Azərbaycan bloqçularının sosial-psixoloji portreti

06-10-2010 / 16:32

Sentyabrın 10-12-də Nabranda Azərbaycan bloqçularının “Bloqosfer-2010” adlı ilk forumu keçirildi. Sənədləri onlayn şəkildə doldurduqdan bir neçə gün sonra “Bloqosfer -2010”-da iştirak etmək imkanı əldə etdim. Tədbirlə bağlı gözləntilərim müxtəlif olsa da, əsas məqsədim Azərbycanda bloqçuların sosial-psixoloji portretini özüm üçün müəyyənləşdirmək idi. Uzun sözün qısası, bloqçunun kim olduğu, nə düşündüyü, hansı təbəqəni təmsil etdiyi mənim üçün maraqlı idi.

Tədbirə yola düşməzdən əvvəl Azərbaycandakı bloqçularla bağlı müəyyən müşahidə xarakterli tədqiqatlar aparmışdım və mənzərənin hələ də tam olmadığı qənaətində idim. Və yanılmamışdım. “Bloqosfer-2010”-da mən bloqçularla bağlı çatışmayan həlqəni görə bildim. Uzun sözün qısası, mənzərə tam aydınlaşdı.
Müşahidələrimi və gördüklərimi ümumiləşdirsəm, Azərbaycandakı bloqçuları 3 qrupa bölmək olar.
Birinci qrup rusdilli bloqçulardır.
İkinci qrupa jurnalistlər, partiya liderləri, ədəbiyyatçılar və s. aiddir. Bir sözlə, ikinci qrupa daha çox milli-azadlıq hərəkatından, müxalifətyönlü düşərgədən və QHT sektorundan çəxmış şəxsləri aid etmək olar. Üçüncü qrupu isə “Bloqosfer-2010”-a qatılmış gənc bloqçular təşkil edir. Təbii ki, bloqçuları başqa  kriteriyalar üzrə də bölmək, təsnifatlaşdırmaq olar. Amma mən daha çox şəbəkələşməni, sosial-siyasi mənşəni və psixoloji yaxınlığı əsas kriteriyalar kimi götürdüm.
Başlayaq birinci qrup bloqçulardan. Bu əsasən rus dilində yazan, Bakıda yaşayan və rusdillilər təbəqəsinə aid olunan bloqçulardır. Bu bloqçular arasında jurnalistlər, şirkət işçiləri, biznes nümayəndələri, bir sözlə, müxtəlif peşə sahibləri var. Gəlir və sosial vəziyyətləri baxımından rusdilli bloqçuları əsasən əhalinin orta və yuxarı-orta təbəqələrinə aid etmək olar. Yaş baxımından isə bu bloqçuların orta hesabla 30-40 yaşları var. Azərbaycandakı ilk bloqçular da elə məhz bu təbəqənin nümayəndələridir. Təsadüfi deyil ki, Azərbaycandakı ilk bloqlardan biri 2004-cü ildə məhz rusdilli bloqçu tərəfindən yaradılıb. Və bloqçuların bölgüsü baxımından da bu bloqçular əsasən ənənəvi bloqçulardır, yəni onlar öz bloqlarından daha çox gündəlik kimi istifadə edirlər. Elə mikrobloqçuluq da əsasən bu kateqoriyaya xasdır. Bir sözlə, bu bloqçular öz bloqlarından pul qazanmaq yaxud siyasi mövqelərinin ifadə etmək üçün deyil, daha çox ünsiyyət yaratmaq və bir növ öz zövqləri üçün yazırlar. Buna görə də bu kateqoriydan olan bloqçuları cavan bloqçular “qlamur bloqçular” deyə də adlandırırlar.
Öz bloqlarında daha çox gündəlik məişət həyatlarında gördükləri və yaşadıqları haqda yazan rusdilli bloqçular təbəqəsi digər bloqçularla müqayisədə daha mütəşəkkil və daha sıxdırlar. Bu kateqoriyadan olan bloqçuların real həyatda da tez-tez görüşməsi, virtual müsabiqələr təşkil etməsi (“Məməş 2010”, “Duduş 2010” və s.), bir-birinin bloqlarında mütəmadi olaraq şərhlər yazması onların artıq bir bloqçular icması kimi formlaşdığını deməyə əsas verir. Şəbəkələşmə (“networking” – T.C.) bu qrup arasında kifayət qədər mütəşəkkildir. Şəbəkələşmə güclü olduğundan rusdilli bloqçulardan birinin əlinə keçən informasiya bütün rusdilli bloqçular icmasında yayılır.
Dil üslubu baxımında isə rusdili bloqçular slenqdən, söyüşdən geniş şəkildə istifadə edirlər. Məişət və gündəlik həyatdan yazsalar da, rusdilli bloqçular tez-tez ayrı-ayrı şirkətləri, bankları, məhsulları çarmıxa çəkirlər.  Rusdilli bloqçuların Azərbaycandakı oxucularının sayı getdikcə azalsa da, onların postsovet məkanındakı oxuyucularının və izləyicilərinin sayı artır. Azərbaycan dilində yazan bloqçularla müqayisədə rusdilli bloqçular öz bloqlarını daha tez-tez yeniləyirlər və bir növ daha dinamik bir təbəqədir.
İkinci qrup bloqçulara əsasən jurnalistləri, partiya sədrlərini, siyasi ekspertləri, QHT rəhbərlərini, bir sözlə, ictimai-siyasi proseslərə yaxın olan adamları aid etmək olar. Bu bloqçuların bir qismi bloçuluğa çoxdan başlasa da, böyük bir qismi Adnan Hacızadə və Emin Millinin həbsindən sonra bloqçuluğa start verib. Yəni, bu kateqoriyaya aid edilən bloqçular bloqlardan siyasi tribuna kimi istifadə etmək imkanını görərək bloqçuqla məşğul olurlar. Bloqlarından siyasi tribuna kimi daha çox partiya liderləri (Əli Kərimli, İsa Qəmbər), siyasi ekspert və müxalifətyönlü jurnalistlər (İlqar Məmmədov, Elnur Məcidli,  Xədicə İsmayıl və s.) istifadə edirlər. Bununla belə, bu kateqoriyaya şamil etdiyimiz bloqçular ədəbiyyatdan, öz elmi maraqlarından, siyasi elmdən və digər problemlərdən də yazırlar. Yəni peşkar maraqlarını əsas tutaraq bloq aparanlar da var. Amma bir sözlə, ikinci qrup bloqçular daha çox ictimai-siyasi proseslərə önəm verir və ictimai-siyasi proseslərdə aktiv bir təbəqədir. Yaş baxımından isə bu qrupa 30-50 yaşlı bloqçuları şamil etmək olar.
Bu bloqçular siyasətdən tutmuş ədəbiyyata kimi müxtəlif mövzulardan yazsalar da, ictimai-siyasi mövzular üstünlük təşkil edir. Buna görə, ikinci kateqoriyaya aid olan bloqçular  öz bloqlarından sanki bir İnternet səhifəsi kimi istifadə edirlər və rəsmi dilə üstünlük veririlər. Bu kateqoriyadan olan bloqçuların bloqlarında slenqə, söyüşə, təhqirə, yaxud özünəməxsus dil üslubuna rast gəlmək olmaz. Onlar sanki jurnal, sayt və ya qəzet üçün yazı yazırlar.
Bu təbəqədən olan bəzi bloqçular arasında İngilis dilində yazanlar da var. İkinci qrupa aid olan bloqçular icma kimi hələ tam formalaşmasa da, onların ənənəvi mətbuata və saytlara (“mainstream” ifadəsi daha düzgündür - T.C.) çıxışı daha asandır. Və bu baxımdan, haqqında bəhs etdiyimz bloqçular ənənəvi mediadan tez-tez sitatlar gətirməklə yanaşı öz yazılarını da ənənəvi mediaya transfer edə bilirlər. Üstəlik, onların çoxu hazırda jurnalist olaraq çalışır. Yəni icma kimi zəif olmalarına, bir-birinin yazdıqlarına çox da istinad etməmələrinə baxmayaraq, bu bloqçular ənənəvi mediaya çıxışları sayəsində ictimayi rəyə rusdilli bloqçularla müqayisədə qat-qat daha güclü təsir etmək imkanlarına malikdirlər.
Nəhayət, üçüncü qrupa aid olan bloqçular. Bunlar məhz “Bloqosfer 2010”nun əsas özəyini təşkil edən gənc bloqçulardır. Yaşı təqribən 17-30 arasında olan bu bloqçuların çoxu tələbə və işləyən gənclərdir. Onlar siyasi proseslərə bir o qədər fəal şəkildə qatılmasalar da, apolitik də deyillər. Maraqlıdır ki, gənc bloqçular arasında rayonlarda yaşayan bloqçular da var ki, coğrafi baxımdan ücüncü qrup bloqçular ikinci və birinci qrupla müqayisədə daha geniş yayılıblar. Bu bloqçuların xarakterik xüsusiyyəti onların hələ də bloqçuluqla nə üçün məşğul olduqlarını özləri üçün tam aydınlaşdırnamalarıdır. Bu kateqoriyadan olan bloqçuların bir qismi bloqdan pul qazanmağı qarşısına məqsəd qoyur, başqa bir qismi bloqdan etiraz platforması və ya əyləncə yeri kimi də istifadə edirlər.  Üslub baxımından isə burda sərbəst üslubda yazanlar da var, rəsmi qəzet, sayt üslubunda yazanlar da. Bir sözlə, üslub məsələsində müxtəlif hökm sürür. “Bloqosfer 2010” bu gəncləri şəbəkələşdirməyə və birləşdirməyə çalışsa da, hələlik onların bloqçu icması kimi formalaşması haqda danışmaq çox tezdir. Bu bloqçuların yalnız bir qismi şəbəkələşir və bir-birinin yazdığını oxuyur. Amma digər iki kateqoriya ilə müqayisədə üçüncü qrupun üstünlüyü ondadır ki, ortada “Bloqosfer 2010” adlı koordinasiya edə biləcək bir qurum var.

Kommunikasiya mütəxəsisləri üçün çıxan müşahidələr

Azərbaycandakı bloqçuların  ümumi sosial-psixoloji təhlili göstərir ki, bloqçular getdikcə “mainstream” media kimi güclü olmağa və ictimai rəyə təsir göstrən bir qüvvəyə çevrilməkdədirlər. Hazırda bloqları daha çox gənclər və bu sahə ilə maraqlanan şəxslər oxusa da, getdikcə bloqçuların populyarlaşacağı qaçılmazdır. Üstəlik, bir sıra xarici donorlar, təşkilatlar bloqçuluğun inkişafına qrantlar, vəsaitlır ayırırlar. Kimsə də düşünə bilər ki, artıq Facebook Azərbaycanda populyardır və ona görə bloqlar bir növ öz əhəmiyyətini itirəcək.  Amma sosial medianın inişaf etdiyi əksər ölkələrin təcrübəsi göstərir ki, Facebook-un, Twitter-in inkişaf etməsinə baxmayaraq, bloqlar da platforma olaraq qalır və ictimai rəyə güclü təsir edirlər.
Bu baxımdan, sadalayacağım ümumi tövsiyyələr kommunikasiya mütəxəsisləri üçün maraqlı olar. Sözsüz ki, bu tövsiyyələr tam deyil və siyahıya əlavələr də etmək olar.
Birincisi, məlumat toplamaq, mühiti öyrənmək,  problemləri monitorinq etmək. Kommunikasiya mütəxəsisləri bloqları mütəmadi olaraq montorinq etməlidir. Nəzərə alsaq ki, Azərbaycanda 27 minə yaxın bloq var, o zaman bu məsələ bir az qeyri-real kimi görünür. Amma əslində bu tamamilə real bir işdir. İlk əvvəl, kommunkasiya mütəxəsisləri şirkətlərinin fəaliyyət göstərdiyi sənaye haqqında yazan bloqçuların siyahısını müəyyən etməlidirlər. Yəni, deyəlim ki, HP şirkəti sırf kompüter texnologiyalarından yazan ən nüfuzlu bloqçuları müəyyən etməlidir. Daha sonra bu siyahıya ölkədə ən çox oxunan ( bu daha çox birinci və ikinci kateqoriayaya aid olan bloqçulardır) bloqçuları əlavə etməlidirər. Bir sözlə, monitorinq üçün bloqçuların siyahısı tərtib edilərkən onların nə dərəcədə rəy lideri olduğu, digər bloqçular tərəfindən nə dərəcədə oxunduğu və sizin çalışdığınız industriya haqqında yazı yazıb-yazmadığı əsas götürülməlidir. Bü cür siyahı həm də ortaya çıxacaq və ictimai rəyin diqqətinə düşə biləcək potensial problemləri qabaqcadan müəyyənlşdirməyə, ictimai rəyin nəbzini tutmağa imkan verəcək.
İkincisi, bloqların monitorinqi həm də onları necə “pitching” (“pitching” hansısa məlumatın mediada yayılması, dərc edilməsi üçün PR mütəxəsislərinin jurnalistlərlə işləməsini nəzərdə tutur – T.C.) etməyin yollarını da müəyyənləşdirməyə kömək etməlidir. Bloqları oxuduqca bloqçuların hansı tipli məlumatlara üstünük veridyini, hansı şərhlərə diqqət yetirdiyini və s. müəyyənləşdirmk olar. Bu isə lazımi informasiyanı bloqçulara hansı şəkildə təqdim etmənin üsullarını da tapmağa kömək edəcək. “Pitching”in ənənəvi telefon zəngi və email növləri ilə yanaşı bloqlara yanaşmada şərhlər vasitəsilə də “pitching” etmək olar.
Üçüncüsü, ənənəvi media ilə işin qurulması üzrə tətbiq edilən taktikaların bloqçulara da tətbiqi. Bura bloqçuya press relizin göndərilməsindən, onun qonaq kimi mətbuat konfransına, sərgiyə dəvət edilməsindən tutmuş bloqçularla qeyri-formal görüşlərin təşkilinə qədər müxtəlif çeşidli kommunikasiya taktikalara daxildir. Amma eyni zamanda nəzərə amaq lazımdır ki, bloq ilə ənənəvi media arasında fərqlər var. Ona görə də media ilə əlaqələr  sahəsində tətbiq edilən taktikaların heç də hamısı burda işlək olmur. Bu məsələdə bir qədər diqqətli olmaq lazımdır.
Dördüncüsü, insani münasibət. Nəzərə alın ki, ənənəvi mətbuatdan fərqli olaraq sosial media hər şeydən əvvəl münasibətlər deməkdir. Düzdür, PR-ın nəzəriyyəsi jurnalistlərlə iş baxımından “münasibətlər olmaz” (“no relations” ) prinsipini əsas tutur, amma praktikada faktiki olaraq, jurnalistlərə münasibət qurmalı olursunuz. Bu baxımdan, bloqçularla daha insani münasibətlər qurulmalıdır.
Sonda onu qeyd edim ki, bu tövsiyyələr ümumi xarakterlidir və sosial media ilə işlədikcə bura daha effektiv tövsiyyələr də əlavə etmək olar. Yazıya başlamazdan əvvəl daha spesifik tövisyyələr yazmaq istəyirdim. Yəni hədəf auditoriyalarına çatmaq üçün hansı qrup bloqçularla işə üstünlük verilməsi, məhsulu və ya xidməti promotion edərkən hansı bloqçulara müraciət etməyi, bloqçular kateqoriyasından (yuxarıda böldüyüm 3 kayteqoriyanı nəzərdə tuturam – T.C.) asılı olaraq fərqli kommunikasiya məqsədlərinin qoyulması, fərqli bloqçualr kateqoriyasına münasibətdə fərqli kommunikasiya taktikalarının tətbiqi və s. kimi məqamlara toxunmaq istəyirdim. Amma sonradan düşündüm ki, bu cür spesifik tövsiyyələr bloqçulara qarşı-ayrıseçkilik kimi də yozula bilər. Ona görə də bunu buraxaq kommunikasiya mütəxəsislərinin öz öhdəsinə.
 

Tariyel Calallı
Müştərilərə İş üzrə Menecer
RED Communications PR və BTL Agentliyi


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə