Analoq yayımdan rəqəmsala keçid- Şərh

11-12-2015 / 14:14

Televiziyanın həyatımıza təsiri danılmaz bir faktdır və müasir dövrümüzdə hər bir şəxs bu və ya digər dərəcədə televiziya izləyicisidir. Əksər hallarda izləyici olaraq televiziya verlişlərini internet, smartfon qurğular və ya ənənəvi televizor üzərindən izləyirik və bu seyr sadəcə proqramların izlənməsi ilə yekunlaşır.

Amma çox az sayda izləyici televiziya proqramlarını seyr edərkən bunun hansı texnologiya üzərindən həyata keçirildiyini, telesiqnalın hansı sistem əsasında necə və harada yarandığını fikriləşir. Bu prosesi təmin edən texnologiyalar isə müxtəlifdir və günümüzdə televiziya yayımı tipinin analoq və rəqəmsal tip üzrə bölgüsü artıq köhnəlmiş bir metoddur.

Qeyd etmək lazımdır ki, rəqəmsal texnologiyaların inkişafı ilk növbədə televiziya şəbəkəsinin infrastrukturundan asılıdır. Belə ki, abunəçinin TV xidmətə qoşulması bu və ya digər formada hər hansı bir texnologiyadan istifadəni şərtləndirir. Bu mənada analoq və rəqəmsal yayım DVB-T/T2 texnologiyası üzrə televiziya antennasının, rəqəmsal-peyk yayım isə DVB-S/S2 texnologiyası üzrə televiziya çanaq antennasının quraşdırılmasını tələb edir.

Məlumat üçün bildirək ki, qeyd olunan texnoloji sistemlərdən DVB-T (Digital Video Broadcasting – Terrestrial) DVB standartlar sisteminə daxil ola yerüstü –efir yayımı üzrə Avropa standartıdır. DVB-S/S2 isə öz növbəsində müvafiq olaraq “birinci və ikinci nəsil” rəqəmsal peyk yayımı standartlarıdır. Peykdən mobil telefona video siqnalın ötürülməsinə isə digər bir texnologiya olan DVB-H texnologiyası imkan verir. (Bu texnologiya Azərbaycanda tətbiq olunmur)

Kabel yayımı üzrə texnologiyalardan danışan zaman onu qeyd etmək yerinə düşər ki, bütün bu texnoloji sistemlər bir-birilərindən müəyyən xüsuysiyyətlərinə görə fərqlənirlər. Belə ki, analoq və rəqəmsal kabel TV yayımı (DVB-C) abunəçinin evinə koaksial kabelin çəkilməsini tələb edir. Müasir dünyada geniş yayılmış və ölkəmizdə də artıq aktul olan İPTV texnologiyası isə (Internet Protocol Television) İP protokolu üzrə şəbəkədə məlumatların ötürülməsini əks etdirən rəqəmsal televiziyadır ki, bu da abunəçinin Ethernet texnologiyası üzrə sistemə qoşulmasını nəzərdə tutur.

Nəhayət tamamilə yeni olan OTT (Over the Top) texnologiyası da vardır ki, bu internet üzərindən video xidmətin göstərilməsini nəzərdə tutur. OTT abunəçinin istifadə etdiyi platformaya – kompyuter, mobil telefon, planşet və s. internet şəbəkəsi üzərindən video siqnalın verilməsini nəzərədə tutur. Bu sistemdə həmçinin Wi-Fi, 3G, LTE şəbəkəsinin də istifadə olunması mümkündür.

Texnologiyaların müsbət və mənfi cəhətləri

Dünya miqyasında artıq analoq yayımın öz aktuallığını itirməsi və əksər dövlətlərdə yayımlanmaması səbəsindən bu sistem ödənişli televiziya xidməti kontekstində demək olar ki, nəzərdən keçirilmir. Dünyanın demək olar ki, əksər dövlətlərində analoq yayım rəqəmsal efir yayımı ilə əvəz edilir.

Məhz bu proses Azərbaycanda da müvafiq Dövlət Proqramına uyğun icra edilir. Rəqəmsal yayıma keçid prosesi hazırki durumda biznes imkanları nəzərdə tutmur. Qeyd edək ki, burada məqsəd olaraq daha çox sosial olmaqla bütün ölkə ərazisində yüksək keyfiyyətli yayımın təmin edilməsi hədəf olaraq qarşıya qoyulur.

Analoq və rəqəmsal yayım, İPTV, OTT texnologiyasından danışan zaman bu texnologiyaların müqayisəli təhlili də maraq doğurur. Belə ki, ümumilikdə haqqında bəhs edilən bütün bu sistemlərin üstün və zəif cəhətləri vardır. Belə ki, analoq yayım əhatə dairəsinin genişləndirilməsi, xərclərin azlığı və abunəçilər üçün əlavə qurğulara ehtiyyacın olmaması kimi müsbət cəhətlərə malik olsa da bir sıra çatışmazlıqlara da sahibdir. İlk növbədə burada icazəsiz kabel şəbəkəsi sisteminə qoşulma imkanı, əlavə xidmətlərin və kanallar paketinin olmaması bu texnologiyanın ən zəif cəhətləridir.

Rəqəmsal–peyk yayım tipi olan DVB-S/S2 texnologiyasının stabil çalışması isə daha çox iqlim şəraitindən və siqnalın keyfiyyətindən asılıdır. Digər çatışmazlıqlar sırasında abunəçilərin qoşulması zamanı yüksək xərclər, binaların fasadında çanaq antenlərinin qurulmasına tələb oluna icazə və əlavə xidmətlərin çox az sayda olmasını göstərmək olar. Lakin qeyd etmək lazmıdır ki, bu texnologiyada kanalların paket şəklində təqdimi və videonun yüksək keyfiyyəti vardır ki, bu da üstün cəhətlər hesab olunur.

DVB-C rəqəmsal kabel televiziyası və IP-televiziya da müqayisəli təhlil aparan zaman bir sıra çatışmazlıqları biruzə verir. Birincisi, burada şəbəkənin təşkili, onun rəqəmsallaşdırılması, modernizasiyası və video tarfikin itkisiz olması üçün İP tənzimləmələrə ehtyyac yaranır ki, bu da əlavə xərclər deməkdir. İkincisi isə DVB-C, və IP-televiziya üçün abunəçilərin ünvanında tələb olunan rəqəmsal aparatın abunəçi tərəfindən əldə edilməsi ehtiyyacı vardır. Lakin bütün bu DVB-C texnologiyasının çatışmazlığı fonunda İPTV texnologiyası daha çox üstünlüyə malikdir, belə ki, məhz İPTV çoxsaylı əlavə xidmətləri abunəçilərə təqdim edə bilir.

OTT  texnologiyasına gəldikdə isə  bildirmək lazımdır ki, bu texnologiyanın fərqli xüsusiyyəti ilk növbədə dünyada internetin olduğu istənilən nöqtədə TV xidmətin göstərilməsinin mümkünlüyüdür. Həmçinin OTT texnologiyası bir çox əlavə xidmətlərdən istifadə etmək imkanı yaradır ki, bu xidmətləri Smart TV platforması, planşet, mobil qurğular, personal kompyuter və s. üzərindən əldə etmək mümkün olur. Bu texnologiyanın çatışmazlığı isə ondan ibarətdir ki, operatorun şəbəkəsinin yüklənməsi abunəçilərin sayına proporsionaldır.

Yuxarıda qeyd olunan bütün rəqəmsal texnologiyalarda telesiqnalın verilməsində ümumi xüsusiyyət isə kanalların müxtəlif paketlərdə birləşdirilməsi imkanının mümkünlüyüdür.

Mümkün olan müxtəlif texnologiyalar

Kabel televiziyasının inkişaf tarixi də texnoloji inkişaf fonunda maraq doğurur. Belə ki, əgər bu inkişaf tarixinə baxsaq görərik ki, şirkətlər əvvəlcə sırf olaraq televiziya xidmətinin təqdimi məqsədilə bazara daxil olmuşdular. Daha sonra operatorlar efir televiziyasını 50-60 kanalın müəyyən aylıq abunə haqqı qarşılığında təqdim edilməsilə əvəz etdilər. Bazarda rəqiblərin sayının çoxalması ilə isə operatorların qarşısında seçim yarandı. Operatorlar ya mövcud abunəçi bazasında alternativ mənbə tapmalı ya da rəqiblərə özlərinin bazardakı paylarını güzəştə getməli idilər.

Bu şəraitdən ən optimal çıxış və eyni zamanda qazancın səviyyəsinin artırılması yolu kanalların paketləşdirilməsi – yəni müxtəlif tematikalı kanalların paketlərdə müəyyən abunə haqqı qarşılığında təqdim olunması oldu. Bu isə şəbəkənin rəqəmsallaşdırılması və DVB-C texnologiyanın istifadəsini tələb etdi. Hazırda isə abunəçinin mənzilinə çıxışa sahib olmaqla kabel televiziya operatorları digər rabitə operatorlarının bazarına daxil olmaqla internet və digər əlavə xidmətlər göstərmək istəyirlər ki, bu da bazarda rəqabəti daha da gücləndirir.

Kabel televiziyalarının texnoloji cəhətdə inkişafından danışan zaman nəzərə almaq lazımdır ki, müasir dövrümüzdə hər hansı bir operatorun bu və ya digər texnologiyadan istifadə etməsi ilk öncə şirkətin infrastrukturunun inkişaf səviyyəsindən asılıdır. Belə ki, bu gün abunəçilərə televiziya xidmətinin verilməsi rəqabət apara bilən hər bir operator üçün de fakto vacibdir, lakin operatorlar bunu öz texniki imkanları çərçivəsində və ən əsası isə özünəməxsus üsullarla reallaşdırırlar. Məsələn, əgər əvvəlki dövrlərdə ənənəvi rabitə operatorları əhaliyə telefon vasitəsilə internet xidməti (ADSL) təqdim edirdilərsə, daha sonra bu genişzolaqlı şəbəkə (Fiber Optic) ilə əvəz olundu.

Bu da öz növbəsində operatorlar üçün əlavə imkanlar yaratdı. Bir müddətdən sonra isə texnologiya bazarında rəqabət operatorları vadar etdi ki, mövcud İP şəbəkəsi və ADSL seqmenti ilə birgə video xidmətlərin göstərilməsinə start versinlər. Qeyd edək ki, bu tip operatorlarda video xidmətin əsasında İPTV texnologiyası dayanır. İndi isə bazarda fəaliyyət göstərən alternativ operatorlardan olan təzyiqlərin fonunda şirkətlət ADSL texnologiyasından da yeni, daha güclü və məlumatın ötürülmə sürəti daha yüksək olan MetroEthernet, PON,  FTTH texnologiyasına keçirlər ki, bununla da IPTV texnologiyası daha da inkişaf edir.

Texnologiyalardan bəhs edən zaman həmçinin mobil operatorların imkanları və onların bazara olan maraqlarını da nəzərə almaq lazımdır. Məsələn, elə ölkəmizdə fəaliyyət göstərən rabitə operatorlarının imkanları bir müddətdən sonra maksimum həddə çatacaq və artıq abunəçi sayının artımı mümkün olmayacaq. Burada bir məsələni vurğulamaq lazımdır ki, son illər ərzində onların yatırdığı investisiya birbaşa olara genişzolaqlı şəbəkənin inkişafı, 3G texnologiyası, indiki şəraitdə isə LTE texnologiyasına istiqamətlənir.

Bu da şirkətlərə imkan verir ki, öz şəbəkələri vasitəsilə müxtəlif texnoloji platformalardan (mobil telefon, planşet, personal kompyuter və s.) internetə daxil olan abunəçilərin sayını daha da artırsınlar. Burada növbəti addım isə əlavə xidmətlərin göstərilməsi olacaq. Mobil operatorlar tərəfindən davamlı olaraq yüksək sürətin verilməsində nasazlıqlar və şəbəkədə yaranan problemləri nəzərə alsaq, hazırda dünyada yeni texnologiya olan OTT operatorlar üçün maraq yaradır. Fikrimcə, bir müddətdən sonra ölkəmizdə mobil rabitə operatorları üçün də OTT texnologiyasının prioritetliyi ön plana keçəcək.

Bazarda rəqabət və interaktiv televiziyaya keçid

Ölkəmizdə telekommunikasiya bazarının inkişafına nəzər salsaq və inkişaf modelini müəyyənləşdirməyə çalışsaq görərik ki, burada Qərb modeli aydın şəkildə özünü göstərir. Texnoloji anlamda bu o deməkdir ki, böyük şirkət bir neçə texnoloji platformaya malik biznes struktura çevrilir. Məhz belə bir şəraitdə bu cür telekommunikasiya qurumu ən müxtəlif xidmətlər təqdim edə bilir. Burada stasionar telefon, mobil rabitə, genişzolaqlı internet, kabel televiziyası və s. xidmətlərin göstərilməsinin mümkünlüyü imkanı yaranır. Bu tip böyük şirkətlər üçün əlavə xidmətlər olan video xidmət, daha maraqlı kontent, abunəçilərə müxtəlif interaktiv interfeys və əyləncə imkanlarının təqdimi daha cəlbedici olur.

Eyni zamanda şirkətlər təqdim etdikləri xidmət və kontentin bütün mobil qurğularda keçərli olması, interfeysin asanlığı və istifadə rahatlığını nəzərə alırlar. Məhz bu imkanların texnoloji cəhətdən reallaşması üçün də hibrid texnologiyalardan istifadə edilir. Belə ki, hibrid texnologiyalar operatorların mövcud texnoloji çatışmazlığını müvafiq şəkildə kompensasiya edir. Belə olan halda bütün xidmətlərin vahid şəkildə təqdimi DVB-C/IP hibrid rəqəmsal qəbuledicinin, SmartTV və hətta IPTV qurğusunun təqdimi ilə mümkün ola bilər. Bu sistemdə kanalların yayımı ya DVB-C yaxud IPTV texnologiyası üzərindən mümkün olur, digər videoxidmətlər isə OTT texnologiyası vasitəsilə təqdim olunur. Növbəti variant isə bütün mümkün xidmət növlətinin OTT texnologiyası üzərindən verilməsidir ki, burada da abunəçi tərəfindən Smart box, personal kompyuter, planşet, mobil qurğular istifadə olunur.

Bildirmək lazımdır ki, hazırda dünya bazarında klassik televiziyanı OTT texnologiyası əvəz etmək üzrədi. Bu açıq internet televiziya xidmətidir ki, tələbata uyğun olaraq keyfiyyətli və əlavə imkanların olduğu video xidməti təqdim edir. Müasir dövrümüzdə artıq bir çox televiziyalar internet üzərindən yayımlanır.

Texnoloji inkişaf artıq o səviyyəyə çatır ki, genişzolaqlı internet (fiber optik) xidmətinin daha da dərin nüfuzetməsi və bu xidmətə qoşulan insanların sayının artması ilə internet televiziya ilk öncə video xidmət sonra isə yayım xidmətlərinə görə adi televiziya xidməti ilə rəqabət aparmaq və hətta onu üstələmək imkanlarına sahib olur.  Belə olan şəraitdə müasir və müxtəlif xidmətləri bir platformada təqdim edən universal bir texnologiyanın inkişafı Azərbaycanda da həm günün tələbi, həm də abunəçilərin seçiminə çevrilir.

 

Müəllif: Fuad Allahverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə