“Facebook-u şagirdlər üçün daha faydalı etməyə çalışırıq”

28-01-2016 / 14:19

 “Altun Kitab”  nəşriyyatı 12-15 yaşında olan uşaqların mütailə vərdişinin inkişaf etdirilməsi üşün Facebook sosial  media platformasında müsabiqə elan edib.

Xeberler.az olaraq müsabiqənin şərtləri, istiqaməti  barədə daha ətraflı nəşriyyatın direktoru Rafiq İsmayılovla söhbət etdik.

Rafiq müəllim, müsabiqə maraqlı təşəbbüsdür. Necə oldu ki, belə müsabiqə  elan etmək qərarına gəldiniz? Əsas məqsəd nədir?

-Son zamanlarda şagirdlərdə mütailə və bədii qiraət vərdişlərinin artırılması üçün Təhsil Nazirliyi tərəfindən  bir sıra  layihələr həyata keçirilir. Biz də nəşriyyat olaraq əlimizdə olan imkanlarla bu sahəyə öz töhfəmizi vermək istədik. Nəşriyyatımız tərəfindən konkret mövzular müəyyənləşdirilir. Bu mövzular üzrə kitabların siyahısı şagirdlərə təqdim olunacaq. Şagirdlər bu kitabları oxuyacaq və mövzu üzrə sualları cavablandıracaq. Şagirdlərin daha çox marağı olsun deyə biz bunu müsabiqə formatında təşkil etdik.

-Layihə ilk ildir ki, təşkil edilir?

- Bəli, layihəyə bu ildən başlayırıq. Əgər layihə uğurlu olub yaxşı nəticələnsə, hər il təşkil etməyi düşünürük. Yəni, biz görsək ki, bu layihəyə  valideynlərin, şagirdlərin, müəllimlərin kifayət qədər marağı var, o zaman gələn illər də layihəni davam edəcəyik. Birinci müsabiqə 2016-cı il ərzində davam edəcək. İki aydan bir raund  təşkil ediləcək. Bu raundun qalibləri növbəti mərhələlərdə də iştirak edə bilərlər. Yəni, məqsəd odur ki, müsabiqə iştirakçıları ilin sonunda keçiriləcək finala qədər mümkün qədər çox bal toplaya bilsinlər. Hər kəs finala topladığı balla gəlir. Daha çox balı olanın finalda qalib olmaq şansı daha yüksək olur.

Müsabiqənin Facebook platformasında keçirilməsi də maraqlıdır. 

 - Bəli, müsabiqənin keçirilməsi üçün Facebook-un imkanlarından istifadə olunur. Bir məqsəd də Facebook məkanını şagirdlər üçün intellektuallaşdırmaqdır. Lakin müsabiqənin  final mərhələsi real məkanda keçiriləcək. Çünki biz əmin olmalıyıq ki, virtual müsabiqədə bal toplayan uşaqlar həqiqətən özləri bu suallara  cavab verib. Finala raundlarda ən yüksək bal toplayan 25 nəfər buraxılacaq. Bu 25 nəfər 5 qrupa bölünəcək. Hər beşlikdən bir nəfər seçiləcək. Sonda həmin 5  nəfər arasından bir nəfər qalib olacaq. 

-  Bəs suallar  kimlər tərəfindən hazırlanır? Facebook-da necə təqdim ediləcək?

- Suallar çox dar bir dairədə 2-3 filoloq tərəfindən tərtib edilir.  Raundlar üçün suallar faktoloji xarakter daşıyır. Yəni, təəssüf ki, seçmə mərhələsində biz şagirdlərin analtik və ya tənqidi düşünmə qabilyyətini yoxlaya bilməyəcəyik. Sadəcə, onların kitabları nə dərəcədə diqqətlə oxuduqlarını aşkar edəcəyik. Beləliklə, cavabların qiymətləndirilməsində subyektivlik amili aradan qalxacaq. Sualların cavablarına gəlincə isə çalışırıq ki,  kitablardan kənara çıxmayaq. Sualların 90 faizi təqdim edilən kitabların məzmununu əhatə edəcək. Amma şagirdlərin mövzu üzrə ümumi dünyagörüşünü, intellektini, söz ehtiyatını yoxlayan suallar da ola bilər.

-Facebook-da bu işə necə nəzarət ediləcək? Bunun üçün komanda formalaşıbmı?

- Facebook-da  “Altun Kitab” nəşriyyatının səhifəsi var. Hazırda bu səhifəyə nəşriyyatın ictimaiyyətlə əlaqələr üzrə əməkdaşı nəzarət edir. Amma  müsabiqə iştirakçıları üçün “Altun Pramida” qrupu açmışıq. Bu, qapalı qrupdur və ora yalnız iştirakçılar qəbul ediləcək. Müsabiqədə iştirak etmək istəyən şagirdlər altunkitab.az saytının layihələr bölməsinə daxil olub qeydiyyatdan keçirlər. İştirakçılar burada siyahıya düşürlər. Artıq 30-dan çox şagird qeydiyyatdan keçib. İştirakçılar saytın həmin bölməsinə daxil olub müsabiqə haqqında sual verə və məlumat ala bilər. Raund yarışmalarının keçirilməsi üçün xüsusi proqram tərtib olunub.

- Rafiq müəllim, sizcə ölkəmizdə valideynlər bu məsələyə necə yanaşacaq? Ümumiyyətlə, valideynlər övladlarının sosial şəbəkələrdən istifadəsinə çox da pozitiv baxmırlar.  Hesab edirlər ki, onlar bu platformalarda daha çox əyləncə üçün vaxtlarını keçirirlər.

- Bəli, siz dediyiniz məsələ ilə bağlı biz araşdırma apardıq. Həqiqətən də bu yaşda uşaqlar ümumi istifadəçilərin cəmi  5-7 faizini təşkil edirlər. Ziyalı valideyn, yəqin, başa düşər ki, uşağı sosial şəbəkədən öz intellekt səviyyəsini və yaxşı mənada sosial aktivliyini artırmaq məqsədi ilə istifadə edirsə, burada pis bir şey yoxdur. İştirakçılar bu layihə çərçivəsində bir il ərzində 35-40 kitab oxuyacaq. Bu, Azərbaycan və dünya ədəbiyyatının ən gözəl nümunələri və faydalı elmi-kütləvi kitablardır. Bundan əlavə, özünü hansısa bir intellektual icmanın üzvü hiss etmək, seçilmişlərdən olmaq, zənnimcə, hər bir uşağın arzusudur. Müsabiqənin formatı imkan verir ki, hər bir iştirakçı bu raundda olmasa da, növbəti raundda qaliblər siyahısına düşsün, özü kimi intellektual uşaqlarla maraqlı ünsiyyətdə olsun, bilik mübadiləsi etsin. Hamımız birlikdə buna nail olsaq, güman edirəm ki, valideynlər nəinki uşaqlarını bu layihədən çəkindirər, hətta onları bu sosialaksiyaya cəlb edərlər.

- Birinci raundun mövzusu artıq elan edilibmi?

-  Bəli, 1-ci raund elmi-fantastik ədəbiyyata həsr edilib və bu mövzu ilə bağlı kitabların siyahısı artıq Facebook-da və saytımızda elan edilib. Raund fevralın sonunda keçiriləcək. Əlavə şərtlər və qaydalarla bağlı geniş  məlumatlar veriləcək. Şagirdlərin sualları cavablandırılacaq. Hətta raunda bir neçə gün qalmış sınaq yarışması keçiriləcək. Bu tipli intellekt müsabiqəsi ölkəmizdə ilk dəfə keçirildiyindən çalışırıq ki, texniki məqamlar iştirakçılara öz biliklərini nümayiş etdirməyə mane olmasın.

 - Qaliblərə nə hədiyyə ediləcək?

- İki aydan bir raundların qalibinə planşet və 1-ci dərəcəli diplom, digər qaliblərə müxtəlif kitablar və diplomlar veriləcək. Finalın qalibi isə noutbook qazanacaq. Bütün bunlar nəşriyyatın öz hesabına təşkil edilir. Məqsədimiz uşaqları mütaliəyə cəlb etməkdir. 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə