Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda V. Zeynalovun vəkilləri çıxış edərək onun əmlaklarının üzərindən həbsin götürülməsini, istintaq zamanı ifadə verən sabiq nazir Əli Abbasov və müavini İltimas Məmmədovun məhkəmədə dindirilməsini və V. Zeynalovun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyiblər.
Bildiriblər ki, V. Zeynalovun babası tərəfindən 1941-ci ildə tikilmiş evə, qohumlarının əmlaklarına qanunsuz olaraq həbs qoyulub. Vəkillər Əli Abbasovun və İltimas Məmmədovun istintaq zamanı dindirildiklərini, lakin məhkəməyə çağırılan şahidlərin siyahısında onların adının olmadığını deyiblər. V. Zeynalovun vəkili Bəylər Məmişov deyib ki, Əli Abbasov tərəfindən ibtidai istintaq zamanı rəhbərlik etdiyi nazirlikdə törədilmiş qanunsuzluqla əlaqədar vurulmuş ziyan üzrə 6836540 manat ödəniş aparılıb. O, Ə. Abbasovun məhkəmədə ifadə verməsinin vacib olduğunu deyib.
Anar Mustafayevin, Qəmbər Bəybalayev, Namazalı Məmmədov və Cəlil Cəfərovun vəkilləri də həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət veriblər. Vəkillər işin ibtidai istintaqa qaytarılması haqqında da vəsatət veriblər. Proses günün ikinci yarsında davam edəcək.
Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində Aztelekom MMC-nin sabiq baş direktoru M.Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru C.Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, Bakı Rabitə Təmir Tikinti və Təmir Təchizat Servis MMC-lərinin direktoru B.Vəliyev, Optik Qurğular İdarəsinin rəisi N.Məmmədov və Aztelekom MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.
RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İittiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 600 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər.
V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.
Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb. (APA).
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri