Previous Next
Bağla

28 May müstəqillik günüdür

28-05-2026 08:39
28 May müstəqillik günüdür

Tarixin yaddaşında azadlıq uğrunda atılmış hər addım bir millətin iradəsini, mənəvi bütövlüyünü və gələcəyə inamını əks etdirir. Azərbaycan xalqı da öz taleyinə sahib çıxmaq, milli kimliyini qorumaq və müstəqil yaşamaq əzmini XX əsrin əvvəllərində dünya tarixinə yazdı. Azərbaycan Xalq Cümhuriyyəti təkcə dövlətçiliyimizin bərpası deyil, həm də azərbaycanlıların siyasi yetkinliyinin, milli iradəsinin və müasir dəyərlərə sadiqliyinin parlaq nümunəsi idi.

Xeberler.az bildirir ki, Müsəlman Şərqində ilk parlamentli respublika kimi yaranan Cümhuriyyət, milli suverenliyin, xalq hakimiyyətinin və insan hüquqlarının qorunduğu demokratik bir cəmiyyətin əsasını qoydu. O dövrün mürəkkəb geosiyasi şəraitinə, daxili və xarici təhdidlərə baxmayaraq, Azərbaycan xalqı bir daha sübut etdi ki, müstəqillik onun üçün yalnız siyasi status deyil, həm də tarixi haqq, mənəvi dəyər və ali idealdır.

Bu gün müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür. Zəngin dövlətçilik ənənələrinə malik xalqımız tarixinin müxtəlif dövrlərində zamanın çağırışları ilə böyük imperiyaların tərkibinə daxil olsa da, azadlıq və müstəqillik ideyası heç vaxt unudulmamışdır. Azərbaycan Xalq Cümhuriyyəti də məhz XIX əsrin sonları və XX əsrin əvvəllərində baş verən mədəni-siyasi yüksəliş mərhələsinin, milli özünüdərkin və azadlıq ruhunun məntiqi nəticəsi kimi meydana çıxmışdı.

Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi.

1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edildi. Yeni qurulan Xalq Cümhuriyyəti üzərinə götürdüyü çətin və mühüm missiyanı imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. İlk parlament və hökumət təşkil edildi. Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi qəbul olundu. Azərbaycan dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi addımlar atıldı.

Respublikanın ərazi bütövlüyünü və milli təhlükəsizliyi təmin etmək üçün zəruri tədbirlər görüldü. Qısa müddətdə yüksək döyüş qabiliyyətinə malik hərbi hissələr yaradıldı, milli xüsusiyyətlərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarif və mədəniyyətin inkişafı məqsədilə önəmli qərarlar qəbul olundu. Mövcudluğunun ilk günlərindən demokratiya prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına bərabər hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldırdı.

Ancaq birinci respublika cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının işğalına məruz qalaraq müstəqilliyini itirdi.

Azərbaycan dövlət müstəqilliyini təxminən 70 il sonra - 1991-ci ildə bərpa edə bildi. Lakin əsl müstəqilliyimiz 1993-cü ildə xalqımız Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət edəndən sonra başladı. Azərbaycan dövləti özünü Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi elan etdi.

Ümummilli Lider xilaskarlıq missiyasını üzərinə götürərək respublikanı çətin sınaqlardan uğurla çıxardı, dövlət müstəqilliyini qorudu və möhkəmləndirdi. İndi çoxəsrlik tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazanaraq xəyalları reallığa çevirdi, suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi.

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində dövlət Bayrağımızı ucaltması tariximizə daha bir unudulmaz hadisə kimi yazıldı. Hazırda isə azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı müvəffəqiyyətlə icra olunur.

Bu gün müasir Azərbaycan 107 il əvvəl Xalq Cümhuriyyəti qurucularının arzuladığı güclü, dünyada sayılıb-seçilən dövlətdir. Müasir Azərbaycan dövləti hərtərəfli və dinamik inkişaf yolundadır. İqtisadiyyatdan tutmuş ordu quruculuğuna, təhsildən tutmuş beynəlxalq nüfuza qədər bütün sahələrdə mühüm nailiyyətlər əldə olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız regionun aparıcı dövləti olmaqla yanaşı, beynəlxalq miqyasda da söz və nüfuz sahibinə çevrilib. Azərbaycan bu gün öz milli maraqlarını əsas tutaraq, müstəqil və prinsipial siyasət yürüdən nadir ölkələrdən biridir.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs sayəsində Azərbaycanın dövlət müstəqilliyi dönməz xarakter almış, sarsılmaz ideoloji-siyasi təməllər üzərində qurulmuşdur. Bu siyasət nəticəsində Azərbaycan yalnız regional deyil, həm də qlobal səviyyədə etibarlı tərəfdaş, sülh və əməkdaşlıq təşəbbüslərinin fəal iştirakçısı kimi tanınır.

28 May – Müstəqillik Günü Azərbaycan xalqı üçün sadəcə təqvimdəki bir tarix deyil, milli qürurun, dövlətçilik şüurunun və müstəqil yaşamaq haqqının simvoludur. Bu gün xalqımız 28 May - Müstəqillik Gününü böyük sevinc, xüsusi əhvali-ruhiyyə və sonsuz fəxarətlə qeyd edir. Üçrəngli Bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanır.

Müstəqil Azərbaycan hər birimizin qürur mənbəyidir. Müstəqillik ən böyük dəyərimiz və sərvətimizdir. Xalqımız qanı-canı bahasına əldə etdiyi bu sərvəti əzmlə qoruyur və qoruyacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

28 May müstəqillik günüdür

28-05-2025

28 May – Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir

28-05-2021

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd edilir

28-05-2018

Azərbaycanda Respublika Günü qeyd olunur

28-05-2016

​Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur

28-05-2015

Azərbaycan dövlət müstəqilliyinin bərpası günüdür

18-10-2024

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 32 il ötür

18-10-2023

Bu gün Müstəqilliyin Bərpası Günüdür

18-10-2022

Azərbaycanın müstəqilliyini bərpa etməsindən 30 il ötür

18-10-2021

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

09-11-2019

17 noyabr Milli Dirçəliş Günüdür

17-11-2024

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

17-11-2023

15 iyun - Azərbaycan dövlətçiliyinin Qurtuluş Günüdür

15-06-2020

18 oktyabr - Azərbaycanın müstəqilliyinin bərpası günüdür

18-10-2025

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2016

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2017

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

15-06-2023

15 İyun - Milli Qurtuluş Günüdür

15-06-2025

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2018

12 Noyabr - Konstitusiya Günüdür

12-11-2025

Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

18-10-2017

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 101 il ötür

26-06-2019

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 25 illiyini qeyd edir

18-10-2016

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

26-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə