“CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin qalibləri müəyyən olub

02-07-2019 / 17:02

İyulun 2-də "Azərkosmos" ASC və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda növbəti dəfə tələbələr arasında “CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin final mərhələsi keçirilib.

Xeberler.az bildirir ki, bu ilin yanvarından etibarən elan edilən “CanSat Azərbaycan 2019” müsabiqəsində ölkənin 15 universitetindən 38 komanda qeydiyyatdan keçib. Builki müsabiqədə region universitetlərindən olan Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti də iştirak edib. Komandalar əsasən mexanika və kompüter mühəndisliyi, aerodinamika, proseslərin avtomatlaşdırılması, riyaziyyat, fizika və sair texniki ixtisaslar üzrə təhsil alan tələbələrdən ibarət olub.

Bugünkü final mərhələsinə müsabiqənin "İlkin Hesabat Sənədi"nin təqdim olunması, (PDR-Preliminary Design Review) və "Layihələndirmə" mərhələlərini uğurla bitirən 8 universitetdən 11 komanda vəsiqə qazanıb.

Finalçılar hazırladıqları 350 qramlıq model peykləri raketlərin daxilinə yerləşdirib. Hündürlüyü 120 santimetr, çəkisi 1000 qram və 100 Ns dartı qüvvəsinə malik olan daşıyıcı raketlər 300 metr yüksəkliyə qədər qaldırılıb. Səmaya buraxılan raketlərdən ayrılan peyk modelləri vasitəsilə yerüstü stansiyaya siqnal – telemetriya ötürülüb və ərazinin hündürlüyünü, temperaturunu və təzyiqini müəyyən etmək mümkün olub.

İkigünlük final mərhələsinin növbəti günü – komandalar “Peyk modellərinin uçuş sonrası hesabatı”nın təqdim olunması mərhələsində yerli və beynəlxalq üzvlərdən ibarət münsiflər heyəti tərəfindən müsabiqənin meyarlarına uyğun olaraq qiymətləndirilib.

Qiymətləndirmənin yekununa əsasən, final mərhələdə hazırladıqları peyk modelini uğurla səmaya buraxan ADA universitetinin “CanADA” komandası müsabiqənin qalibi olub. İkinci yerin qalibi Bakı Ali Neft Məktəbinin “Can of Duty”, üçüncü yerdə isə Bakı Mühəndislik Universitetini təmsil edən “Caucasus_Sat” komandası qərarlaşıb.

Artıq ikinci ildir ki baş tutan “CanSat Azərbaycan” müsabiqəsinin Azərbaycanda keçirilməsi gənclərin kosmik texnologiyalar sahəsinə marağının artrılmasına xidmət edir, eləcə də müsabiqə qaliblərinə gələcəkdə ölkəmizi bu tipli beynəlxalq yarışlarda layiqincə təmsil etmək imkanı verir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə