Onlayn laboratoriya təqdim olunacaq

21-02-2012 / 11:14

Multimedia Mərkəzi bildirir ki, fevralın 22-də “Yeni medianın  tədrisinin təkmilləşdirilməsi ” layihəsi çərçivəsində Bakı Dövlət  Universitetinin jurnalistika fakültəsində tədbir keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, tədbirdə ölkədə jurnalistika təhsili verən ali təhsil müəssisələrinin jurnalistika fakültələrinin nümayəndələri və yeni media mütəxəssisləri iştirak edəcəklər.

Toplantıda hər bir Universitetin jurnalistika fakültələri üçün nəzərdə tutulan Onlayn laboratoriyanın (xəbər portalının) təqdimatı keçiriləcək və bu onlayn resursun modulu  hər bir  Universitetə təqdim ediləcək.

Resursu idarə edəcək müəllimlər və tələbələr  üçün Təlim keçiriləcək.  Geniş imkanlara malik bu xəbər portalının vahid modulunun hazırlanmasında məqsəd jurnalistika  ixtisası alan tələbələrin təcrübə keçmələrinə və praktiki biliklərinin artırılmasına kömək göstərməkdir.

Tədbirdə həmçinin Universitetlərdə yeni medianın tədrisinin təkmilləşdirilməsi məqsədilə Multimedia Mərkəzinin hazırlamaqda olduğu yeni tədris modullarının (proqramlarının) layihələri  və bu istiqamətdə aparılan işlər haqqında məlumat təqdim olunacaq.

Yeni medianın tədris modelinin yekun variantının aprel ayında keçirilməsi nəzərdə tutulan konfransda geniş müzakirəsi təşkil olunacaq.

Adı çəkilən layihənin əsas məqsədi jurnalistika təhsili verən ali təhsil müəssisələrində İnternet  medianın tədrisini təkmilləşdirməklə jurnalistlərin peşəkarlığını yüksəltməkdən ibarətdir. 

Həmçinin layihənin qarşısında duran əsas vəzifə ali təhsil müəssisələrinin jurnalistika fakültələri üçün Yeni media texnologiyaları ilə bağlı seçmə fənlər blokundan, onların məzmunundan (tədris proqramları, sillabuslar, tədris-tematik planlar və s ) və digər zəruri tədris materiallarının nümunələrindən ibarət  yeni tədris modeli hazırlamaqdır.

Layihə çərçivəsində BDU-da  tələbələrin internet tv  və internet radio sahəsində praktiki vərdişlər əldəetməsinə köməklik üçün  internet tv Studiya yaradılması da nəzərdə tutulub. Hazırda studiyanın hazırlanması, avadanlıqların alınması və digər texniki işlər görülür.

Studiyada işləmək üçün müəllimlər və tələbələr üçün təlimlər təşkil ediləcək.

Layihə çərçivəsində  Yeni media texnologiyalarının tədris edən müəllimlərə köməklik məqsədilə elektron tədris resurslarından ibarət  internet resurs yaradılması da nəzərdə tutulub.

Multimedia Mərkəzi bildirir ki, beynəlxalq standartlara uyğun olaraq hazırlanacaq tədris modeli jurnalistika ixtisası üzrə təhsil müəssisələrini başa vuranların yeni media texnologiyaları sahəsində sərbəst fəaliyyətə başlaya bilməsi, yeni və daha yaxşı iş yerləri əldə edə bilməsi üçün şərait yaradacaq. Layihənin həyata keçirilməsi ilə ölkədə  yeni media mütəxəssislərindən ibarət peşəkarlar təbəqəsinin formalaşması  prosesi sürətlənəcək.

Layihə ABŞ - Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənib.

 

ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.