“Sizə bir sirr də açım, heç vaxt öz soyadımla hesab açmamışam”.
“İnformasiya texnologiyaları tanınmışların həyatında” adlı layihəmizin növbəti qonağı futbol mütəxəssisi, millimizin sabiq baş məşqçisi Şahin Diniyevdir.
-İnternetdən ilk dəfə nə zaman və hansı məqsədlə istifadə etmisiniz? Hansı hissləri keçirdiyinizi xatırlayırsınızmı?
-Doğrusu İnternetlə ilk tanışlıq yadımda deyil, amma baş məşqçi olduğum zamanlar iki ilə yaxın Kislovodskidə yaşadım və İnternet həmin vaxtlar çox köməyimə gəldi. İnternet vasitəsilə yaxınlarımla əlaqə saxlayırdım, Azərbaycanda, dünyada gedən proseslərdən məlumat toplaya bilirdim. Bugün İnternetin insan həyatında yeri, əhəmiyyəti böyükdür. İnternetsiz həyatı təsəvvür etmək mümkün deyil. Deməzdim ki, mən İnternet fanatıyam, amma iş fəaliyyətimdə, həyatımda çox lazımlıdır.
-Hansı elektron poçt sistemindən istifadə edirsiniz? Mailinizi gündə neçə dəfə yoxlayırsınız?
-Mail.ru-dan istifadə edirəm. Poçtuma tez-tez işlə bağlı sənədlər, məktublar, şəkillər göndərirlər. İnternetdə tapa bilmədiyim məxfi sənədləri dost-tanış vasitəsilə əldə edə bilirəm. İş fəaliyyətimdə elektron poçt ünvanı mənə çox kömək edir.
-Spamlar alırsınızmı? Onlar sizin işinizə mane yaradırmı?
-Bir neçə dəfə olub və kompüterim sıradan çıxıb. Bu spamların haradan və niyə gəldiyini bilməmişəm.
-İşdən evə gedəndə, evdə də mobil telefondan , planşetdən və ya kompüterdən istifadə edirsinizmi?
-Əlbəttə, həm mobil telefondan, həm də kompüterdən mütəmadi istifadə edirəm. Səhər yuxudan duran kimi İnternetdə bütün xəbərləri, o cümlədən idman sahəsində olan xəbərləri oxuyuram. Bir də axşam yatmazdan öncə mütləq İnternetə daxil olmalıyam. Bu mənim həyatımdır.
-İnformasiya təhlükəsizliyinizi necə qoruyursunuz? Şəxsi hesabınızı başqasına etibar edirsinizmi?
-Sizə bir sirr də açım, heç vaxt öz soyadımla hesab açmamışam. Adımı qeyd etsəm də, soyadımı yazmıram. Çünki bilirəm ki, soyadım nə isə qalmaqal yaradacaq, kimlərisə artıq bir işlər görməyə təhrik edəcək (gülür). Pərəstişkarlarımın çoxdur və bilirəm ki, mən olduğumu bilsələr kim isə nəsə istəyəcək, yazacaq, soruşacaq. Ona görə adımla istifadə edirəm və ancaq məni tanıyanlar, yaxınlarım həmin hesabımı bilirlər.
-Hansı sosial mediadan, Facebook,Twitter, İnstagram aktiv istifadə edirsiniz?
- Facebook,Twitter, İnstagram-da yoxam. Əgər mənim adımdan həmin sosial şəbəkələrdə hesab açılıbsa, bilin ki o mən deyiləm. Bir neçə dəfə mənim adımdan Facebook-da profil açıblar və şəkillərimdən də istifadə ediblər. Keçən dəfə bir jurnalist mənə deyir ki, bəs mən sizə yazıram, siz də soyuq cavab yazırsınız. Sonradan aydınlaşdırdım ki, adımdan saxta profil açıblar.
-Facebook-dan istifadə etmədiyinizi deyirsiniz. Eyni zamanda, mail ünvanınızı da anladığımız qədər çox insanlar bilmir. İnsanlardan niyə bu qədər uzaqsınız?
- Cəmiyyətin bir qismi mədəniyyət sarıdan korluq çəkir. Ünsiyyət qurarkən belə müəyyən problemlər yarana bilər, boş-boş şərhlərlə səni əsəbiləşdirə bilərlər. Bu sarıdan Şahin Diniyev olaraq kiminsə şərhləri, sözlərinə qulaq vermək istəmirəm. Təmiz fikirli gənclərimiz azdır. Ona görə də, sosial şəbəkələrin ən başağrıdıcı tərəfləri budur. Cəmiyyətə yaraşmayan bir şey olsa da bu reallıqdır. Digər tərəfdən, Facebook-un gənc nəsil üçün daha faydalı olduğunu düşünürəm, bizim vaxtımız keçib(gülür) Dostlarım da mənimlə həmyaşıd olan insanlardır və demək olar ki, onlar da Facebook-dan istifadə etmir. Biz görüşəndə bir-birimizə diqqət göstərməyə çalışırıq, İnternetdə olmuruq. Sevgi hissləri olan insanlar tez-tez yazışmaq istəyər(gülür) Biz yaşımıza görə bir az o hisslərdən uzaq düşmümük(gülür) Ən çox Skype-dan istifadə edirəm.
- Whatsapp-dan necə istifadə edirsinizmi?
-Bəli və deyərdim ki, ən xoşuma gələn Messenger proqramıdır. Whatsapp-da hər bir şeyi etmək imkanım olur, həm yazışıram, səs yazısı göndərirəm, yaxınlarımdan tez-tez xəbər tuta bilirəm. Whatsapp-da iki nömrə ilə qeydiyyatdan keçmişəm və hər ikisindən də istifadə edirəm.
-Özünüzü və cəmiyyəti texnologiyalardan asılı hesab edirsinizmi?
-İnsan hər şeyə qadirdir və uyğunlaşmağı bacarmalıdır. Televizorun olmadığı zamanlarda insan yaşaya bilirdi. Əgər səni meşəyə də atsalar, qaz, işıq, telefon olmasa belə həmin şəraitə uyğunlaşmağı bacarmalısan. İndiki cəmiyyətdə isə İnternetə mütləq ehtiyac var və İnternet olmadan bir çox işlər ləngiyə bilər və informasiyalar sənə çata bilməz. Normal insan həyatında İnternetin rolu danılmazdır. Baş məşqçilikdən gedəndə İnternetdən bir müddət uzaq qaldım. Mənim üçün ağır olsa da, hər bir insan getməyi bacarmalıdır. Belə bir deyim var ki, işə başlayarkən çamadanın yanında olmalıdır.
- Berti Foqtsun istefaya getməsində sosial şəbəkələrin də rolu oldu. Siz bu hadisəni necə qiymətləndirdiniz?
-Bilirsininiz, hərənin bir hadisəyə müxtəlif baxış prizması var. İki nəfər dalaşırsa, onlardan heç biri günahkar olduğunu boynuna almayacaq. Hamı kimi deyiləm: gedənin arxasından pis baxmıram, onun da bir taleyi var və onu yaşayır. Ən başlıcası Foqts həmkarm olduğu üçün təəəsüfləndim. Amma cəmiyyətin təpkisinə rast gəlmədən getmək lazımdır. Gərək sən gedəndə hamı təəssüflənsin, nə yaxşı bu getdi deməsinlər. Ona görə vaxtında getməyi bacarmaq lazımdır. Rusların bir sözü var: heç vaxt heç vaxt deməyin. Onsuz da gedəcəksən və gözəl getməyi bacarmalısan.
-Yəqin ki, Foqtsla bağlı yazılanları, paylaşınları eşidirdiniz və ya oxuyurdunuz. Sosial şəbəkələrdə etika qaydalarını gözləməyənlərə reaksiyanız necə oldu?
- Baxın, bu söhbətlərə görə mən Facebook-a girmirəm. Mənə hər bir şey təsir göstərir: Üstəlik qarşımdakını görmürəmsə, bu lap pis. Təəssüf ki, elə insanlarımız var ki, kiminsə əhvalını pozmaq, kefinə soğan doğramaq üçün tanımadığı birinə istədiyi şeyi yazır. Və ondan həzz alırlar. Sosial şəbəkələrdə bu cür yanaşmaların olması pis haldır.
-Bəs uşaqlarınızın İnternetdən , mobil telefon və ya kompüterdən istifadəsinə nəzarət edirsinizmi? Onlara bununla bağlı qadağalar tətbiq edirsinizmi?
-3 oğlum və bir qızım var. Oğullarım istifadə edir. Çox vaxt məsləhət verirəm ki, az istifadə etsinlər. Kiçik qızımın 8 yaşı var. Bəzən gecələr Wi-Fi-i söndürürəm ki, İnternetə girməsinlər. Axı gecə saat 1-də onların İnternetdən istifadə edib-etmədiklərini izləmək olmur.
Uşaqlar telefona tez maraq göstərir və bunun gələcəkdə fəsadlar yarada biləcəyini anlamır. Bilirsiniz, İnternet insanı özünə çəkir. İnternetdə olarkən vaxt artıq sənin üçün ikinci dərəcəli olur. Ona görə də, bunu idarə etmək çox çətindir. Nəinki uşaq, böyüklər üçün də çətindir.
-Gənc oğlan və qız qarşı-qarşıya əyləşiblər və öz mobil telefonunda nəyləsə məşğuldur. Buna münasibətiniz necə olardı?
-Yaxşı baxmıram. Çünki qarşı-qarşıya oturub mobil telefonla məşğuldurlarsa, deməli bir-birlərinə hörmət etmirlər. İnsan qarşısında oturana hörmət bəsləməli və bütün yazışmalarını bir kənara qoymalıdır. Ola bilsin, təcili bir mesaj gəlibsə, qarşı tərəfdən üzr istəyib həmin mesaja cavab vermək olar. Telefonla məşğul olacaqlarsa, bir yerdə oturmasalar daha yaxşıdır.
-Bir telefon zənginin və ya mesajın gəlişini bildirən xəbərdarlığa cavab vermək üçün öz naharınızı dayandıra və ya görüşünüzü yarımçıq saxlaya bilərdinizmi?
-Baxır nə zaman. Təbii ki, canlı yayımdasansa, bu mümkünsüzdür. Əgər səmimi bir müsahibədəsənsə, telefona cavab verə bilirəm. Telefona cavab vermək vacibdir. Bilirsiniz, telefona cavab verməmək qarşı tərəfdə müxtəlif pis fikirlər yarada bilir: nömrəmi gördü açmadı, görəsən mən ona nə etmişəm, görəsən telefonu itiribmi, və s. mənfi fikirlər yarana bilər. Bu düşüncələr olmasın deyə sadəcə telefonu götürüb sizə bir azdan zəng vuraram demək lazımdır. Hətta bəzən istəmədiyim insanların zənginə cavab vermişəm. Telefonu açıb demişəm ki, sizinlə danışmaq istəmirəm. Mənə elə gəlir ki, telefona cavab verməmək yaxşı hal deyil. Nömrən və telefonun varsa, cavab da verməlisən.
-Mobil İnternetdən istifadə edirsinizmi? Qiymət və keyfiyyət sizi qane edirmi?
-İstifadə edirəm. Ümumi götürəndə bugün İnternet xarici ölkələrə nisbətən Azərbaycanda bahadır. Təkcə özüm üçün bunu demirəm, ayda 10-15 manatı vermək mənə çətin deyil. Amma cəmiyyətdə hər bir insanı fikirləşmək lazımdır axı.
-Xaricdə səfərdə olarkən Rouminq xidmətindən istifadə edirsiniz, yoxsa olduğunuz ölkənin mobil operatorunun xidmətindən istifadə edirsiniz?
-Bəli, amma bugün Rouminq ən yaralı yerimizdir. 10 ilə yaxındır bu xidmətdən istifadə edirəm və deyərdim ki, çox bahadır. Vəziyyət acınacaqlıdır. Hətta Rouminqin xidmət haqqı deyilən məbləğdən də çox yüksək olur. 30-35 qəpik desələr də, telefonla danışandan sonra 5-10 manatımın yoxa çıxdığını görmüşəm. Heç kimə şikayət etmək də olmur. Türkiyədə olarkən oranın mobil operatorunun xidmətindən də istifadə etmişəm. Uzun müddət xarici ölkədə qalacaqsansa bu sərfəlidir. Amma 3-5 gündən ötrü həm nömrə, həm mobil telefon almaq sərfəli deyil.
-İş fəaliyyətinizdə informasiya texnologiyalarından necə istifadə edirsiniz? Texnologiyalar sizin işinizi, fəaliyyətinizi asanlaşdıra bilirmi?
-Ən çox telefonla danışıram. Yazmağa bir az hövsələm çatmır, mesaj yazanda hərflərdə səhvlər edirəm, tez-tez yaza bilmirəm. Whatsapp-da yazışmaq isə daha sərfəlidir. İşimi çox asanlaşdırır. Evdən, dostlardan, bütün hadisələrdən asanlıqla xəbər tuta bilirəm. İnternet insanın gözü, düşünən beynidir. İnternet olmasa insan görməz, eşitməz və dərk etməz.
-Sizcə 10 il uzağa baxsaq, texnologiyalar bizi idarə edəcək, yoxsa daha çox həyatımızı asanlaşdıran bir vasitəyə çevriləcək?
-Texnologiyaların inkişafının həm müsbət, həm də mənfi tərəfləri var. Texnologiyalar bizi daha tənbəl olmağa çağırır. Ancaq texnologiyasız da mümkün deyil. Düzdür, gözümüzlə, beynimizlə bağlı problemlərimiz yaranacaq , amma yenə də işimiz asanlaşdırır.
Mirvari Nəcəf
Fotolar: Əfsanə Şərif
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri