Sahibkarlığın diversifikasiya və inkişafı adlı konfrans keçirilib

29-03-2019 / 13:26

“İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfrans keçirib. 

Xeberler.az  bildirir ki, konfrans müddətində Avrasiya regionu və OECD ölkələri arasında əlaqələrin daha da möhkəmləndirilməsi, regionun iqtisadi və sosial inkişafı ilə bağlı əməkdaşlığın genişləndirilməsi, həmçinin bu sahədə mövcud problemlərin həll yolları müzakirə edilib.

Qeyd edək ki, OECD Avrasiya Rəqabətlilik Proqramı çərçivəsində “Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması sahəsində islahatların və iqtisadi diversifikasiyanın dəstəklənməsi” mövzusunda təhlil icmalı hazırlayıb. İcmal “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icrası üçün müəyyən edilən bəndlər üzrə beynəlxalq təcrübənin öyrənilməsini və uğurlu tətbiqinə dəstək vermək, eləcə də, Azərbaycanın əldə etdiyi müsbət nəticələr haqqında OECD-nin üzv ölkələrini məlumatlandırmaq məqsədi daşıyır.

Beynəlxalq konfransda açılış nitqi zamanı Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, beynəlxalq və nüfuzlu qurumların ölkəmiz haqqında müsbət hesabat təqdim etməsi bir daha göstərir ki, ölkədə aparılan iqtisadi islahatlar açıq hökumət, şəffaflıq və hesabatlılıq prinsiplərinə tam uyğundur:

“İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı dövlətlərin iqtisadi, sosial və ətraf mühit dəyişikliklərinin təməlində dayanan faktorları öyrənərək qlobal ticarət və investisiya axınını və məhsuldarlığı ölçür, iqtisadi məsələlərlə bağlı beynəlxalq standartları müəyyən edir. Azərbaycan iqtisadiyyatın diversifikasiyası və sahibkarlığın rəqabətqabiliyyətliyinin artırılması istiqamətində OECD ilə sıx əməkdaşlığını davam etdirir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev iqtisadiyyatın diversifikasiyası, sosial sferanın inkişafı, kiçik və orta sahibkarlığın inkişaf istiqamətində çox saylı hüquqi normativ aktlar imzalayıb. Qeyd olunan müxtəlif sektorlu islahatlar OECD tərəfindən müəyyən edilən müasir və beynəlxalq standartlarla eynilik təşkil edir. Buna görədir ki, Azərbaycanda sahibkarlıq sahəsində aparılan islahatları Dünya Bankının “Doing Business” hesabatında yüksək qiymətləndirib.”

Daha sonra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Qlobal Əlaqələr Katibliyinin Avrasiya bölməsinin rəhbəri Vilyam Tomson “Azərbaycanda iqtisadi islahatlar: Sahibkarlığın inkişafı və iqtisadi diversifikasiya” mövzusunda çıxış edib. O “Azərbaycanda sahibkarlığın gücləndirilməsi yolu ilə diversifikasiyanın sürətləndirilməsi” və “Xarici investisiyaların yerli təchizatçılarla əlaqələndirilməsi” mövzusunda hazırlanan aralıq hesabatlarının Fransada keçirilən “Avrasiya Həftəsi 2018” tədbirində də təqdim edildiyini xatırladıb. Onun sözlərinə görə, OECD-nin mütəmadi bu formatda hesabatlar təqdim etməsində məqsəd üzv dövlətlər arasında məlumat mübadiləsini təmin etmək və şəffaflıq üzrə beynəlxalq standartlara riayət edib-etməməsini dəyərləndirməkdir:

“Azərbaycan son üç ildə KOB-lar üçün institusional, tənzimləyici və əməliyyat mühitinin gücləndirilməsi məqsədilə bir sıra iqtisadi islahatlar həyata keçirib. Bu islahatlar iqtisadi istehsal və ixracın vacib diversifikasiyanı stimullaşdırmaq potensialına malikdir. Məsələn, KOB İnkişafı Agentliyinin yaradılması və www.enterpriseazerbaijan.com  portalının işə salınması düzgün istiqamətdə addımlardır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrinin bu cür tədbirlərlə təcrübəsi real dəyişikliyin mümkünlüyünü göstərir, lakin nəticələr bir günə əldə olunmayacaq: onlar adekvat resurslarla dəstəklənən davamlı və ardıcıl iş tələb edəcəklər. Mən çox şadam ki, Avropa İttifaqının EU4Business təşəbbüsünün dəstəyi ilə OECD Azərbaycanda sahibkarlıq və iqtisadi diversifikasiyanı təşviq etmək məqsədilə KOB yol xəritəsinin həyata keçirilməsini dəstəkləmək üçün hökumətlə işləyir. Bu konfransda təqdim etdiyim iki hesabat son bir neçə ildə keçirilən islahatlar nəticəsində əldə edilən nailiyyətləri əks etdirir və həmçinin agentliyin fəaliyyətinin gələcəkdə daha da inkişafı üçün bəzi yollar göstərir.”

“İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfransda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Kənd Təsərrüfatı Nazirinin müavini İlhamə Qədimova mövzu ilə bağlı çıxışlar ediblər. Beynəlxalq konfransda İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin EnterpriseAzerbaijan.com portalı menecer Aytən Məmmədova tərəfindən təqdim olunub. Müzakirəyə beynəlxalq qurumların, diplomatik korpusun yüksək vəzifəli nümayəndələri də qatılıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.