Cerri Yanq Yahoo!-nun baş direktor vəzifəsini tərk edir
Yahoo! şirkətinin baş direktoru öz vəzifəsini tərk edəcək. Bu barədə internet-şirkət tərəfindən bazar ertəsi axşam saatlarında dərc olunmuş rəsmi bəyanatda deyilir. Yahoo!-nun direktorlar şurası artıq bu vəzifəni icra edəcək namizədin axtarışına başlayıb. Bəyanatda təqdim olunan məlumata əsasən baş direktor vəzifəsini tərk etdikdən sonra C.Yanq Yahoo!-nun direktorlar şurasında və rəhbərliyində öz mövqeyini saxlayacaq.
Qeyd edək ki, Yahoo!-nun təsisçilərindən biri olan Cerri Yanq şirkətin baş direktoru vəzifəsinə 2007-ci ilin iyun ayında təyin olunmuşdur. Məhz o, Yahoo!-nun Microsoft tərəfindən əldə olunmasına dair 2008-ci ilin əvvəlindən davam edən danışıqların əleyhinə çıxış edirdi. Həmin sazişin baş tutmaması səbəbindən Yahoo!-nun qiymətli kağızlarının dəyəri xeyli aşağı düşürdü, belə vəziyyət isə əlbəttə ki, səhmdarların narazılığına gətirib çıxarırdı.