Internet üzərindən izləmə səlahiyyəti yalnız MTN-dədir

06-02-2012 / 23:52
FACEBOOK, BLACKBERRY, SKYPE SİSTEMİNƏ AZƏRBAYCANDA MÜDAXİLƏLƏR VARMIŞ

2012-02-06

Osman Gündüz: “Bizdə bütün provayderlər, o cümlədən interneti paylaşdıran “Delta Telekom” da nəzarətdədir...”

Qəzetimizin 4 fevral tarixli buraxılışında Britaniyada yaşayan xüsusi texnologiyalar üzrə mütəxəssis Erik Kingin sözlərinə əsasən, London iğtişaşları zamanı hökumət tərəfindən qulaqasma texnologiyalarının qeyri-leqal olaraq tətbiq edilməsi barədə məlumat vermişdik. Belə ki, onun sözlərinə görə, məlum hadisələr zamanı Britaniyanın baş naziri D.Kemeronun yanında Blackberry ticarət nişanının yaradıcısı RİM şirkəti və “Twitter” firmasının nümayəndələrinin iştirakı ilə fövqəladə iclas keçirilib.

İclas zamanı Kemeron BBM funksiyasının hökumətin nəzarətinə keçməsi barədə RİM şirkətinə tələblər irəli sürüb. Erik Kingə görə, BBM funksiyasını ələ keçirə bilmədikdən sonra ölkənin elektron kəşfiyyatı xidməti qeyri-leqal olaraq yasaqlı olan “IMSI Catchers” sistemindən istifadə etməyə başlayıb. Bu sistem vasitəsi ilə müəyyən edilmiş radiusda BBM identifikasiya olunaraq faktiki olaraq, ələ keçirilir. E.King həmçinin Skype sisteminin təhlükəsiz olmadığını da qeyd edib. Belə ki, onun sözlərinə görə, “Skotland Yard” sosial şəbəkələri monitorinq edir və artıq Skype-da işlək və nəzarətedici akkaunt yaratmağa nail olub. King eyni zamanda qeyd edib ki, facebook şəbəkəsindəki yazışmalar, videomübadilə sistemləri artıq 2011-ci ildən nəzarətdədir.
Bəs bu şəbəkə və sistemlərdən istifadə edən Azərbaycanda analoji durum necədir? Ölkəmizdə etibarlı hesab edilən yazışma və xəbərləşmə sistemlərinə də xüsusi xidmət orqanları müdaxilə edə, onlara nəzarəti həyata keçirə bilirmi? Və bu işləri edəcək, buna səlahiyyəti olan dövlət qurumları hansılardır? Bu suallarla sahənin mütəxəssisi hesab olunan Osman Gündüzə müraciət etdik.
Osman bəy müxbirimizə dedi : “Əlbəttə ki, nəzarət var. Azərbaycanda telekommunikasiya və əməliyyat-axtarış haqqında qanunlara görə, telekommunikasiya sektorunda fəaliyyət göstərmək istəyən şirkət lisenziya almaq üçün müəyyən şərtlərə əməl etməlidir. Belə ki, bu şərtlərə görə, provayder şirkətləri SORM sisitemini tətbiq etməlidirlər (”Əməliyyat-axtarış tədbirləri sistemi"-red)". Qeyd edim ki, qanunun sərtləşməsi 2001-ci ilin sentyabr hadisələrindən sonra bütün demokratik ölkələrdə baş verdi, daha sonra Rusiyada və Azərbaycanda da bu hal təkrarlandı. Misal üçün, əvvəllər izləmək üçün xüsusi xidmət orqanları (XXO) provayder və ya rabitə operatorunun ofisinə getməli idisə, indi belə demək olarsa, internet trafiki özü XXO-lardan keçir. Azərbaycanda bütün provayderlər, o cümlədən interneti paylaşdıran “Delta Telekom” da buna əməl edir. Bu qanun vasitəsi ilə dövlət qurumları mütəşəkkil cinayətkarlıq, terrorçuluğun qarşısının alınması sahəsində effektiv fəaliyyət göstərirlər. Lakin qanun aşağıdakı bəzi başqa məsələləri də tənzimləməlidir. Misal üçün, izləmə məhkəmə qərarı əsasında keçirilir, ya XXO-lar özləri bu prosedurları həyata keçirə bilərlər. İkinci məqam, XXO-lar izləməni yalnız spesifik, ağır cinayətlər olan halda həyata keçirməlidirlər.
Qeyd edim ki, müvafiq qanuna görə, internet üzərindən izləmə səlahiyyəti yalnız MTN-dədir. Maraqlıdır ki, misal üçün, Rusiyada dövlət orqanlarında çalışanların “Blackberry” (“BB”) telefonlarından istifadəsi qadağandır və ölkəyə “BB” ticarət nişanlı telefonların gətirilməsinə əngəllər törədilir (Azərbaycan gömrüyü ölkəyə adambaşına gətirilən telefonların sayını 1 ədəd edib-red). Bu isə dövlətin təhlükəsizliyi üçün normal haldır. Çünki təhlükəsizlik orqanlarında “BB”yə aid xüsusi şifrələmə aparatı yoxdur".

Osman Gündüz həmçinin qəzetimizdə gedən “Delta Telekom” şirkətinin texniki direktorunun çıxışına da münasibət bildirdi: “O ki qaldı ”Delta Telekom"a, mənə elə gəlir ki, şirkətin nümayəndəsi məsələni səhv salıb. Əgər xüsusi qorunma sisteminə malik bir dövlət informasiya sisteminə daxil olunursa və onun strateji qurumlarının informasiya subyektləri dağıdılırsa; Elektron Hökumət quruculuğuna cavabdeh olan bir qurumun -MHM-in (Məlumat-Hesablama Mərkəzi) hətta serveri sıradan çıxarılırsa; hansı ki, Elektron İmza Infrastrukturu da bu serverdədir və Elektron Hökumət portalının da yaxın bir ayda burda açılışı olmalı idi; mən başa düşmürəm hansı cəsarətlə bunu adi müdaxilə kimi dəyərləndirmək olar? Məncə, Rahib müəllim (“Delta Telekom” şirkətinin texniki direktoru) nələrisə qarışdırıb. Əgər DİN-in o nəhənglikdə resursu fəaliyyətini dayandırırsa, prezidentin saytının arxivinə kənardan daxil ola bilirlərsə, onda bunun adı müdaxilə deyil, bunun adı əsl KİBER MÜHARİBƏDİR.

Mən düşünürəm ki, hökumət 16 yanvar hadisələrindən (kiber-hücum tarixi-red.) ciddi dərslər götürməlidir. İnformasiya təhlükəsizliyinin qorunması, kiber-hücumlara qarşı dayanıqlı sistemin qurulması üçün texiniki-texnoloji, maliyyə və kadr resursları qaydasına salınmalıdır. Necə ki, real dünyada bizim xüsusi xidmət orqanları terrorizmin-dövlət əleyhinə olan təhlükələrin qarşısının alınması istiqamətində qabaqlayıcı sistemlər yaradıblar; həmin sistemlər eləcə də kiber-cinayətkarlığa qarşı da yaradılmalıdır. Dövlət saytlarının hazırlanmasına qarşı sərt tələblər qoyulmalıdır, dövlət saytlarının ciddi audit sistemi yaradılmalıdır, kiber-cinayətkarlıqla bağlı dövlət qurumlarının səlahiyyətləri konkretləşməlidir, tək nazirliklərin yox, bütün dövlət qurumlarının saytları bir təhlükəsiz serverdə saxlanılmalıdır. Bu sahədə kadrların hazırlanmasına, onların işləmək üçün digər ölkələrə getməsinin qarşısı alınmalıdır, normal əməkhaqqı vermək lazımdır".
Göründüyü kimi, həm izlənmə məsələləri, həm də elektron qorunmalarla bağlı ölkəmizdə kifayət qədər problemlər, mübahisəli məqamlar var. Bu səbəbdən də mövzunun davam etdirilməsinə də lüzum yaranıb; sözü, təhlili və təklifi olan mütəxəssisləri müzakirələrə qoşulmağa dəvət edirik.

Hamlet ƏRƏSTUNOĞLU
Yeni Musavat (musavat.com), 06.02.2012

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə