“Kriptovalyutalarla əməliyyat milli sərhədləri aşır”

17-05-2018 / 16:08

Məlumat verdiyimiz kimi, bu gün ölkədə "Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik" mövzusunda forum keçirilib.

Xeberler.az-ın məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı forumda açılış nitqi edib.

Onun sözlərinə görə, Azərbaycanda blokçeyn texnologiyalarına əsaslanan və X-Road əsasında yaradılan Rəqəmsal Ticarət Qovşağı dövlət-özəl əməkdaşlığının bariz nümunəsidir:

“Blokçeyn texnologiyalarının tətbiqi bütün dünyada olduğu kimi Azərbaycanda da diqqətlə öyrənilir, risklər və imkanlar qiymətləndirilir. Azərbaycanın maliyyə-bank sektorunun keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, maliyyə xidmətlərinin daha da yaxşılaşması, maliyyə resurslarına əlçatarlığın genişləndirilməsi və qlobal miqyasda rəqabətədavamlılığın təmin olunması həm də blokçeyn texnologiyalarının səmərəli tətbiqindən də asılı olacaq”.

Vüsal Qasımlı bildirib ki, blokçeyn və digər yeni maliyyə texnologiyalarının tənzimləməsi zamanı dünya təcrübəsində istifadə edilən “qum qutusu” (sandbox) yanaşması Azərbaycanda da nəzərdən keçirilə bilər:

“Belədə blokçeyinin tətbiqi üçün “sınaqdan keçir və öyrən” prinsipinə əsaslanan və özəl sektorun fəallığına, təşəbbüskarlığına söykənən bir mühit yaradıla bilər. Çünki blokçeyn texnologiyaları yeni olduğundan hətta inkişaf etmiş ölkələrdə belə dövlət tərəfindən dəqiq tənzimləmə mexanizmləri tam qurulmayıb. Dünya təcrübəsində Mərkəzi Banklar kriptovalutlara münasibətdə iki mühüm məqamın üzərində dayanırlar. Birincisi, Mərkəzi Bankların kriptovalyuta emissiya etməsi qeyri-müyyən olaraq qalır. Çünki belə bir emissiya ikipilləli bank sistemindən birpilləli bank sisteminə keçid deməkdir. İkincisi, Mərkəzi Banklar digər maliyyə institutlarına kriptovalyutlarla əməliyyat aparmağa və kripto mədənçiliyə nə dərəcədə icazə verməklə bağlı yekun qərara gələ bilmirlər. Çünki kriptovalyutlarla əməliyyat zamanı vergidən yayınma və kirli pulların yuyulması kimi risklərin həlli ilə bağlı da mexanizmlər hələ ki, yoxdur. Eyni zamanda yeni protokollar da işlənilir. Məsələn, Ingiltərə Bankı Paylaşılan Mühasibat Texnologiyasının (Distributed Ledger Technology (DLT)) tətbiqinə şərait yaradır. Bu protokol sindikatlaşdırılmış kreditlərin verilməsi üçün imkandır. Azərbaycanın maliyyə-bank sektorunun nümayəndələri ilə DLT-nin müzakirə edilməsi və uyğun olarsa təkliflərin hazırlanması məqsədəuyğun görünür. Bütün hallarda kriptovalyutalarla əməliyyatlara nəzarət mexanizmi kövrəkdir, milli sərhədləri aşır və hələ formalaşmaqdadır”.

O bildirib ki, dünyanın bir neçə ölkəsində, Sinqapur, Avstraliya, Hindistan, İrlandiya və Kambocada artıq banklararası əməliyyatların blockchain üzərindən aparılması istiqamətində pilot layihələr mövcuddur:

“ Məsələn, Hindistanın ən böyük bankları da artıq bu texnologiyanın istifadəsinə başlanıb. Onların qurduğu konsorsiuma daxil olan banklar artıq yalnız öz informasiya bazalarını yox həmçinin banklararası aparılan bütün məlumatların bazasına nəzarət edə bilirlər. Bu proses hər əməliyyat baş tutduqca avtomatik olaraq sistemdə qeyd edilir və banklararası əməliyyatların daha səlis və operativ həyata keçirilməsinə səbəb olur. Son olaraq, İrlandiyanın “Allied İrish Banks”, “Ulster Bank” və “Permanent TSB” bankları, dünyanın aparıcı audit şirkəti Deloitte ilə birgə ölkədə banklararası əməliyyatların daha sürətli və təhlükəsiz şəkildə aparılması üçün blockchain platforması üzərində çalışır. İrlandiya, Kamboca, və Hindistanın bu istiqamətdə atdığı addımlar göstərir ki, yaxın gələcəkdə artıq banklararası bütün əməliyyatlar daha sürətli, effektiv, təhlükəsiz və ucuz şəkildə blockchain platforması üzərindən aparılacaq. Azərbaycanda da bu istiqamətdə təhlillərin daha da genişləndirilməsinə ehitiyac var. ABŞ, Yaponiya, Fransa və əksər digər ölkələrdə olduğu kimi Azərbaycanın da vergi qanunvericiliyində kriptovalyuta ilə əməliyyatlardan əldə olunan gəlir vergiyə cəlb edilir. Kriptovalyutanın elektron ticarətdə istifadəsi, kriptovalyuta dövriyyəsinin monitorinqi və vergi tənzimlənməsi sahəsində dünyadakı əsas inkişaf trendləri nəzərə alınmaqla araşdırmalar və təkmilləşdirmələr davam edir”.

Direktor onu da qeyd edib ki, blockchain vasitəsi ilə daha da canlanacaq digər sektor isə ticarətdir:

“ Ticarətin blockchain üzərində qurulması üçüncü tərəfləri ortadan qaldıraraq, ticarəti  sadələşdirə, kriptoqrafik kontraktlardan istifadə edərək ixrac və idxalı daha təhlükəsiz edə, əməliyyat müddətin qısalda və xərcləri azalda bilər. Hazırda Azexportda blokçeyn texnologiyaların tətbiqi istiqamətində araşdırmalar aparılır. Azərbaycanda Ağıllı müqavilə (smart contract), Blokçeyn token satışı və İlkin koyn təklifi (İnitial coin offering (ICO)) kimi imkanların daha geniş araşdırılmasına ehtiyac var.n Gələcəkdə blokçeyn texnologiylaraının irəliləməsi banklar, depozitarlar və notariuslar üçün yeni reallıqlar yaradacağından, indidən hazırlıqlar görülməlidir”.

Onun sözlərinə görə, blokçeyn texnologiyaları səhiyyə, mülkiyyət hüquqularının müdafiəsi, istehlak, pul köçürmələri və big data kimi sahələrdə daha böyük fayda gətirəcək:

“Riskləri, kiber təhlükəsizliyi və imkanları nəzərə almaqla blokçeyn texnologiyalarının Azərbaycanda tətbiqinin genişləndirilməsi üçün dövlət və özəl sektorun aşağıdakı üç istiqamətdə birgə fəaliyyəti məqsədəuyğun görünür: 1.Qanunvericiliyin daha da inkişafı; 2.Texnologiyaların tətbiqi; 3. Kadr hazırlığı. Təhsil-elm-biznes üçübucağının faydalı əməkdaşlığına da ehtiyac var. İnformasiyanın dəqiqliyi, qalıcılığı və şəffaflığı blockchain-in əsas üstünlüklərindəndir. Daha sürətli, təhlükəsiz əməliyyatlar və daha ucuz xidmət xərcləri bu texnologiyanın istifadəçilərinin dayanmadan artmasına səbəb olan amillərdəndir. Bütün bu üstünlükləri potensial risklərlə qarşılaşdırdıqda, bu texnologiyanın üstünlüklərinin dezavantajlarından daha çox olduğunu görmüş oluruq”.

 Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə