Elektron torpaq xəritələrinin tərtibi mövzusunda elmi seminar keçirilib

19-03-2019 / 10:04

Əkinçilik Elmi Tədqiqat İnstitutunda ” Coğrafi informasiya sistemləri (CİS) əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymət xəritələrinin tərtibi metodikası” mövzusunda elmi seminar keçirilib.

Xeberler.az  bildirir ki, institutun direktoru Cavanşir Təlai seminarı giriş sözü ilə açaraq Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, biologiya üzrə elmlər doktoru, professor, Beynəlxalq Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın Aqrar məsələlər üzrə müşaviri, BDU-nun Torpaqşünaslıq kafedrasının müdiri Qərib Məmmədovu və tədbir iştirakcılarını salamladı. C. Təlai Azərbaycan Respublikası Təhsil Nazirliyi, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Bakı Dövlət Universiteti tərəfindən, akademik Qərib Məmmədovun rəhbərliyi ilə hazırlanan “Coğrafi informasiya sistemləri (CİS) əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymət xəritələrinin tərtibi metodikası” haqqında fikirlərini bildirdikdən sonra çıxış ücün sözü akademik Qərib Məmmədova verdi.

Akademik təqdimatla çıxış etməzdən əvvəl 27 sentyabr 2018 tarixində Azərbaycan Milli Elmlər Akademiyası ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında imzalanan Niyyət Sazişinə istinadən bir sıra məsələlərə aydınlıq gətirdi. Akademik bildirib ki, bu saziş kənd təsərrüfatında elm və innovasiyaların tətbiqi istiqamətində aktual məsələlərin həlli və yüksək peşəkarlığa malik kadr potensialının hazırlanmasına böyük töhfə verəcək. Sonra o coğrafi informasiya sistemləri, Azərbaycan ərazisinin rəqəmsal yüksəklik modeli, aero və kosmik materiallar əsasında elektron torpaq xəritəsi tərtibinin əsas xüsusiyyətləri haqqında geniş məlumat verdi. Aero və kosmik materiallar əsasında torpaq xəritəsinin tərtib prinsipləri, o cümlədən interaktiv torpaq xəritələrinin və torpaqların CİS əsasında ekoloji qiymətləndirilməsi xəritəsinin hazırlanması məsələlərinə aydınlıq gətirən akademik ilkin hazırlanmış interaktiv elektron torpaq və torpaqların ekoloji qiymətləndirmə xəritələrini nümayiş etdirdi. Bildirdi ki, ilk dəfə müasir coğrafi informasiya sistemləri proqram təminatı əsasında respublika ərazisini əhatə edən, məkan məlumatlarından istifadəyə əsaslanan elektron kənd təsərrüfatı və digər dövlət informasiya sistemlərinin tələb etdiyi bütün miqyas spektrini, həmçinin interaktiv yenilənmə rejimini dəstəkləyən elektron xəritə platforması yaradılıb. Həmçinin torpaq, aqrokimyəvi, habelə multidissiplinar tədqiqatların aparılması üçün həmin platforma üzərində relyefin plastikası metodu, 3D vizuallaşdırma kimi üsullardan istifadə etməklə rəqəmsal torpaq və torpaqların ekoloji qiymətləndirmə xəritələrinin tərtib edilməsinin müfəssəl metodikası işlənib. Akademik həmçinin bu istiqamətdə gələcək planlarını da dilə gətirdi, tövsiyələr verdi.

Metodik göstərişin rəyçiləri Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, “DATUM” MMC-nin direktoru, texnika üzrə fəlsəfə doktoru Camal İsmayılov və Seul Milli Universitetinin professoru Hee-Myog Ru olduğu da diqqətə catdırıldı. Sonda Əkinçilik ET institutunun Bitki fiziologiyası və biotexnologiya şöbəsinin aparıcı elmi işçi Rüfət Mirzəyevin, Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin müdiri Məzahir Rzayevin, Torpaq və bitki analizləri laboratoriyasının aparıcı elmi işçisi Yasin Kərimovun mövzu üzrə aidiyyatı sualları ətraflı olaraq cavablandırıldı. İnstitutun direktoru C.Təlai yekun nitqində əldə olunan məlumatlara görə akademik Qərib Məmmədova təşəkkürünü bildirdi və belə elmi seminarların mütəmadi olmasını arzuladı.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə