Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz bank kartlarından vəsaitlərin təkrar silinməsi ilə bağlı yaranmış vəziyyətə münasibət bildirib.
Xeberler.az məlumat verir ki, ekspertin sözlərinə görə, ötən gün ABB, AccessBank, ExpressBank, Yelo Bank və digər bankların müştərilərinin kart hesablarından vəsaitlərin yoxa çıxması halları qeydə alınıb. O qeyd edib ki, adıçəkilən bankların hamısını birləşdirən əsas cəhət onların Azericard prosessinq mərkəzinə bağlı olmasıdır.
Osman Gündüz xatırladıb ki, ABB yaranmış vəziyyəti "üçüncü tərəf provayderi" ilə bağlı texniki nasazlıqla izah edib. Azericard isə problemin banklararası hesablaşma fayllarının emalı zamanı yarandığını, lakin səbəbin mərkəzdən asılı olmadığını açıqlayıb. Mərkəzi Bank da hadisənin kibermüdaxilə nəticəsində deyil, texniki səbəbdən baş verdiyini və ödəniş infrastrukturunda problem olmadığını bəyan edib.
Ekspertin fikrincə, hadisənin əsas səbəbi və məsuliyyət daşıyan tərəf hələ də ictimaiyyətə açıqlanmayıb. O hesab edir ki, ictimai etimadın qorunması baxımından bu məsələyə aydınlıq gətirilməsi vacibdir.
Osman Gündüz bildirib ki, banklardan əldə etdiyi məlumatlar, şəxsi müşahidələri və Mərkəzi Bankın açıqlaması baş verənlərin kiberhücum olmadığını deməyə əsas verir.
"Silinmələr təsadüfi deyil, real əməliyyatların təkrarıdır. Vəsaitlər dərhal geri qaytarılır, balanslar avtomatik bərpa olunur. Bu isə oğurluqdan deyil, əməliyyatların dublikasiyasından xəbər verir", – deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, bir neçə müstəqil bankın eyni vaxtda eyni problemlə üzləşməsi yalnız ortaq bir halqa ilə izah oluna bilər. Bu zəncirdə ortaq elementlər Mərkəzi Bankın hesablaşma infrastrukturu və Azericard prosessinq mərkəzidir.
Ekspert qeyd edib ki, Mərkəzi Bank öz infrastrukturunda problem olmadığını açıqladığı üçün, məntiqi baxımdan diqqət Azericard üzərinə yönəlir. O əlavə edib ki, hesablaşma zəncirində baş verən anomaliyaların vaxtında aşkarlanaraq bloklanmaması bu istiqamətdə mövcud nəzarət mexanizmlərinin yetərli olmadığını göstərə bilər.
Osman Gündüz hesab edir ki, baş verən hadisədən sonra Mərkəzi Bank tərəfindən məsələ hərtərəfli araşdırılmalı və müvafiq audit həyata keçirilməlidir.
Ekspert həmçinin bankların yaranmış vəziyyətdən zərər çəkmiş müştərilərə qarşı həssas yanaşma sərgiləməsinin vacibliyini vurğulayıb.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları