“ASAN XİDMƏT” ƏHALİNİN İŞİNİ ASANLAŞDIRACAQMI?

17-07-2012 / 22:12
Osman Gündüz: “Xidmətlərin bir əldə cəmlənməsi və şəffaflığın təmin olunması vətəndaşın xeyrinə olacaq”
Fuad Ələsgərov: “Bu xidmətlər şərti müəyyən edilmiş “bir qapı” prinsipi üzrə təqdim ediləcək”
333 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, ötən həftə prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı fərman imzalayıb. Fərmana görə, dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərin həyata keçirilməsini təmin edən “ASAN xidmət” mərkəzləri yaradılmalıdır.

Bu mərkəzlərdə xidmətlər yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq bütün vətəndaşlar üçün və təqvimin bütün günlərində həyata keçirilməlidir. Vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi təmin edilməlidir.

Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov "AzərTAc"a müsahibəsində bildirib ki, yeni qurum vətəndaşlara dövlət orqanları tərəfindən xidmətlərin daha keyfiyyətli və yeni üslubda, müasir innovasiyalar tətbiq edilməklə göstərəcək. “ASAN” sözünün ingilis dilindən Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi (“Azerbaijan Service and Assessment Network”) kimi tərcümə olunduğunu qeyd edən şöbə müdiri deyib ki, “ASAN xidmət” ilk növbədə dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən yeni yanaşma hesab olunmalıdır: “Bu ideyanın maraqlı cəhətlərindən biri də odur ki, həmin xidmətlər şərti müəyyən edilmiş ”bir qapı" prinsipi üzrə təqdim ediləcək. Belə ki, vətəndaş yalnız bir qapıdan daxil olmaqla bir mərkəzdən (bir inzibati binadan) ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni məkanda və eyni vaxtda yararlana biləcək. Bu, vətəndaşlarımızın fərdi xərclərinin azalmasına, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın və onların rahatlığının təmin edilməsinə imkan verəcək".

PA şöbə müdiri deyib ki, yeni qurum işə düşdükdən sonra vətəndaş mərkəzə daxil olaraq məlumat köşkündən əldə etmək istədiyi sənəd üçün hansı bölməyə və hansı sənədlərlə müraciət etməli olduğunu öyrənəcək. Mərkəzlərdə yerləşdirilmiş elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdıracaq. Növbə çatdıqda xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri təqdim edə və əldə etmək istədiyi sənədi qanunvericiliklə müəyyənləşdirilmiş müddətlərdə götürə biləcək. F.Ələsgərov deyib ki, bu ideyanın digər bir maraqlı elementi bu mərkəzlərdə xidmətlər yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq bütün vətəndaşlar üçün həyata keçiriləcək və təqvimin bütün günlərində fasiləsiz olaraq açıq olmasıdır. Mərkəzlərdə vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün uşaq əyləncə qurğuları, internet-kafe, bank, poçt şöbələri və sair funksional yardımçı xidmətlər fəaliyyət göstərəcək.

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz yeni qurumun yaradılmasını müsbət qarşılayır. Ekspertin sözlərinə görə, daha əvvəl mövcud olan elektron hökumət layihəsi bir sıra səbəblərdən effektiv olmayıb: “Aprel ayında prezident Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində Elektron Hökumət Agentliyi ilə bağlı sərəncam imzalamışdı. Bir çox ekspertlər, o cümlədən mən bu sərəncamı təəccüblə qarşıladıq. Çünki elektron hökumətlə bağlı qarşıda elə problemlər vardı ki, RİTN-in tərkibində fəaliyyət göstərəcək qurumun bunun öhdəsindən gəlməsi mümkün deyildi. Burda 3 mühüm səbəb var. Birincisi, Azərbaycanda elektron hökumət layihəsinin reallaşmasında ən böyük maneə hökumət qurumlarının arasında maliyyə məsələsi ilə bağlı koordinasiyanın olmaması idi. Çünki bu gün bir sıra dövlət qurumları öz xidmətlərini elektron xidmətə keçirib, bəziləri isə hələ keçirməyib. Bu istiqamətdə dövlət qurumları arasında bərabərsizlik vardı.

İkincisi, dövlət qurumları arasında bir pərakəndəlik vardı. Hər bir dövlət qurumu özünün informasiya sistemini yaratmışdı. Bu informasiya sistemlərinin özləri arasında əlaqə ciddi problemə çevrilmişdi. Üçüncü məqam bir pəncərə məsələsidir. Bu çox mühüm məsələdir, bundan sonra bütün tələb olunan sənədləri bir mərkəzdən əldə eləmək mümkün olacaq. Buna qədər isə bu sahə pərakəndə idi. Çünki hansı dövlət qurumu hansı xidməti istəsə, onu elektron sistemə keçirirdi, hansını istəmirdisə, onu keçirmirdi. Yəni vətəndaş bir qurumda işini elektron formada həll edirdi, ancaq başqa bir qurumda bu mümkün olmurdu. Vətəndaş bir məsələni həll eləmək üçün bir neçə quruma müraciət etməli olurdu. Amma indi bu məsələ həllini tapıb".

O.Gündüzün sözlərinə görə, prezidentin iyulun 13-də imzaladığı sərəncamla yaradılan yeni qurumun ən mühüm üstünlüklərindən biri də bu qurumun prezident yanında fəaliyyət göstərməsidir. Çünki ekspertin sözlərinə görə, əvvəlki qurum RİTN yanında idi və onunun digər dövlət qurumları üzərində üstünlükləri yox idi. O.Gündüz deyir ki, yeni qurum prezident yanında olduğu üçün daha böyük təsir imkanları olacaq və bütün qurumları əhatə edə biləcək: “Bu səbəbdən də mən yeni qurumdan çox şeylər gözləyirəm. Artıq bundan sonra bütün dövlət qurumları daxilində yeni bir qurum yaradılacaq. Yəni bütün xidmətlər bir qurumun əlində cəmləşəcək və onun da bütün dövlət orqanlarında nümayəndəlikləri olacaq. Hesab edirik ki, prosesin idarə olunması, qiymətləndirmə, keyfiyyət, yəni vətəndaş üçün mühüm olan məsələlər prezident yanında olacaq. Ona görə də nəzarət və xidmətin keyfiyyəti mühüm məsələ olduğu üçün nazirliklər nəzdində elektron xidmətlərin bir əldə cəmlənməsini müsbət qiymətləndiririk. Xidmətlərin bir əldə cəmlənməsi və ən mühümü şəffaflığın təmin olunması ilk növbədə vətəndaşın xeyrinə olacaq”.

O.Gündüzün sözlərinə görə, yaradılan yeni qurum dövlət orqanları arasında koordinasiyanı təmin edə biləcək və ən əsası bunun sayəsində vətəndaşlar rahat şəkildə müraciətlərinə cavab ala biləcəklər: “Bəzi nazirlik və dövlət qurumlarında sosial əhəmiyyət kəsb edən ictimai xidmətləri gizlədirlər. Yəni bu xidmətləri elektronlaşdırmaq istəmirlər. Bu zaman qurumlar arasında uyğunsuzluq yaranır. Bu mənada düşünürük ki, prezident yanında yaradılan bu qurum artıq qeyd olunan neqativ halları aradan qaldırmağa qadir olacaq. Bu xidmət işə düşəndən sonra siz hətta ofisinizdən çıxmadan da müəyyən pul vəsaiti ödəməklə sənədləri ofisinizə gətirdə biləcəksiniz”.

KƏNAN
Yeni Musavat, 17.07.2012

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.