Azərbaycan Respublikasında hava daşımaları sahəsində rəsmiyyətin sadələşdirilməsi istiqamətində rəqəmsal həllərin tətbiqi genişləndirilir. Yeni qaydalara əsasən, bu sahədə bir sıra proseslər elektron hökumət infrastrukturu üzərindən həyata keçiriləcək.
Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair" qaydaları təsdiq edib.
Qaydada qeyd olunur ki, hava daşımaları vasitəsilə idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatlarının elektron formada icrası “Bir pəncərə” informasiya sistemi vasitəsilə təmin ediləcək. Bu sistem Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekabr tarixli fərmanına uyğun olaraq yaradılıb və sənədlərin rəsmiləşdirilməsini vahid platformada birləşdirir.
Bundan əlavə, hava gəmisinin sərnişinlərinə və heyət üzvlərinə dair ilkin məlumatlar, eləcə də sərnişin adlarının qeydiyyat məlumatları aviaşirkətlər tərəfindən əvvəlcədən “bir pəncərə” sisteminə ötürüləcək. Bu məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən real vaxt rejimində aidiyyəti dövlət orqanlarına təqdim olunacaq və operativ təhlil üçün istifadə ediləcək.
Eyni zamanda, dövlət sərhədindən buraxılış məntəqələrində mallara və nəqliyyat vasitələrinə nəzarət də məhz bu sistem vasitəsilə əldə edilən məlumatlar əsasında həyata keçiriləcək. Bu yanaşma gömrük və sərhəd prosedurlarının sürətləndirilməsinə xidmət edir.
Qaydalara əsasən, hava daşımaları üçün tələb olunan bütün sənədlər də aviaşirkətlər tərəfindən birbaşa “Bir pəncərə” sistemi vasitəsilə müvafiq qurumların informasiya sistemlərinə ötürüləcək.
Həmçinin sərnişinlərin gömrük qaydaları ilə əvvəlcədən tanış olması üçün məlumatların “Bir pəncərə” informasiya sistemində yerləşdirilməsi nəzərdə tutulur. Bu isə şəffaflığın artırılması və sərnişinlərin məlumatlılığının təmin edilməsi baxımından mühüm addım hesab olunur.
Yeni yanaşma hava nəqliyyatı sahəsində rəqəmsallaşmanı gücləndirməklə yanaşı, prosedurların sadələşdirilməsinə, vaxt itkisinın azaldılmasına və xidmət keyfiyyətinin artırılmasına yönəlib.



