“İnformasiya savadlılığı və süni intellekt” adlı elmi seminar keçirilib

25-04-2025 / 09:38

Bakı Dövlət Universiteti (BDU) SABAH Mərkəzinin təşkilatçılığı ilə “İnformasiya savadlılığı və süni intellekt” mövzusunda elmi seminar keçirilib.

Xeberler.az məlumat verir ki, tədbiri açan BDU SABAH Mərkəzinin rəhbəri dosent Səbinə Ömərova müasir dövrdə informasiya savadlılığının və süni intellektin rolunun gündən-günə artdığını qeyd edib. O bildirib ki, seminarın əsas məqsədi tələbələrə informasiya savadlılığının və süni intellektin (AI) rəqəmsal dövrdə necə əlaqəli olduğunu vurğulamaq, bu anlayışların təhsil, sosial həyat və informasiya ekosistemindəki əhəmiyyətini və təhlükələrini çatdırmaqdır.

Daha sonra Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın iqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü, media tədqiqatçısı və eksperti, filologiya üzrə fəlsəfə doktoru Leyla Rəşid “İnformasiya savadlılığı və süni intellekt: rəqəmsal dövrdə imkanlar, təhlükələr və yeni strategiyalar" mövzusunda təqdimatla çıxış edib.

Məruzəçi informasiya savadlılığı və süni intellektin rəqəmsal dövrün əsas elementləri kimi xüsusiyyətlərindən danışıb. Bildirib ki, informasiya savadlılığı ömürboyu təhsilin əsasını təşkil edərək təməl insan hüquqlarından biridir.

“Rəqəmsal dövrün reallıqlarından biri də informasiya partlayışı və dezinformasiya problemidir. Dezinformasiya və yalan xəbərlər cəmiyyətin fikrini manipulyasiya etməyə və sosial gərginliyə səbəb ola bilər. İnsanların məlumatın doğruluğunu qiymətləndirmələri kritik əhəmiyyət kəsb edir. Süni intellektin gündəlik həyatda və informasiya əldə etməkdə rolu danışmazdır. Süni intellekt məlumatların analiz və təsnifi, fərdi tədris imkanları, media və informasiya savadlılığının artırılması kimi imkanlar təqdim etməklə yanaşı, dezinformasiya və deepfake texnologiyaları, filter bubble, alqoritmik yönləndirmə, məlumatların manipulyasiyası, etik problemlər və şəxsi məlumatların təhlükəsizliyi kimi təhlükələr yaradır”, – deyə tədqiqatçı vurğulayıb.

Məruzədə yeni strategiyalar və yanaşmalar, təhsil sistemində informasiya savadlılığının tədrisi, süni intellektlə işləmə bacarıqlarının formalaşdırılması, süni intellektin simulyasiya edərək istifadəçiləri manipulyasiya etməsi, milli və beynəlxalq səviyyədə təşəbbüslər, həmçinin təhsildə və tədrisdə informasiya savadlılığı metodları, tənqidi düşüncə, mənbə təhlili və etik informasiya istifadəsi istiqamətdə elmi nəzəri yanaşmalar səsləndirilib. Qeyd edilib ki, gələcəkdə texnologiyalar inkişaf etdikcə süni intellektin cəmiyyətdə rolu daha da artacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə