Cinayət məsuliyyəti icazəsiz çəkilişin qarşısını alacaq? – Ekspertdən açıqlama

05-11-2020 / 18:34

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) vətəndaşlara fəal döyüş zonasından icazəsiz videoçəkilişlərin aparılmasının və yayılmasının cinayət məsuliyyətinə səbəb olduğu barədə xəbərdarlıq edib.

Qeyd edək ki, DTX-nın məlumatına əsasən, döyüş əməliyyatları aparılan ərazilərdə bir sıra şəxslər tərəfindən mobil telefonlardan istifadə etməklə icazəsiz videoçəkilişlər edilib, Azərbaycan qoşunlarının strateji və əməliyyat planları, dislokasiyası və yerdəyişmələri, şəxsi heyəti, silah və hərbi texnikaları, digər döyüş təminatı, əməliyyat şəraiti barədə məlumatları əldə etməyə imkan verən müxtəlif videomateriallar yayılıb.

Xeberler.az bildirir ki, qeyd olunan videogörüntülər düşmən ordusu tərəfindən Azərbaycan Respublikasının qoşun hissələrinin qüvvə və mövqeləri barədə informasiyanın əldə edilməsi, həmçinin kəşfiyyat-təxribat fəaliyyətinin həyata keçirilməsi məqsədləri üçün istifadə olunub.

Aşkar edilmiş faktlar üzrə Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284-cü (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanılıb, hazırda həmin şəxslərin cinayət əməlləri ilə bağlı istintaq aparılır.

Bəs sosial şəbəkələrdə zərərli informasiyaların qarşısını necə almaq olar? DTX-nın döyüş zonasından icazəsiz videoçəkilişlərin aparılmasının və yayılmasının cinayət məsuliyyətinə səbəb olması barədə xəbərdarlığı bu halların qarşısını alacaqmı?

“Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz açıqlamasında qeyd edib ki, ölkədə hərbi vəziyyət elan olunub, hərbi vəziyyətlə bağlı isə qanun var:

“Qanunun tələblərinə görə, cəbhə bölgəsindən spesifik videolar var ki, onların yayılması qadağandır. Bəzi şəkillər, videolar və informasiyalar risk yaradır. İndi texnologiyalar o qədər inkişaf edib ki, şəkil, videoları təhlil edib, böyük məlumatlar əldə etmək mümkündür.

Dövlət Təhlükəsizliyi Xidmətinin xəbərdarlığı tam qanuna uyğundur. Hətta deyərdim ki, qanunun tələblərinin sərt olmasına baxmayaraq, yanaşmalar yumşaqdır. Bundan da sui-istifadə olunur. Vətəndaşlar birdəfəlik fərqində olmalıdırlar ki, biz müharibə şəraitindəyik və ölkədə hərbi vəziyyətdir. Eyni zamanda bununla bağlı böyük maarifçilik işləri aparılmalıdır”.

Osman Gündüz hesab edir ki, tədbirlər sərtləşərsə, müəyyən cinayət işləri açılar, cərimələr tətbiq olunarsa bu çəkindirici effekt yarada bilər:

“Vətəndaşlara səslənirəm ki, məlumatları paylaşmasınlar ki, düşmən də bundan istifadə etməsin. Bir qədər səbirli olmaq və qanunlara hörmət etmək lazımdır”.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.