“CanSat Azərbaycan 2020” müsabiqəsinin qalibləri mükafatlandırılıb

01-02-2022 / 16:38

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərkosmos və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “CanSat Azərbaycan 2020” model peyk müsabiqəsində qalib gələn komandaların təltifetmə mərasimi olub.

Xeberler.az bildirir ki, müsabiqədə ölkənin 8 ali təhsil müəssisəsindən 23 komanda iştirak edib. Komandalar əsasən mexanika, elektronika, kompüter mühəndisliyi, aerodinamika, proseslərin avtomatlaşdırılması, riyaziyyat, fizika və digər texniki ixtisaslar üzrə təhsil alan tələbələrdən ibarət olub.

Müsabiqənin “Layihələndirmə” mərhələsinə 16 komanda keçdiyi halda, bunlardan yalnız 10-u finala vəsiqə qazanıb. Pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, 4 komanda müsabiqənin şərtlərinə tam cavab verərək finalda mərhələsində iştirak edib.

Finalçılar real peyklərin iş prinsipi əsasında kütləsi 350 qr olan model peyklər hazırlayıblar.

Münsiflər heyəti peyk modellərini siqnal – telemetriyanın qəbul edilməsi, müəyyən ərazinin şəklinin çəkilməsi, hündürlük, temperatur və təzyiqin müəyyən edilməsi missiyaları əsasında qiymətləndirib.

Yekunda peyk modelinin hazırlanmasında bütün texniki şərtləri yerinə yetirən Bakı Mühəndislik Universitetinin “Rodimus” komandası “CanSat Azərbaycan 2020” müsabiqəsinin qalibi olub.

İkinci yeri Azərbaycan – Fransız Universitetinin “Canopus”, üçüncü yeri isə Milli Aviasiya Akademiyasını təmsil edən “Feniks” komandası qazanıb. I, II və III yerin sahiblərinə müvafiq olaraq 5000 (beş min), 3000 (üç min) və 2000 (iki min) AZN məbləğində pul mükafatı təqdim edilib.

Artıq üçüncü dəfədir təşkil olunan “CanSat Azərbaycan” müsabiqəsinin keçirilməsi tələbələrin kosmik sahədə nəzəri və praktiki biliklər qazanması, xüsusilə peyk modelləşdirilməsi və idarə olunması istiqamətində yerli kadrların yetişdirilməsi məqsədi daşıyır.

“CanSat Azərbaycan” müsabiqəsinin davamı olaraq tələbələr öz peyk modellərini hazırlamaq üçün 26 – 29 may tarixlərində ölkədə ilk dəfə keçiriləcək “TEKNOFEST 2022” Aerokosmik və Texnologiya Festivalının “Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsinə qatıla bilərlər.

Son qeydiyyat tarixi 7 fevral 2022-ci ildir.

Qeydiyyat üçün: https://teknofest.az/az/competitions/competition/35


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə