Ölkəmizdə vətəndaşlar müxtəlif ehtiyacları ilə bağlı ödənişləri əksər vaxt onlayn elektron ödəniş portalları vasitəsi ilə həyata keçirirlər.
Xəbərlər ölkəmizdə elektron ödəniş portallarının fəaliyyəti ilə maraqlanıb. Portalların qısa icmalını təqdim edirik.
İlk olaraq son dövrlərdə fəaliyyətə başlayan “ASAN ödəniş” sistemi ilə maraqlandıq.
“ASAN ödəniş” sistemi “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” prezident İlham Əliyevin fərmanına əsasən yaradılıb.
Vətəndaşlar inzibati cərimələr və məhkəmə qərarları üzrə ödənişləri “ASAN ödəniş” (www.asanpay.az) portalından bank kartı vasitəsilə həyata keçirə bilərlər. İlkin mərhələdə yalnız Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişi mümkündür.
“ASAN ödəniş” portalının istifadə təlimatı ilə bağlı vətəndaşların göstərilən linkə daxil olaraq ətraflı məlumat əldə etməsi də mümkündür:(https://www.asanpay.az/asanpay/instructions)
Portalın mobil tətbiqi mövcuddur.
Mərkəzi Bank kommunal xidməti haqlarının yığılması üzrə MÖS-ün yeni bir komponenti - Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemini (KÖMİS) yaradaraq 2008-ci il iyulun 11-də istifadəyə verib. Sistemin istifadəyə verilməsi nəticəsində abonentlərə sistemə qoşulmuş maliyyə qurumlarının istənilən ödəniş xidməti nöqtəsində kommunal xidməti borcları haqqında tam informasiya almaq və istənilən ödəniş mexanizmləri (nağd yolla, ödəniş kartları, bank köçürmələri, internet bankçılıq) vasitəsilə ilə ödəniş aparmaq imkanı yaradılıb.
MÖS infrastrukturunun növbəti inkişaf mərhələsində dövlət büdcəsinə ödənişlərin bankdankənar nağd qaydada aparılmasının aradan qaldırılması, modern və çevik idarəetmənin təmin edilməsi üçün dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə rüsumların və digər ödənişlərin real vaxt rejimində, elektron formada ödənilməsinin təmin edilməsi məqsədi ilə Mərkəzi Bank tərəfindən xüsusi bir layihə həyata keçirilib və KÖMİS-in bazasında “Hökumət Ödəniş Portalı” (HÖP) (www.gpp.az )yaradılıb.
HÖP-ə inteqrasiya olunmuş dövlət orqanları üzrə ümumilikdə 220-dən çox növdə xidmətlərlə bağlı ödənişlər "Azərpoçt" MMC-nin və 42 bankın yaradılmış infrastruktura inteqrasiya olunmuş 1500-ə yaxın ödəniş məntəqəsində nağd formada və portalın internet resurslarından (www.gpp.az) istifadə edilməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada qəbul edilir.
HÖP-ün mobil tətbiqi mövcud deyil.
Növbəti “E-Pul” ödəniş sistemi haqqında məlumat vermək istərdik.
E-PUL layihəsi fərqli cihazlar və rabitə kanalları vasitəsi ilə ödənişlərin edilməsinə imkan yaradan elektron ödəniş sistemidir.
Ödəniş portalında kommunal xidmətlər, mobil operatorlar, İnternet provayderlər, TV provayderlər, televiziya provayderlər, telefon şəbəkəsi, əyləncə xidmətləri, digər xidmətləri , bankçılıq xidmətlərinin ödənişini təmin edir.
Hazırda portalın Android və İOS sistemlərində işləyən mobil tətbiqləri mövcuddur.
www.e-pul.az saytının etibarlılığı Thawte SSL, Verified by Visa və MasterCard SecureCode sertifikatları ilə təsdiq olunub.
Ən güclü rəqiblərdən biri - MilliÖN
MilliÖN ödəniş portalı 2008-ci ildə əsasən terminal ödənişləri ilə bazara daxil olub.
MilliÖN ödəniş portalı (http://www.paypoint.az) öz abunəçilərinə mobil operatorlar, İnternet provayderlər, kabel televiziyası, şəhər telefonaları, mənzil kommunal təsərrüfatı xidmətləri (su, işıq, qaz, o cümlədən qaz smart kartının balansının doldurulması), habelə bank xidmətləri, sığorta xidmətləri,mərc oyunları, əyləncə, ağıllı alış-veriş xidmətlərinin ödənişini təklif edir.
Sayt kifayət qədər peşəkar təəssürat bağışlayır. İstifadəsi rahatdır və sayt funksionaldır. Xidmət siyahısı genişdir və güclü bazasını nəzərə alaraq demək olar ki, ən güclü rəqiblərdən biridir.
Mobil tətbiq mövcud deyil.
Ödənişlər həm qeydiyyatdan keçməklə, həm də qeydiyyatsız mümkündür.
EasyPay (https://www.epay.az/az) ödəniş portalında telefon, internet, kabel televiziyası, kommunal xidmətlər, stansionar telefon ödənişləri, TQDK ödənişlərini həm qeydiyyatdan keçməklə, həm də qeydiyyatsız aparılır.
Ödəniş etmək üçün yalnız İnternetə çıxış lazımdır.
Sayta giriş və texniki dəstəkləmə 24/7 rejimində mümkündür.
Üç addımlı qeydiyyat üsulu, intuitiv anlaşılan interfeys, daima xidmət edir. Abonentlər EasyPay-də özünəxidmət köşkləri vasitəsilə, POS-terminallar vasitəsilə və Veb portal üzərindən ödənişi edə bilərlər.
İstifadəçilərdən komissiya haqqı tutmayan –E-manat.az
Modenis MMC-ə məxsus E-manat.az ödəniş portalı vasitəsilə kommunal xidmət, mobil operator, internet, kabel televiziyası, oyun və s. ödənişləri həyata keçirmək mümkündür.
2013-cü ilin martında e-Manat köşkləri ilə nağd ödəniş bazarına daxil olan Modenis MMC, www.e-manat.az ödəniş portalını istifadəyə verməklə, həm elektron ödənişlərə üstünlük verən ödəyicilər üçün etibarlı vasitə təqdim etmək, həm də ölkəmizdə elektron ödəniş xidmətlərindən istifadənin genişləndirilməsinə dəstək olmaq məqsədini qarşısına qoyub.
Portalda gün ərzində ödənişlərin aparılması ilə bağlı heç bir vaxt məhdudiyyəti yoxdur və 24/7 e-manat.az-da xidmətlərin haqqlarını ödəmək mümkündür.
Ödənişlər üçün istifadəçilərdən komissiya tutulmur. Ödəniş uğurla başa çatdıqdan sonra ödəniş haqqında məlumatları çap etmək mümkün olur.
31 Banka prossesinq xidməti göstərən- AzeriKard
AzeriKard (http://www.azericard.com) Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club və UnionPay Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prossesinq mərkəzidir.
Hazırda AzeriKard Azərbaycanda, eləcə də onun hüdudları kənarında 31 banka prossesinq xidməti göstərir, onlardan 30-u Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür.
AzeriKard kontaktsız bank mikroprosessor kartı vasitəsilə ictimai nəqliyyatda gediş haqqının, telefon şirkətlərinin xidmət haqlarının, kommunal xidmətlərin, gömrük rüsumlarının və vergilərinin ödənişini, Mobil və İnternet Bankçılıq, nağdsiz şəkildə bir kartdan digər karta pul köçürmələri (Kart Transfer, VISA Direct, MasterCard Money Send), bankomat vasitəsilə sığorta haqqlarının ödənişini, həmçinin depozit ödənişini, cürbəcür loyal proqramlar və s. kimi yeni, müasir, yüksək texnologiyalı layihələrin tətbiqini həyata keçirir.
“Azericard” prosessinq mərkəzi mal və xidmətlərin alışını İnternet-də bank plastik kartları vasitəsilə həyata keçirmək imkanını yaradan elektron ticarət (e-commerce) sistemini təklif edir.
Yaxın bir neçə ay ərzində American Express kartlarının qəbulunun mümkün olacağı gözlənilir.
Ödəniş portalının mobil tətbiqi mövcud deyil.
Geniş imkanlara malik olan - Hesab.az
Onlayn ödəniş sistemləri arasında hesab.az portalının da xüsusi yeri var.
GoldenPay şirkətinin və Hesab.az (https://www.hesab.az) portalının yaradıcısı Fərid İsmayılzadə Hesab.az portalının yaranması və fəaliyyət istiqamətləri barədə məlumat verib.
Fərid İsmayılzadə deyib ki, hesab.az 2011-ci ilin aprelində yaranıb və GodlenPay şirkətinə məxsus olan portalın 70-dən çox təşkilata bank kartları vasitəsi ilə ödənişləri təqdim edir. “Burada mobil və stasionar telefon operatorlarına, internet provayderlərə, kabel televiziya, kommunal təşkilatlara, lizinq və banklara kreditlərinin ödənişini etmək mümkündür”.
Onun sözlərinə görə, hesab.az portalında həm də onlayn sığorta xidmətləri və kinoteatrlara bilet belə almaq mümkündür:
“ İstifadəçilərə “Şəxsi kabinet” yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonuslar qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək imkanı təqdim edilir. Hesab.az portalı beynəlxalq elektron təhlükəsizlik standartlarına cavab verən müasir texniki infrastruktura malikdir. Hər ay 10 milyon manatdan çox və 100 minlərlə əməliyyat bu portal vasitəsi ilə həyata keçirilir. Həmçinin, portalın Android və Windows platformalarında tətbiqləri də mövcuddur”.
Qeyd edək ki, hesab.az-ın istifadəçilərinin sayı 162 mini, ümumi ödəniş həcmi isə 113 milyon manatı ötüb. Hər gün portal vasitəsilə təqribən 350 min AZN-dən çox ödəniş həyata keçirilir. Bununla yanaşı, portala kartların yaddaşda saxlanılması funksiyası əlavə edilib. PCİ DSS sertifikatı vasitəsilə ödənişlər daha təhlükəsiz olub, 2 Addımlı Doğrulama funksiyası əlavə olunub.
Hesab.az portalı dünən 4 yaşını qeyd edib.
Bəs görəsən vətandaşlar bu xidmətlərdən doğru və heç bir problem olmadan faydalana bilirlərmi?
Apardığımız sorğunun nəticələrinə görə, vətandaşlar ödəniş portalları haqda fərqli düşünürlər.
Xəbərlər bəzi fikirləri təqdim edir:
“Ödəniş həyata keçməyib, sistem isə sonra pulu geri qaytarmayıb”.
İstifadəçi İlqar Əhmədbəyli deyib ki, bütün ödəniş portallarının rəqibi “ASAN ödəniş”-dir.
O vurğulayıb ki, bu ödəniş portalında pul ödəyərkən qalıqları həm kartla, həm qəpiklə sistem geri qaytarır.
Digər istifadəçi Afiq İsayevin sözlərinə görə isə o, həmişə E-Manat portalından ödəniş edir.
İstifadəçi deyir ki, MilliÖN –nin xidmətləri ürəkaçan deyil. “SmartCart-la ödəniş edəndə həmişə problem olur”.Aqif İsayev deyir ki, online ödəniş sistemlərindən ən yaxşı çalışan hesab.az-dır. İstifadəçi 24 saat portaldan ödəniş etdiyini bildirib.
Əksər istifadəçilər isə bəzi portallardan ciddi narazılıqlarını bildiriblər.
Belə ki, istifadəçilər çox deyir ki, elə MilliÖn-dən qaz pulu yükləyiblər və sistem pulu götürüb, lakin ödəniş həyata keçməyib, sistem isə sonra pulu geri qaytarmayıb.
İstifadəçilər deyir ki, belə olan halda ayrıca harasa gedib çeki göstərməlisən ki, pulu qaytarsınlar. Onların sözlərinə görə, bu zaman da növbə olur və işləyən hər hansı şəxs 10 manata görə əksər vaxt gedib bunu etmir və ödədikləri pul da batır.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri