Kriptovalyutanı haradan almalı və nəyə diqqət etməli? - Müsahibə

26-04-2018 / 15:15

Kriptovaluyutalar  hər nə qədər sürətlə populyarlaşsa da, son dövrlərdə bu pul vahidi ilə bağlı neqativ halların çoxladığını müşahidə edirik. Davamlı qiymətlərində dəyişim olan kriptovalyutaları artıq bəzi İT nəhəngləri belə qadağan edib.

Hətta bu yaxında İranda da rəsmi olaraq kriptovalyuta qadağan edildi. Bunlara baxmayaraq vətəndaşlar kriptovalyuta almağa davam edir.

Bəs görəsən bu sahədə nələr baş verir? Vətəndaşlar aldanmamaq, “kriptotələyə” düşməmək üçün nə etməlidir?

Bu sahədə baş verənlərlə bağlı daha ətraflı yeni yaranmış Blokçeyn Azərbaycan Mərkəzinin həmtəsisçisi, Crypto consulting şirkətinin direktoru Elnur Quliyev ilə söhbət etdik.

Müsahibəni təqdim edirik:

-Son dövrlərdə kriptovalyutaların kurslarında çox ciddi dəyişikliklər baş verir. Hətta bildirirlər ki, artıq kriptovalyutaların sonu çatıb. Kursun bu cür sürətli dəyişikliyi nə ilə əlaqədardır?

   - Öncə onu qeyd edim ki, kriptovalyutanın qiymətinə təsir edən əsas göstərici bazarda tələb və təklif amilidi. Bazarda tələb varsa qiymət də yüksək olacaq. Tələb isə o zaman yaranır ki, investorlar arasında kriptovalyutaya maraq və inam artır.

     Hesab edirəm ki, qiymətlərdəki kəskin dəyişikliklərin baş verməsinin əsas səbəbi insanların kriptovalyutaların gələcəyi ilə bağlı gözləntilərini bilməmələridir. Məlumdur ki, kriptovalyuta bazarında qiymətlər hər hansı mərkəzi orqan tərəfindən tənzimlənmir. İctimai mətbuatda kriptovalyutalar barədə gedən istənilən müsbət və ya neqativ xəbərlər birbaşa olaraq kriptovalyuta bazarındakı qiymətlərə təsir edir. Belə xəbərlərə misal olaraq ölklərin kriptovalyutalarla bağlı siyasəti, birjalara tətbiq olunan tənzimləmə metodları, ictimai şəxslər və ya maliyyə qurumlarının rəhbərlərinin açıqlamları, kripto sənayədə baş verən yeniliklər və rəqəmsal valyutaların tətbiqi ilə bağlı anonslar və s kimi xəbərləri göstərmək olar. Bəzən xəbərlər spekulyativ xarakter daşıyır və müyyən qruplar da varki bundan məharətlə isitifadə edib kriptovalyutaların məzənnəsinin dəyişməsində qazanırlar.

-Sualı daha kəskin qoymaq istərdik. Necə düşünürsünüz, kriptovalyutaların gələcəyi varmı və o fiat pulları əvəz edə biləcəkmi?

 - Kriptovalyutaların fiat pulları əvəz etməyi barədə danışmaq çox tezdir. Deyərdim ki, kriptovalyutalar hazırda ilkin inkişaf mərhələsindədir və hələki yaxın gələcəkdə fiat pulları əvəz etmək kimi iddiasi yoxdur. Bunun üçün müyyən qanunvericilik aktlarının qəbul ediəsi vacib şərtdir. Dövlətlər isə bu baxımdan hələki tələsmirlər və yeni texnologiyanın imkanları araşdırılır. Hələ ki, yalnız Yaponiya ölkə daxilində bitcoin-i rəsmən ödəniş vasitəsi kimi qəbul edib. Bəzi ölklər isə özlərinin milli kriptovalyutaların yaradılmasının daha effekli olacağını düşünür.

Kripto-bazarda hazırda 1400-dən çox koin, tokenlər var və onların da 85%-nin gələcəyi olduqca böyük şübhə doğurur. Lakin prespektivi olan kriptovalyutalar da az deyil. Hesab edirəm ki, 2018-ci ildə kriptovalyutalarla bağlı daha maraqli yeniliklərin şahidi olacayıq.

-Hazırda kriptovalyuta bazarında durumu necə dəyərləndirirsiniz? Hansı tendensiya üstünlük təşkil edir ?

 -Aprel ayının əvvəlindən başlayaraq kriptovalyuta bazarında bir canlama yaranıb. İnvestorların kriptovalyutaların gələcəyinə inamının artması müşahidə olunur. Buna bir növ təkan verən səbəblərdən biri kimi iri maliyyə qurumlarının rəhbərlərinin rəqəmsal valyutların müəyyən tənzimləmələrdən sonra gələcəyinin müsbətə doğru istiqamətlənəcəyi barədə açıqlamaları təsir etdi. Misal olaraq Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard və bir sıra iri bankların kriptovalya bazarına girmək niyyətlərinin olması ilə bağlı açıqlamalarını göstərmək olar. Bu tip açıqlamalar korporativ investorlar üçün çox önəmlidir və tendensiya onu göstərir ki, bazar 2017-ci ildəki ajotajla deyil daha az templə artacaq.

Nəzərə almaq lazmdır ki, hazırda iri investorların kriptovalyuta bazarına girməsini gecikdirən əsas faktor tənzimləmə mexanizmlərinin olmamasıdır. Çoxları düşünür ki, hər hansı tənzimləmələrin olması bazar neqativ təsir göstərəcək. Əksinə! Mən hesab edirəm ki, kriptovaltuya bazarının tənzimlənməsi bazara uzunmüddətli mövqedə effektiv təsirini göstərəcək və investorların güvənini təmin edəcək.

-İndi daha çox hansı kriptovalyutalar populyardı? Birjalarında alqı-satqı etmək üçün kriptovalyutnı seçərkən hansı kriteriyalara diqqət etmək lazımdır?

   - Hazırda bitcoin ən populyar rəqəmsal aktiv statusunu saxlamaqdadır. Bunun əsas səbəbi odur ki, bitcoin digərləri ilə müqaisədə mübadilə və tətbiqi imkanları daha çoxdu. Ümumilikdə baxdıqda isə “Top 20”-də olan altkoinlər kifayət qədər populyarlıq qazanıb və bunu onların kapitalizasiyası üzrə göstəricilərinə əsasən müşahidə etmək mümkündür. Birjalarda uğurlu ticarət etmək üçün düzgün kriptovalyuta çütlüyünü seçməniz çox önəmlidir. Odur ki, ticarət etmək üçün kriptovalyuta seçərkən əsəs diqqət etməli kriteriyalar bunlardır: kriptovalyutanın ümumi emissya sayı, qiyməti, gündəlik ticarət dövriyyəsi, kapitalizasiyası, ticarət olunduğu birjaların sayı, qiymətin volatilliyi.

 -Siz necə düşünürsünüz, Azərbaycanda kriptovalyuta ödəniş vasitəsi olaraq qəbul edilə bilərmi? Məsələn, yaxın günlərdə hansısa kafenin bitcoin-lə ödəniş qəbul edəcəyini, banklarda bitkoinin dollara və ya manata dəyişilməsini gözləmək olarmı?

 -Azərbaycanda yegənə ödəniş vasitəsi manatdır və hesab edirəm ki, yaxın 3 ildə kriptovalyutalarla hər hansı əməliyyat mümkün olmayacaq. Bunun üçün ilk növbədə insanlar maarifləndirilməli və müvafiq qanunvericilik aktları qəbul olunmalıdır. Yalnız bundan sonra real sektorda kriptovalyutaların tətbiqi mümkündür.

Ölkəmizdə insanlar daha çox nəğd pulun istifadəsini üstün tutduqları üçün hələki rəqəmsal valyutalardan istifadəyə psixoloji hazır deyil. Buna baxmayaraq hazırda bitcoin və digər kriptovalyutalar barədə ciddi araşdırma apararaq real investisya qoymaq istəyənlərin sayı da durmadan artmaqdadır. Lakin hələlik yalnız həvəskar investorlardan söhbət gedə bilər. Nə qədər ki, ölkəmizdə kriptovalyutalara rəsmən hüquqi qiymət verilməyib kriptovalyuta bazarının inkişafı sual altında olacaq. Çünki yerli kripto-birjalar və ya mübadilə məntəqələrinin yaranması üçün hüquqi bazanın olması mütləqdir.

-İlkin dövrlərdə kriptovalyutalara, əsasəndə bitcoin-əo “maliyyə piramidası” kimi yanaşırdılar. İndi vəziyyət necədi? Piramidanı real kriptovalyutadan necə fərqləndirmək olar?

 -Kriptovalyutalara münasibət onların yarandığı dövürdən indiki vaxta qədər birmənalı deyil. Xüsusilə bitcoin-in məşurlaşdığı andan başlayaraq hələ indiyə kimi onu piramda, köpük, hava balonu adlandıranlar da kifayət qədərdi. Onlar arasında məşhur iqtisadçıları, maliyyə qurumlarının rəhbərlərini və ümumiyyətlə iqtisadi və innovativ texnologiyalar sahəsində biliyi olmayan “ekspert”ləri də görmək mümkündür.

Təhlil üçün piramida və bitcoin-in bəzi əsas xüsusiyyətlərini bir neçə faktorları nəzərdən keçirərək müqaisə edək:

İdarəetmə faktoru: Piramida mərkəzi idarəetmə sistemi olan bir şirkət tərəfindən idarə olunur və şərtləri yalnız o diktə edir. Həmin şirkət yoxa çıxdıqda və ya iflas edərsə investorların pullarının itirilməsi ilə nəticələnəcək. Bitkoin isə blokçeyn texnologiyasına əsaslanıb və mərkəzi idarəetmə orqanı yoxdu.

Əmtəə faktoru: Piramidada adətən konkret əmtəə olmur olsa da həmin əmtəənin sayı ilə bağlı heç bir limit və ya məhdudiyyət yoxdur. Həmçinin bu əmtənin piramida xaricində bazar dəyəri olmur. Bitcoin isə özü bir məhsuldur və mayninq nəticəsində əldə edilir. Emisiya sayı sistem tərəfindən limitlidir və hər dörd ildən bir 2 dəfə azalır. Nəticədə ümumi say 21 milyon təşkil edəcək. Bitcoin-lə əmtəə və ya xidmət müqabilində hesablaşmaq, həmçinin real valyutalara mübadilə etmək mümkündür.

Gəlirlilik faktoru: Piramidalarda mənfəət yalnız yeni investorların pulları ilə təmin edilir. Yəni ödəmə almaq üçün piramida qanunlarına əsasən mütləq şəkildə yeni investorların cəlb edilməlidir. Bitcoin yaraılarkən onun investiya aləti kimi nəzərdə tutulmamışdı və gəlirliyi yalnız kriptovalyuta bazarında tələb və təklif əsasında formalaşır. Hazırda bazarda təklif məhduddur, tələb isə artan trend üzrə gedir ki, bu da öz növbəsində bitkoinin qiymətinin artmasını təmin edir.

Şəbəkə marketinqi faktoru: Piramida şirkətlərinin mövcudluğunun əsas şərtlərindən biri şəbəkə marketinqidir. Bu zaman yeni investorların cəlb edilməsi sayəsində daha əvvəlki iştirakçılara bonuslar verilir və beləliklə mənfəətin əldə olunması kimi saxta təəssurat yaradılır. Bitkoinə gəldikdə isə burada şəbəkə marketinqi və ya investor cəlbinə görə bonus verilməsi deyə bir anlayış yoxdur.

 -Kriptovalyuta birjaları ənənəvi birjalardan nə ilə fərqlənir? Kriptovalyuta birjalarının iş prinsipi necə qurulub?

 -Birja – alıcı və satıcıların sövdələşdiyi yerdir. Faktiki olaraq bir çox hallarda birjalarda sövdələşmələr birbaşa alıcı və satıcıların iştirakı olmadan onların vasitəçiləri tərəfindən aparılır. Birjanı bildiyimiz bazarla müqaisə etmək olmaz, çünki, bazarda satıcıda malların mövcudluğunu görmək mümkündü və alqı-satqı adətən vasitəçilərsiz aparılır. Birjalarda isə alqı-satqı zamanı mallın özünün olması mütləq deyil. Birjalar qabaqcadan müəyyən edilmiş qaydalar çərçivəsində fəaliyyət göstərən yaxşı təşkl olunmuş bir strukturdu. Hazırda növlərinə görə əmtəə, valyuta, fond və fyuçers birjaları var. Bir qayda olaraq birjların fəaliyyətini dövlətin nəzarət orqanları tənzimləyir. Kriptovalyuta birjalarında isə belə tənzimləmə qaydaları yoxdu. Kriptovalyuta birjaları struktur, mübadilə imkanları, birja iştirakçılarına qoyulan tələblər və fəaliyyət aspektləri baxımından ənənəvi birjalardan fərqlənir. Kriptobirjalarda yalnız rəqəmsal aktivlər mübadilə olunur. Kriptovalyuta birjalarının iş prinsipi olduqca sadədir və bir neçə mərhələdən ibarətdir:

Qeydiyyatdan keçmək. Qeydiyyat proseduru adi saytlardakı kimi sadədir.

Ticarət və ya mübadilə üçün elektron pulların mədaxil edilməsi. Bu zaman heç bir komissiya tutulmur. Bəzi hallarda birjaya mədaxil yalnız kriptovalyutalar ilə mümkün olur. Məxaric zamanı tutulan komissiya isə məxaric edilmə formasında aslı olaraq 0-5% aralığında dəyişir.

Alqı-satqı sifarişinin (order) yaradılması. Bu zaman istifadəçi özü kriptovalyutanı hansı qiymətə alacağını və ya satacağını müəyyən edir.

Müvafiq əməliyyat başa çatdıqdan sonra istifadəçi aktivlərini birja hesabında saxlaya və ya digər elektron hesablarına köçürə bilər. Kriptovalyuta birjasında hər tip insana rast gəlmək olar: treyder, mayner, investor və ya adı istifadəçi hansı ki, yalnız rəqəmsal aktivini mübadilə etmək istəyir. Bu insanlar birjalarda yalnız iki məqsəd üçün istifadə edirlər: qazanmaq və mübadilə etmək.

-Bu sual da Xeberler.az oxucuları üçün maraqlıdır: tutaq ki, adi vətəndaş kriptovaltyuta almaq istəyir. O, nə etməlidir? Kriptovalyutası olan lazım gəldikdə onu adi işlətdiyimzi fiat pullara necə çevirə bilər?

-Kriptovalyutanın ən rahat almaq üsulu 24xbtc.com, xchange.cash, goodobmen.com, prostocash.com, bestchange.ru və s. kimi beynəlxalq onlayn-mübadilə saytlarında ADVCash, Perfect Money, Payeer, OKPay, Qiwi kimi elektron cüzdanlardan istifadə edərək almaq mümkündür. Lakin bu zaman sizin 8-12% komissiya xərciniz çıxacaq. Əgər elektron cüzdanınız yoxdursa və ya istifadə edə bilmirsinizsə o halda adı bank kartlarınız vasitəsilə mübadilə saytlarının balansını artırmaqla kriptovalyutaları ala bilərsiniz. Nəzərə alın ki, 01.01.2017 tarixdən etibarən beynəlxalq elektron cüzdanlar və kripto-birja hesablarına yerli bankların verdiyi Master/Visa kartları ilə valyuta mədaxil etdikdə ümumilkdə sizdən 10-18% vergi tutulacaq. Üstəgəl mübadilə saytlarının öz komissya xərcləri.

İkinci ən opulyar alış üsulu kriptovalyuta birjalarından almaqdır. Sadəcə bunun üçün müyyən bilikləriniz olmalıdır. Çünki birjada əməliyyat zamanı istənilən səhv rəqəmsal aktivlərinizin itirilməsinə səbəb ola bilər.

Kriptovalyatının fiat pula çevirməyin isə üç əsas üsulu var: birjalar, mübadilə servisləri və fiziki şəxlərin köməy ilə. Birja və ya mübadilə servislərində kripto aktivlərinizi fiat pullara çevirdikdən sonra onları nağdlaşdırmaq üçün şəxsi Visa/Master kartlarına göndərə bilərsiniz. Nəzərə alın ki elektron cüzdanların demek olar ki, hər birinin öz ödəniş kartları var və 8-10 dollar müqabilində sifariş verib nəğdləşdirmək üçün istifadə edə bilərsiniz. Həmçinin hazırda geniş istifadə olunan populyar Cex.io birjasından vəsaitlərinizi birbaşa yerli bankların verdiyi şəxsi plastik kartlarınaza göndərə bilərsiniz.

-Adi vətəndaş kriptovalyuta birjasını seçəndə nəyə diqqət etməlidir? Son zamanlarda bu cür birjalara hücumların olduğu, insanların xeyli vəsaitlər itirdiyi bildirilir. Siz hansısa dayanıqlı, etibarlı birjaları tövsiyyə edə bilərdinizmi?

-Birja seçərkən mütləq şəkildə nəzərə almalı olduğunuz faktorlar var. Bunlar birjanın reputasiyası, mübadilə olunan valyuta cütlüklərinin sayı, gündəlik ticarət dövriyyəsi, mədaxil və məxaric şərtləri, komissyalar, təhlükəsizlik və verifikasiya tələbləri, coğrafi mövqe və s. Birjalar yuxarıda sadaladığım faktorlardan əlavə əlverişli interfeys, çox funksionallıq və etibarlılığına görə bir birindən fərqlənirlər və bu xüsusiyyətlərinə görə də istifadəçilər bazası cəlb edirlər. Hazırda Bittrex, Bitfinex, Binance, Poloniex, Bitstamp, Cex.io nisbətən etibarlı birjalar hesab olunur. Lakin risk həmişə var və heç bir birja bundan sigortalanmayıb.

Kriptobirjaların xidmətindən istifadə edən investorlar üçün 3 əsas riski qeyd etmək istərdim: birjanın iflası, birjaya xaker hücumu və birja inzibatçılarının fırıldaqçılığı. Odur ki, alqı-satqı və ya hər hansı mübadilə əməliyyatı etdikdən sonra vəsaitlərinizi üzünmüddətli mövqedə bir birjada saxlamayın. Rəqəmsal vəsitlərinizi ya bir neçə birjada ya da nisbətən təhlükəsiz hesab edilən elektron cüzdanlarda saxlayın.

-Son dövrlərdə kriptovalyutalar daha bir məhdudiyyətlə qarşılaşdılar. Bəzi qlobal resurslar Facebook, Twitter, Google kriptovalyuta və İCO layihələrin reklamlarını qadağan ediblər. Sizcə bu, kriptovalyuta bazarına necə təsir edib? Bu tendensiya necə dəyişə bilər, investorları bu sahədən uzaqlaşdrıa bilərmi?

-Qadağalar təbii ki, kriptovalyuta bazarına öz mənfi təsirini göstərdi və bu gözlənilən idi. Mən hətta qeyd edərdim ki, qadağa barədə ilk xəbərlər belə öz effektini bazarda hiss elətdirdi. Məlumdur ki, müyyən qrup insanlar bazara fırıldaqçılıq məqsədi ilə prespektivli İCO və ya kriptovalyutalar çıxararaq onları aktiv reklam etməklə investisiya cəlb etməyi bacardılar. Əslində bu proses indi də davam edir. Nəticədə bu sektorda hələ kifayət qədər qiymətləndirmə bacarığı olmayan qeyri-peşəkar investorlar reklam və yalan vədlərə aldanaraq pullarını itirdilər. Sosial şəbəklər isə öz istifadəçilərinin maraqlarını qorumaq məqsədi ilə məsələni kökündən həll etmək üçün bu tip reklamları qadagan etməyi qərara aldılar. Lakin buna baxmayaraq kriptovalyuta bazarında bir müsbət tendensiya yarandı – bazardan spekulyativ investisiyalar sürətlə çıxmağa başladı və tədricən onların əvəzinə nisbətən təcrübəli investorlar daxil oldu.

Düşünürəm ki, reklam qadağaları kriptovalyuta bazarına qisamüddətli prespektivdə neqativ təsir etsə də gələcəkdə bu qadağanın müsbət təsrini görəcəyik. Səbəbin qısa izah edim. Reklam qadağası ilk növbədə fırıldaqçı proyektlərə öz təsirini göstərəcək, hansı ki, yalnız aktiv reklamlar sayəsində geniş auditoriya qazanmaq potensialı var. Üstəlik nəzərə alın ki, top 10-luqda olan kriptovalyutalar, birjalar, onlayn-mübadilə saytlarının aktiv reklamlara ehtiyacı yoxdu. Onlar onsuzda tanınır və qisamüddətli qiymət enməsinə tab gətirə bilirlər. Bazarda vəziyyət normallaşan kimi əvvəlki mövqelərini rahatlıqla geri qaytarma gücünə malikdirlər.

-Kriptovalyutalara investisiya etmək istəyənlər üçün nə məsləhət görürsunuz?

-Hesab edirəm ki, kriptovalyuta investisiya instrumenti kimi yaxın gələcəkdə ən yüksək marjalı investiyalardan olacaq. Necə ki, son iki ilin təcrübəsində biz bunun şahidi olduq. Təbii ki, risklərdə yüksəkdir və real proqnoz vermək çox çətindir. Bu səbəbdən investisiya etməzdən əvvəl bu sektoru öyrənin, müstəqil araşdırmalar aparın və ya risklərinizi minimallaşdırmaq üçün özünüzdən daha təcrübəli ekspertlərlə məsləhətləşin.  Blokçeyn Azərbaycan Mərkəzi olaraq biz bu istiqamətdə maarifçilik işlərinin aparılmasını, konsaltinq xidmətlərinin təşkil edilməsini də nəzərdə tuturuq

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.