CanSat Azərbaycan 2018 müsabiqəsi başa çatıb

01-10-2018 / 10:11

"Azərkosmos" ASC və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə tələbələr arasında keçirilən "CanSat Azərbaycan 2018" model peyk müsabiqəsinin final mərhələsi başa çatıb.

Xeberler.az  bildirir ki, "Azərkosmos" ASC-dən Milli.Az-a verilən məlumata görə, bu ilin ilk aylarından etibarən elan edilən "Cansat Azərbaycan" müsabiqəsində Azərbaycanın 11 universitetindən mexanika və komputer mühəndisliyi, proseslərin avtomatlaşdırılması, riyaziyyat, fizika və sair texniki ixtisaslar üzrə təhsil alan tələbələrdən ibarət 31 komanda qeydiyyatdan keçmişdir.

Bugünkü final mərhələsinə müsabiqənin "İlkin Hesabat Sənədi"-nin (PDR-Preliminary Design Review), "Yekun Hesabat Sənədi"-nin (CDR-Critical Design Review) təqdim edilməsi mərhələlərini uğurla bitirən 7 universitetdən 10 komanda vəsiqə qazanıb.

Tələbələrdən ibarət olan komandalar hazırladıqları 500 qramlıq peyk modelini daşıyıcı vasitəsilə 400 metrdən havaya buraxıblar. Buraxılan modellər tələbələrin hazırladıqları xüsusi proqram təminatı vasitəsilə yerüstü stansiyaya siqnal - telemetriya göndərərək uçuş müddətində peyk modelindən şəkillərin çəkilməsini həyata keçirib. Daha sonra komandalar əldə etdikləri nəticələri Jüri qarşısında təqdim ediblər. Qeyd edək ki, Jürinin sədri Azərbaycan Respublikası Kosmik Məsələlər üzrə Şurasının elmi məsləhətçisi, fizika-riyaziyyat elmləri doktoru, akademik Roald Saqdeyev, Jürinin üzvləri isə Moskva Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.V.Skobeltsin adına Elmi-Tədqiqat Nüvə Fizikası İnstitutunun ümumi və xüsusi praktikum laboratoriyasının müdiri Vladimir Radçenko, ABŞ-da keçirilən beynəlxalq CanSat müsabiqəsinin layihə rəhbəri Mark Volker, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyinin sektor müdiri Anar Kazımov, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov və "Azərkosmos" ASC-nin mütəxəssilərindən ibarət olub.

Azərbaycanda ilk dəfə olaraq keçirilən "CanSat Azərbaycan 2018" müsabiqəsinin əsas məqsədi ölkədə tələbə peyki layihələrinə marağın artırılması, ölkənin beynəlxalq analoji müsabiqələrdə daha çox və təcrübəli komandalarla təmsil olunması və bununla milli peyk sənayesinin stimullaşdırılması, gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən Azərbaycanda hazırlanması üçün bacarıq və vərdişlərin əldə edilməsinə nail olmaqdır.

Azərkosmos peyklərin idarə olunması və peyk xidmətlərinin təqdim edilməsi ilə yanaşı, milli kosmik sənayedə innovasiyaların tətbiq edilməsi və ölkəmizin bu sahədə yerli kadrların hazırlanması istiqamətində işlər aparır. "CanSat Azərbaycan" müsabiqəsi də məhz bu missiyanın bariz nümunəsidir. "CanSat Azərbaycan" müsabiqəsində tələbələr ali məktəbdə aldıqları nəzəri biliklərlə praktiki bacarıqların sintezini model peyk hazırlayarkən real iş şəraitində görüblər. Bu baxımdan tələbələrin bu müsabiqədə iştirakı onlarda kosmik sahəyə marağın yaradılmasına, bu sahədə tədqiqat işlərinə və gələcəkdə bu kimi praktiki layihələrdə iştirak etmələrinə stimul olmuşdur.
 
Ötən illər ərzində peyk xidmətləri sahəsində Azərbaycanın qazandığı təcrübə və bu sahədə formalaşmış insan kapitalı artıq imkan verir ki, yeni nəsil peyk mütəxəssisləri məhz ölkəmizdə yetişsin. "Azərkosmos"un gənc mütəxəssisləri "CanSat Azərbaycan" müsabiqəsində iştirak edən tələbələrə mentorluq etmiş, müsabiqə çərçivəsində komandalara peyk modellərinin hazırlanmasında yaxından dəstək göstərmişlər.
 
Qeyd edək ki, Cənubi Qafqazda ilk peyk operatoru olan "Azərkosmos" ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən "Azerspace-1" peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən Azərkosmos sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky"ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, Azərkosmos 2018-ci ildə ikinci telekommunikasiya peyki "Azerspace-2"ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Daha ətraflı məlumatı www.azercosmos.com internet səhifəsindən ala bilərsiniz.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə