Biometrik informasiya haqqında Azərbaycan Respublikasının Qanunu

15-09-2008 / 14:33

Bu Qanun biometrik informasiya ehtiyatlarının formalaşdırılmasını və onlara dair tələbləri, biometrik identifikasiya sisteminin fəaliyyətinin təşkili və təyinatını, biometrik texnologiyaların tətbiqi sahələrini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. biometrik informasiya - identifikasiya və verifikasiya məqsədi ilə informasiya sistemlərində toplanılan, saxlanılan, işlənilən və ötürülən biometrik məlumatlar;
1.1.2. biometrik məlumatlar - identifikasiya edilmiş və ya identifikasiya olunan fiziki şəxsin fizioloji xüsusiyyətlərini xarakterizə edən, onu birmənalı və ya digər məlumatlarla uzlaşdıraraq identifikasiya etməyə imkan verən (əl-barmaq və ovuc izləri, üz təsviri, gözün qüzehli və tor qişası, səs fraqmenti və onun akustik parametrləri, dezoksiribonuklein turşusu (DNT) analizinin nəticələri, bədən ölçüləri, bədənin xüsusi əlamətlərinin və qüsurlarının təsviri, yazı xətti və imzası və s.), müvafiq standartlar tətbiq olunan və maddi daşıyıcıda əks etdirilən fərdi məlumatlar;
1.1.3. biometrik informasiya ehtiyatı - fərdi məlumatların informasiya ehtiyatlarının tərkibində biometrik məlumatlar olan resurslar;
1.1.4. biometrik məlumatların subyekti - barəsində biometrik məlumatların toplanılması, işlənilməsi və mühafizəsi həyata keçirilən identifikasiya edilmiş və ya identifikasiya olunan fiziki şəxs;
1.1.5. biometrik texnologiyalar - informasiya prosesləri zamanı istifadə edilən biometrik məlumatlarla əlaqədar olan informasiya texnologiyaları;
1.1.6. biometrik identifikasiya - biometrik informasiya ehtiyatında verilmiş biometrik məlumatın mənsub olduğu şəxsin müəyyənləşdirilməsi üçün aparılan sorğu-axtarış işləri üzrə tədbirlər;
1.1.7. biometrik verifikasiya - verilmiş biometrik məlumatla biometrik informasiya ehtiyatında olan biometrik məlumatın müqayisəsi üzrə tədbirlər;
1.1.8. biometrik informasiya xidmətləri - biometrik informasiya ehtiyatlarının müəyyən olunmuş istiqamətlərdə toplanılması, işlənilməsi və mübadiləsi üzrə fəaliyyət.
1.2. Bu Qanunda istifadə olunan “informasiya”, “informasiya prosesləri”, “informasiya texnologiyaları”, “fərdi məlumatlar”, “fərdi identifikasiya nömrəsi (FİN)” və digər anlayışlar informasiyanın toplanılması, işlənilməsi, mühafizəsi sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının qanunlarında müəyyən olunmuş mənalarda istifadə olunur.

Maddə 2. Biometrik informasiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Biometrik informasiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının qanunlarından və digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Biometrik məlumatlar fərdi məlumatların tərkib hissəsi olmaqla onların toplanılması, işlənilməsi və mühafizəsi qaydası Azər­baycan Respublikasının qanunu ilə müəyyən edilir.

II fəsil. Biometrik informasiya ehtiyatları və biometrik texnologiyalar

Maddə 3. Biometrik informasiya ehtiyatlarının formalaşdırılması

3.1. Biometrik informasiya ehtiyatları milli informasiya məkanının fərdi məlumatlar üzrə seqmentinin tərkib hissəsidir və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada formalaşdırılır.

3.2. Biometrik məlumatlar aşağıdakı fəaliyyət sahələri üzrə toplanılır:

3.2.1. şəxsiyyəti təsdiq edən sənədlərin rəsmiləşdirilməsi;
3.2.2. miqrasiya və sərhəd nəzarəti;
3.2.3. informasiya təhlükəsizliyinin təmin edilməsi və elektron imza vasitələrinin qeydiyyatı;
3.2.4. kəşfiyyat , əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti;
3.2.5. fövqəladə hadisələrlə əlaqədar xilasetmə işləri;
3.2.6. milli DNT məlumat bankının formalaşdırılması;
3.2.7. ictimai asayişin qorunması və xüsusi rejimli obyektlərin mühafizəsi;
3.2.8. cinayət təqibi.

Maddə 4. Biometrik informasiya ehtiyatlarının formalaşdırılmasının əsas prinsipləri

4.1. Biometrik informasiya ehtiyatlarının formalaşdırılması Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan hüquq və azadlıqlarına riayət edilməklə qanunçuluq, konfidensiallıq, könüllülük və məcburiliyin uzlaşması prinsiplərinə müvafiq həyata keçirilir.

4.2. Biometrik məlumatların toplanılması, işlənilməsi, istifadəsi və mühafizəsi prosesində insanın həyat və sağlamlığı üçün təhlükə yaradılmasına, onun şərəf və ləyaqətinin alçaldılmasına yol verilmir.

Maddə 5. Biometrik texnologiyalara dair tələblər

5.1. Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.

5.2. Toplanılan biometrik məlumatların formatına tətbiq olunan normativ-texniki tələblər bu sahədə Azərbaycan Respublikasında istifadə olunan milli və beynəlxalq standartlar əsasında müəyyən edilir. Tətbiq olunan biometrik texnologiyalar, onların təminat və mühafizə vasitələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sertifikatlaşdırılır, ekspertizadan keçirilir.

Maddə 6. Biometrik texnologiyaların tətbiqi sahələri

6.0. Biometrik texnologiyalar aşağıdakı tədbirlər həyata keçirilərkən tətbiq edilir:
6.0.1. üz təsvirlərinin, gözün qüzehli və tor qişasının elektron formada çəkilib toplanılması və qeydiyyatı, fotorobotla təsvirin yaradılması, identifikasiyası və verifikasiyası;
6.0.2. kütlədə şəxsin videomüşahidə üsulu ilə tanınması;
6.0.3. əl-barmaq və ovuc izlərinin elektron formatda çəkilib toplanılması və qeydiyyatı, identifikasiyası və verifikasiyası;
6.0.4. səs fraqmentinin elektron formatda yazılıb toplanılması və qeydiyyatı, identifikasiyası və verifikasiyası; 6.0.5. səs fraqmentinin və onun akustik parametrlərinin analizi;
6.0.6. informasiyanın səs formatından elektron mətn formatına konvertasiyası, mətnin səsləndirilməsi;
6.0.7. kağız üzərində yazı xəttinin və imzanın elektron formatda surətinin çıxarılıb toplanılması və qeydiyyatı, identifikasiyası və verifikasiyası;
6.0.8. yazı xəttinin analizi;
6.0.9. DNT analizi, analizin nəticələrinin elektron formatda toplanılması və qeydiy­­yatı, şəxsin identifikasiyası.

III fəsil. Biometrik identifikasiya sistemi

Maddə 7. Biometrik identifikasiya sisteminin təyinat

7.0. Biometrik identifikasiya sistemi yeni texnologiyaların tətbiq edilməsi vasitəsilə aşağıda göstərilən vəzifələrin həyata keçirilməsini təmin edir:

7.0.1. şəxsin identifikasiyası və informasiya mübadiləsi üzrə işlərin operativliyinin və dəqiqliyinin artırılması, habelə sərhəd nəzarəti, ictimai asayişin qorunması, əməliyyat-axta­rış, xilasetmə fəaliyyəti və digər tədbirlərlə əlaqədar şəxsin identifikasiyası üzrə işlərin xüsusi vasitələrlə real vaxt rejimində aparılması;
7.0.2. biometrik informasiya ehtiyatlarının formalaşdırılması, biometrik texnologiyaların tətbiq edilməsi, biometrik identifikasiya işlərinin aparılması sahəsində fəaliyyətin sistemli şəkildə əlaqələndirilməsi;
7.0.3. milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, o cümlədən terrorçuluğa, qanunsuz miqrasiyaya, insan alverinə və digər cinayətlərə qarşı mübarizənin informasiya təminatı, miqrasiya prosesləri və sərhədkeçmə ilə bağlı nəzarətin gücləndirilməsi;
7.0.4. şəxsə müxtəlif fərdi identifikasiya nömrələrinin verilməsinin qarşısının alınması;
7.0.5. pasport-viza və şəxsiyyəti təsdiq edən digər sənədlərin fərdiləşdirilməsinin operativliyinin təmin edilməsi, bu sahədə əhaliyə xidmət səviyyəsinin artırılması, bununla əlaqədar identifikasiya olunan şəxs barədə zəruri məlumatların real vaxt rejimində digər elektron informasiya ehtiyatlarından yoxlanılması və toplanılması;
7.0.6. pasport-viza və şəxsiyyəti təsdiq edən digər sənədlərin mühafizə dərəcəsinin gücləndirilməsi, eyni şəxsin ayrı adla belə sənəd əldə etməsi hallarının aşkar edilməsi və onlardan istifadənin qarşısının alınması;
7.0.7. axtarışda olan şəxslərin kütləvi toplantı və gediş-gəliş yerlərində real vaxt rejimində şəkillərinə görə tanınması və müşahidəsi;
7.0.8. xüsusi rejimli obyektlərdə nəzarət-buraxılış işlərinin, kommunikasiya vasitələri, qurğuları və qovşaqlarının mühafizəsi işlərinin təkmilləşdirilməsi;
7.0.9. milli informasiya məkanında biometrik informasiya ehtiyatlarının məlu­mat mübadiləsinin təşkili;
7.0.10. miqrasiya üzrə beynəlxalq biometrik informasiya ehtiyatları ilə məlumat mübadiləsinin təşkili;
7.0.11. elmi, tarixi, mədəni araşdırmaların aparılması;
7.0.12. biometrik məlumatlar əsasında lazımi növ ekspertizaların keçirilməsi.

Maddə 8. Biometrik identifikasiya sisteminin təminat vasitələri

8.0. Biometrik identifikasiya sisteminin fəaliyyəti aşağıdakı vasitələrlə təmin edilir:

8.0.1. biometrik informasiya ehtiyatları;
8.0.2. biometrik texnologiyalar;
8.0.3. biometrik informasiya xidmətləri.

Maddə 9. Biometrik identifikasiya sisteminin fəaliyyətinin təşkili

9.1. Biometrik identifikasiya sisteminin fəaliyyəti biometrik informasiya ehtiyatlarının təyinatına, sorğu, axtarış və müqayisə işləri üzrə tələbata əsasən müvafiq dövlət orqanları tərəfindən təşkil edilir və biometrik məlumatların növlərinə uyğun olaraq yaradılan aşağıdakı biometrik informasiya xidmətləri vasitəsilə həyata keçirilir:

9.1.1. üz təsviri üzrə identifikasiya və müşahidə xidməti;
9.1.2. əl-barmaq və ovuc izləri üzrə identifikasiya və daktiloskopik qeydiyyatı xidməti;
9.1.3. səs üzrə identifikasiya, analiz və konvertasiya xidməti;
9.1.4. kağız üzərində yazı xətti və imza üzrə identifikasiya və analiz xidməti;
9.1.5. DNT üzrə analiz və identifikasiya xidməti;
9.1.6. fərdi identifikasiya nömrəsi ilə bağlı nəzarət və təhlükəsizlik xidməti;
9.1.7. gözün qüzehli və tor qişası üzrə identifikasiya və analiz xidməti.

9.2. Biometrik informasiya xidmətlərinin yerləşdiyi obyektlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqi, təşkilati və proqram-texniki vasitələrlə, nəzarət sistemləri ilə mühafizə olunur.

IV fəsil. Yekun müddəalar

Maddə 10. Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 13 iyun 2008-ci il.
 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə