Məlum olduğu kimi, bu gün kriptovalyuta və blokçeyn (elektron pul) dünyada, o cümlədən də ölkəmizdə maraq doğuran mövzulardandır.
Hər keçən gün bu texnologiyanın tətbiqi istiqamətləri daha da genişləndirilir. Artıq bir çox bizneslər öz idarəetmə sistemlərini dünyada mövcud olan aparıcı blokçeyn platformalarına keçirirlər. Proses hər gün daha böyük sürətlə inkişaf edir.
Hazırda dünyada bank sektorunun bu sahəyə böyük marağı müşahidə edilir. Təəssüflər olsun ki, Azərbaycanın bank sektorunda bu sahə ilə bağlı aktiv fəaliyyət nəzərə çarpır.
Bəzi banklar hesab edir ki, yeni pul vahidini tətbiq etmək olduqca çətindir. Bunun üçün yeni bank və ya bank sistemi yaradılmalıdır.
Görəsən, banklar bu yeni texnologiyaları necə tətbiq edə bilər?
Kriptovalyuta və blokeçeyn araşdırmaçısı, mütəxəssis Sənan Həsənov Xeberler.az-a bu texnologiyanın Azərbaycan Bank sektoruna inteqrasiyası barədə məlumat verib.
O, yeni texnologiyanın xüsusilə kiçik və orta biznesin maliyələşmə modeli və bunun ümumilikdə iqtisadiyyata müsbət təsirlərini də qeyd edib.
Sənan Həsənovun sözlərinə görə, hazırda bu sahə nisbətən yeni olduğu üçün bir çox ölkələr kriptovalyuta və ümumilikdə blokçeyn texnologiyalarını araşdırırlar:
“Onunla işləmə mexanizmlərini formalaşdırmağa çalışırlar. Bir sıra ölkələrdə kriptovalyuta əmtəə kimi qəbul olunaraq ona digər əmtəələr kimi münasibət formalaşdırılır. Digər qrup ölkələrdə ona investisiya aləti kimi baxılır. Ancaq kriptovalyutanı ödəniş vasitəsi kimi qəbul edən ölkələr də var. Məsələn, Almaniyanı misal göstərmək olar. Yaponiyada bitcoin qanuni ödəniş vasitəsi kimi artıq qəbul olunub. Çində bitcoin ilə əməliyyatlar banklara qadağan olunub, ancaq fiziki şəxslərə icazə verilir. Çin ümumiyyətlə dünyada ən çox sayda bitcoin mədənçiləri (miners) olan ölkələrdəndir. İsveçrədə kriptovalyuta ilə əməliyyatlar və biznes qurulması üçün ən münbit şərait mövcuddur. Bu ölkədə kriptovalyuta xarici valyuta olaraq qəbul olunur. Ukraynada artıq bir çox insanlar öz yığımlarını kriptovalyutaya keçirirlər. Bu da təbii bir haldır belə ki, kriptovalyuta məhdud resurs olduğu üçün onun uzunmüddətli perspektivdə dəyərdən düşməsi və ya hər hansı böhranlara məruz qalması qeyri mümkündür”.
Mütəxəssis kriptovalyutaların dünyada tətbiq olunan alqı-satqı imkanlarına təsirindən də danışıb.
O qeyd edib ki, kriptovalyutanın alqı-satqısı üçün internet məkanında çoxsaylı onlayn mübadilə alqı- satqı və mübadilə resursları mövcuddur. Onların sayı gündən günə artır:
“Düşünürəm ki, zamanla kriptovalyutanın alqı satqısı prosesində müəyyən tənzimləmələr tətbiq olunacaq. Bu elektron valyuta olduğu üçün onu izləmək və hərəkətlərinə nəzarət etmək kağız pullardan fərqli olaraq daha asandır. Onun üçün daha öncə də qeyd etdiyim kimi hələ nisbətən yeni olduğu üçün alqı satqı prosesinə ciddi nəzarət bir çox ölkələrdə zəifdir, bəzilərində ümumiyyətlə yoxdur”.
Sənan Həsənov vurğulayıb ki, banklar kriptovalyutadan çox blokçeynin imkanlarından istifadəyə açıq olmalıdır:
“Blokçeyn mövcud bank sistemlərindən daha təhlükəsiz və təkmil nəzarət və qeydiyyat imkanlarına malik olan bir sistemdir. Bir çox böyük banklar artıq pul köçürmələrində Ripple blokçeyninin tətbiqi ilə bağlı razılaşmalar imzalayıblar. Bu məqamda qeyd edim ki, bitcoin-dən sonra yaranmış bir sıra qruplar ktiptovalyuta və blokçeyn texnologiyalarının inkişafında ciddi irəliləyişlər əldə ediblər. Kriptovalyuta əsaslı yeni bankların yaranmasına gəlincə isə düşünürəm, bu qaçılmaz bir prosesdir. Hətta artıq bir neçə nümunələr təxminən bir ay öncə formalaşıb. Sadəcə kriptovalyuta əsaslı bank yanaşmasında ənənəvi yanaşmadan fundamental fərqli ciddi dəyişikliklər nəzərə çarpır. Burada fərqli düşüncə formalaşdırmaq önəmlidir. Bu düşüncə kredit verib, müştərilərin əməliyyatlarını həyata keçirib ondan komissiya qazanan bir qurum olaraq deyil, yaşayan, iş görən və inkişaf edən bir insan cəmiyyətinin daha çox resurslara malik olan bir iştirakçısı olmaq və bu cəmiyyətin inkişafı üçün çalışmaq düşüncəsinə keçiddən ibarətdir. Bu düşüncə artıq bir sıra inkişaf etmiş ölkələrdə mövcuddur düşünürəm zamanla ölkəmizdə də formalaşacaq”.
Azərbaycan Bank sektorunda texnologiyanın tətbiqinə gəlincə, onun sözlərinə görə, bu gün bir çox insanlar öz vəsaitlərini banklarda depozit olaraq saxlamaqdan çəkinirlər. Bu da bankların maliyyə resurslarının məhdudlaşdırılmasına və nəticədə bu vəsaitlərin banklardan, iqtisadiyyatın real sektoruna keçidində ciddi maneələr yaradır.
Sənan Həsənov deyib ki, kriptovalyutaların tətbiqi ilə bu keçidin təmin edilməsi mümkündür:
“Bunun üçün Mərkəzi Bank və ya Maliyyə Bazarlarına nəzarət palatası (MBNP) tərəfindən Centralchain adlı mərkəzi blokçeyn yaradıla bilər. Banklara mərkəzi blokçeyn platforması üzərində öz kriptovalyutalarını yaratma imkanı verilir. Banklar yaratdıqaları kriptovalyutaları özləri mining edib, həmçinin resurslarına qənaət etmək üçün əhaliyə mining imkanı yaradaraq emisiyasını həyata keçirə bilər. Emisiya olunmuş kriptovalyutalar mərkəzi bank və ya MBNP tərəfindən müəyyən olunmuş elektron birjada alınıb satıla bilər. Həmçinin Bankların formalaşdırdıqları kriptovalyutalar öz aralarında da alqı satqı oluna bilər. İnsanlar bu kriptovalyutaları manat valyutası müqabilində əldə edərək, aldıqları kriptovalyutaları banklar tərəfindən analiz olunmuş bizneslərə yatıra bilərlər”.
Eskpert vurğulayıb ki, faktiki olaraq bank bir biznes reytinqi qurumu funksiyasını həyata keçirmiş olur. Həmçinin banklar bizneslər üçün xüsusi platformalar yaradır və biznesləri, onların investisiya tələb edən layihələrini analiz edərək onlara reytinqlər verir:
“Bu reytinqlər bankların səhifələrində paylaşılır. İnsanlar bankların internet səhifələrinə daxil olaraq, müvafiq identifikası proseslərini keçdikdən sonra orada yayımlanmış biznes layihələrinə öz qərarları əsasında və eyni zamanda banklar tərəfindən verilmiş reytinqlərə əsaslanaraq investisiyalar edirlər. Biznes sahibləri layihə gəlirinin müəyyən hissəsini investorlara ayırır. Ayrılmış həcm kriptovalyuta investorları arasında investisiya həcmindən aslı olaraq bölüşdürülür. Nəticədə insanlar iki parametr əsasında qərar verirlər. Bu parametrlərdən birincisi Bankların biznesə verdikləri reytinq, ikincisi biznes sahibini verdiyi investisiya gəliri olur. Bankların bu prosesdə qazancı isə bizneslərin investorlarla bölüşdüyü həcmin bir hissəsi və yaxud investorların pul yatırdıqları bizneslə bağlı mümkün itkilərini qaranti etmək hesabına ola bilər. Bütün bu əməliyyatlar Mərkəzi Bankın və MBNP blokçeyni üzərində qeydiyyata alındığı üçün əməliyyatlara avtomatik nəzarət imkanı yaranır”.
Blokçeyin, kriptovalyuta ilə bağlı daha ətraflı məlumat burada.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri