Süni intellekt və rəqəmsal transformasiya: Azərbaycanın İKT ekosistemində yeni strateji mərhələ

11-02-2026 / 17:28

3 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının rəqəmsal transformasiya siyasəti baxımından mühüm hadisə baş vermişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri cənab Rəşad Nəbiyevin İsrail Dövlətinə rəsmi səfəri çərçivəsində İsrail Baş nazirinin Aparatının Milli Süni İntellekt Direktorluğu ilə Anlaşma Memorandumu imzalanmışdır.

İmzalanma mərasimində İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun iştirakı bu sənədin siyasi və strateji əhəmiyyətini daha da artırmışdır.

Anlaşma Memorandumu Azərbaycan Respublikasında süni intellekt texnologiyalarının inkişafı, bilik və təcrübə mübadiləsi, institusional potensialın gücləndirilməsi və qabaqcıl beynəlxalq təcrübənin tətbiqi üçün mühüm strateji çərçivə formalaşdırır. Bu əməkdaşlıq süni intellektin informasiya-kommunikasiya texnologiyaları(İKT) sahəsində tətbiqinin sürətlənməsinə və ölkənin rəqəmsal ekosisteminin dərinləşməsinə, rəqəmsal  iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verəcəkdir.

Sadə oxucular üçün daha anlaşılan dildə izah etsək, Süni intellekt (Sİ) — kompüter və texnoloji sistemlərin insan kimi düşünməyi, qərar verməyi və müəyyən davranışları öyrənib təqlid etməsini təmin edən müasir texnologiyalar sahəsidir. Bu texnologiyalar proqramlaşdırılmış maşınlar vasitəsilə mürəkkəb proseslərin avtomatlaşdırılmasını, insanların görməsi çətin olan, çox vaxt aparan və ya mürəkkəb prosesləri avtomatik şəkildə yerinə yetirərək işi daha sürətli və dəqiq edir. Süni intellekt bu gün təhsil, rabitə və internet xidmətləri, səhiyyə, təhlükəsizlik, müdafiə sənayesi, kənd təsərrüfatı və bir çox digər sahələrdə inkişafın əsas hərəkətverici qüvvələrindən biri hesab olunur.

Yəni bu texnologiya kompüterlərə qərar verməyi, məlumatları analiz etməyi və müəyyən işləri avtomatik görməyi bacarır. Süni intellekt insanların əl ilə və uzun vaxtda gördüyü işləri daha tez və daha dəqiq şəkildə yerinə yetirir.

Süni İntellekt artıq gündəlik həyatımızın bir çox sahəsində istifadə olunur. Məsələn, internetin daha sürətli və stabil işləməsində, telefon zənglərinin avtomatik cavablandırılmasında, xəstəliklərin daha tez aşkar edilməsində, təhlükəsizliyin təmin olunmasında, kənd təsərrüfatında məhsuldarlığın artırılmasında və digər sahələrdə süni intellekt mühüm rol oynayır.

Süni İntellekt arxitekturasının texniki bazasını GPON (Gigabit Passive Optical Network) texnologiyalı və Ethernet over Fiber (EoF), tenologiyalı, ayrılmış optik kanallar və simmetrik internet xidmətləri əsasında qurulan genişzolaqlı fiber-optik kabel şəbəkələr təşkil edir.

Son beş il ərzində Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları  sahəsində əlverişli biznes mühiti yaradılmış, dövlət və özəl sektorun birgə əməkdaşlığı nəticəsində telekommunikasiya sahəsi sürətlə inkişaf etmişdir. Görülən məqsədyönlü işlər sayəsində bu sahə indiyədək görünməmiş inkişaf səviyyəsinə yüksəlmişdir.

Bakı şəhəri ilə yanaşı, respublikanın bütün regionlarını əhatə edən fiber-optik kabel şəbəkəsi əsasında müasir sabit genişzolaqlı internet infrastrukturu formalaşdırılmışdır. Nəticədə ölkə əhalisinin 100 faizi yüksək sürətli genişzolaqlı internetə çıxış imkanı əldə etmişdir.

“Online Azerbaijan” layihəsi çərçivəsində köhnə mis kabel magistral rabitə infrastrukturu mərhələli şəkildə fiber-optik kabel infrastrukturu ilə əvəz edilmiş, GPON (Gigabit Passive Optical Network) texnologiyası ölkə üzrə geniş tətbiq olunmuşdur. Bununla yanaşı, dövlət və özəl müəssisələr, banklar, sığorta şirkətləri və digər təşkilatlar üçün Ethernet over Fiber (EoF), ayrılmış optik kanallar və simmetrik yüksək sürətli internet xidmətləri (100/100 Mbit/s, 1/1 Gbit/s, 10/10 Gbit/s və daha yüksək) təşkil edilmişdir.

Bu infrastruktur imkanları istifadəçilərə yalnız yüksək sürətli internet deyil, eyni zamanda IP-telefon (VoIP), telefon rabitəsi və rəqəmsal televiziya (IPTV) xidmətlərinin təqdim olunmasına şərait yaratmışdır.

Süni intellekt texnologiyalarının İKT sektorunda geniş tətbiqi bu sahədə çalışan mütəxəssislərin peşə fəaliyyətinə həm funksional, həm də strateji təsirlər göstərəcəkdir.

Ənənəvi texniki funksiyaların bir hissəsi avtomatlaşdırılacaq, İKT mütəxəssisləri isə “icraçı” rolundan “analitik və qərarverici” rola transformasiya olunacaqlar. Bu proses bəzi mövcud peşələrə tələbatın azalmasına, eyni zamanda süni intellekt əsaslı şəbəkə idarəetmə bacarıqlarına malik yeni ixtisasların formalaşmasına səbəb olacaqdır.

Xüsusilə telekommunikasiya şəbəkələrinin 24/7 rejimində monitorinqini həyata keçirən klassik NOC (Network Operations Center) mühəndislərinə olan tələbatın azalması, əvəzində süni intellekt əsaslı şəbəkə analitikləri və İT mühəndislərinə ehtiyacın artması gözlənilir. Bu baxımdan gələcəkdə İT mütəxəssislərindən yalnız texniki biliklər deyil, eyni zamanda analitik düşüncə, biznes yanaşması və süni intellekt texnologiyalarını idarəetmə bacarıqları tələb olunacaqdır. Lakin süni intellekt insan faktorunu tam əvəz etməyəcək, yalnız onun rolunu transformasiya edəcəkdir.

Süni intellekt texnologiyalarının tətbiqi Azərbaycanın rəqəmsal iqtisadiyyatının da
formalaşması və inkişafında da mühüm rol oynayacaqdır.

Bu texnologiyalar istehsal və xidmət sahələrində məhsuldarlığın artırılmasına, innovativ biznes modellərinin yaranmasına və dövlət idarəçiliyində qərarvermə proseslərinin daha səmərəli qurulmasına imkan verəcəkdir. Xüsusilə Qarabağ iqtisadi zonasında işğaldan azad edilmiş ərazilərdə “ağıllı kənd”, “ağıllı şəhər” və vahid rəqəmsal ekosistem modellərinin formalaşdırılmasında süni intellekt strateji alət kimi çıxış edəcəkdir.

Bununla yanaşı, süni intellekt texnologiyalarının geniş tətbiqi kibertəhlükəsizlik, məlumatların məxfiliyinin qorunması və şəbəkə təhlükəsizliyi kimi yeni çağırışları da gündəmə gətirir. Bu səbəbdən süni intellektin tətbiqi ilə paralel olaraq müvafiq hüquqi və texniki tənzimləmə mexanizmlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir.

Nəticə etibarilə, süni intellekt texnologiyalarının düzgün və məqsədyönlü tətbiqi iqtisadi səmərəliliyin artırılmasına, yeni dəyər zəncirlərinin formalaşmasına və Azərbaycanın rəqabət qabiliyyətinin yüksəldilməsinə şərait yaradacaqdır.

Tam əminliklə demək olar ki, yaxın gələcəkdə süni intellekt Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyalarının və rəqəmsal iqtisadiyyatın inkişafında əsas strateji alətlərdən birinə çevriləcəkdir.

Qismət İbrahimov – texnika elmləri üzrə fəlsəfə doktoru, “Transeurocom” MMC telekommunikasiya şirkətinin baş direktoru.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə