Bu əşyaların keçirilməsinə məhdudiyyət yoxdur

O da qeyd edilib ki, inzibati binalaea  mobil telefon, kompüter, planşet, yaddaş kartı kimi texnoloji avadanlıqların keçirilməsi ilə bağlı məhdudiyyət yoxdur. Bundan əlavə, buraxılış postu stasionar telefonla təmin olunub. Ehtiyac yaranacağı halda şəxslər bu telefondan da istifadə edə bilərlər.

Vergilər Nazirliyi də vətəndaşların, xüsusilə sahibkarların daha çox ziyarət etdiyi dövlət qurumlardandır.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Xeberler.az-a verilən məlumata bununla bağlı vergilər nazirinin əmrinə əsasən Qaydaları təsdiq edilib.

Belə ki, qeyd edilən Qaydalar mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanıb və vergi orqanlarının inzibati binalarında təhlükəsizliyin təmin edilməsi məqsədi ilə vergi orqanlarının inzibati binalarına daxil olan şəxslərin və onların əl bağlamalarının yoxlanılması və inzibati binaların girişində quraşdırılmış xüsusi texniki vasitələrdən istifadə qaydalarını müəyyən edir:

Vətəndaşlar stasionar (tağlı) metalaxtaran qurğudan keçirilir

“Qaydalara əsasən vergi orqanlarının inzibati binalarına daxil olan və oranı tərk edən şəxslərin yoxlanılması məsul şəxslər tərəfindən həyata keçirilir. Yoxlama iki üsulla – xüsusi texniki vasitələrlə və digər vasitələrlə həyata keçirilir. Məsul şəxs inzibati binaya daxil olan və oranı tərk edən şəxslərin yoxlanılmasını təmin etmək məqsədi ilə onların- Bu zaman ilk olaraq məsul şəxs yoxlanılan şəxsə ona məxsus metal əşyaların, mobil telefonların, elektron cihazların, siqaretlərin, alışqanların və digər kiçik əşyaların qurğunun yanında yerləşdirilmiş masanın üstünə qoyulmasını bildirir və daha sonra yoxlanılan şəxsin stasionar (tağlı) metalaxtaran qurğudan keçməli olduğunu onun nəzərinə çatdırır.Vergi orqanlarının inzibati binalarına daxil olan və oranı tərk edən şəxs stasionar (tağlı) metalaxtaran qurğudan keçən zaman xəbərdaredici siqnal işə düşərsə, həmin şəxs təkrarən stasionar (tağlı) metalaxtaran qurğudan keçirilir. Bu zaman da xəbərdaredici siqnal işə düşərsə, həmin şəxs daşınan metalaxtaran alətlə yoxlanılmalıdır”.

Bildirilib ki, Qaydalara əsasən vergi orqanlarının inzibati binalarına daxil olan və oranı tərk edən qadın və kişilərin yoxlanılması eyni cinsdən olan məsul şəxslər tərəfindən həyata keçirilir.

Bu şəxslər Vegilər Nazirliyinə yoxlanılmadan keçə bilir

Qaydalar vergi orqanlarının vəzifəli şəxsləri, stajçılar, ştatdankənar müfəttişlər, büdcədənkənar fond hesabına saxlanılan müfəttişlər, Vergilər Nazirliyinin Həmkarlar Komitəsinin işçiləri,  müqavilə əsasında vergi orqanlarına mütəmadi iş görən, xidmət göstərən fiziki şəxslər və ya təşkilatların işçiləri, müqavilə əsasında vergi orqanı üçün birdəfəlik (mütəmadi olmayan şəkildə) iş görən, xidmət göstərən fiziki şəxslər və ya təşkilatların işçiləri və vergi orqanının yerləşdiyi inzibati binaya gələn qonaqlar və digər şəxslərə aiddir. İstisna yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toxunulmazlıq hüququna malik olan şəxslərin, o cümlədən Milli Məclisin deputatlarının, Hakimlərin və Məhkəmə Hüquq Şurasının üzvlərinə münasibətdə mövcuddur.

Məlumata görə, vergilər nazirinin 16 sentyabr 2014-cü il tarixli əmrinə əsasən “Vergi orqanlarında smartfon tipli, internetə çıxış imkanına və foto və video görüntüsünə malik olan mobil telefon cihazlarından, planşet və noutbuk tipli kompüterlərdən, foto və video görüntü, səs qeydə alan cihazlardan, xarici yaddaş qurğularından və elektron yaddaşa malik digər mobil cihazlardan istifadə Qaydaları” təsdiq edilib.

Qadağan olunan əşyalar

Bu Qaydalar vergi orqanlarına verilən tapşırıqların icrası zamanı dövlət, peşə və kommersiya sirrinin qorunması, vergi orqanlarının vəzifəli şəxslərinin hüquqlarının müdafiəsi məqsədini daşıyır. Qaydalara görə vergi orqanlarının vəzifəli şəxslərinə, xidməti heyətinə və digər işçilərinə xidməti vəzifələrinin icrası ilə əlaqədar smartfon tipli, internetə çıxış imkanına və foto və video görüntüsünə malik olan mobil telefon cihazlarından, planşet və noutbuk tipli kompüterlərdən, foto və video görüntü, səs qeydə alan cihazlardan, xarici yaddaş qurğularından istifadə etmələri qadağan olunur:

“Həmin cihazlarla Vergilər Nazirliyinə və nazirliyin tabeliyində olan qurumların inzibati binalarına daxil olmaq, eləcə də inzibati binalarda həmin əşyalardan istifadə etmək qadağandır. Xidməti zərurətlə əlaqədar xüsusi icazə almaqla inzibati binalara planşet tipli kompüterlə daxil olmaq mümkündür”.

Qeyd edilib ki, vergi orqanlarının vəzifəli şəxslərinin qəbuluna gələn şəxslərə Vergilər Nazirliyinin və nazirliyin tabeliyində olan qurumların inzibati binalarına istifadəsi məhdudlaşdırılan cihazlarla daxil olmağa yol verilmir:

“Qəbula gələn şəxslər üzərilərində olan istifadəsi məhdudlaşdırılan cihazları saxlanması üçün nəzərdə tutulmuş müvəqqəti saxlanc yerlərinə təhvil verdikdən sonra Vergilər Nazirliyinə və nazirliyin tabeliyində olan qurumların inzibati binalarına buraxılırlar”.

Nazirlikdə müvəqqəti saxlanc yerləri yaradılıb

Öyrənirik ki, istifadəsi məhdudlaşdırılan cihazların müvəqqəti saxlanması üçün Vergilər Nazirliyinə və nazirliyin tabeliyində olan qurumların inzibati binalarının girişində müvəqqəti saxlanc yerləri yaradılıb:

“İstifadəsi məhdudlaşdırılan cihazlar müvəqqəti saxlanc yerinə təhvil verilərkən cihaz sahibinə müvəqqəti saxlanc yerinin bölməsinin nömrəsi əks olunan saxlanc nömrəsi verilir. Müvəqqəti saxlanca götürülmüş istifadəsi məhdudlaşdırılan cihazlar təqdim edilmiş saxlanc nömrəsi əsasında sahibinə qaytarılır”.

O da bildirilib ki, Vergilər Nazirliyinə qəbul və digər məqsədlərlə gələn qonaqlara zərurət olduğu halda, digər şəxslərlə əlaqə yaradılması üçün şərait yaradılır.

Məltəm Talıbzadə

 

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.