“Elektron Təhsil” Respublika musabiqəsinə start verildi

12-04-2011 / 17:09

11 aprel tarixində Azərbaycan Respublikası Təhsil nazirliyi tərəfindən “Elektron Təhsil” Respublika müsabiqəsinin başlanmasına start verildi. Müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və Microsoft Azərbaycan, İntel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, Azerfone - Vodafone, AZEDUNET, Ultra, HP, MƏDƏD təşkilatları tərəfindən dəstəklənir.

Müsabiqəyə aid bütün məlumatlar www.musabiqe.edu.az internet-səhifəsində yerləşdirilmişdir. Veb-saytda müsabiqədə iştirak üçün qeydiyyat sadələşdirilmişdir.  

Müsabiqə “Təhsildə İnternet texnologiyaları" və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil olunmuşdur. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, İnternet  texnologiyalardan  tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

           “Müasir məktəbdə elektron tədris resursları”  istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan metodiki tədris materialları  təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər “Fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı  metodika”, “İbtidai təhsil sistemində İT-dən istifadə üzrə ən yaxşı metodika”, “Elektron tədris  vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən  yaxşı  modeli” nominasiyaları üzrə müəyyən olunacaqlar.                                                              

“Təhsildə  İnternet texnologiyalar” istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu  İnternet resursları, bloqlar və digər İnternet layihələri təqdim edilə bilər. Qaliblər “Təhsildə İnternet resursları” və “Müəllimlərin bloqları” nominasiyaları üzrə müəyyən olunacaqdır.

İki mərhələdə keçiriləcək səsverməni peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla Təhsil Nazirliyi tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq.

Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq.

Qeyd etmək lazımdır ki, müsabiqə artıq ikinci dəfə keçirilir. 2010-cu ildə keçirilən müsabiqədə 810 layihə iştirak etmişdir. Müsabiqənin qalibləri 89 nominant arasından seçilmişdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə