Marketlər vətəndaşların şəxsi məlumatlarını nə üçün toplayır?

05-06-2015 / 17:40

Son 5 ildə ölkədə  nəhəng market şəbəkələrinin sayı nəinki artıb, bu sahədə təmərküzləşmə gedib. Marketlərin tətbiq etdiyi innovativ metodla- müştəri elektron kartları (bonus, endirim kartları) nəticə etibari ilə müştəriləri cəlb etmək üçün bir vasitəyə çevrilib.

Əslində dünyanın hər yerində tətbiq edilən müştəri elektron kartları istehlakçının  seçim və qərarlarına təsir edən, kömək göstərən rəqəmsal vasitə sayılır.

Bir çox marketlər bonus kartlarını verərkən müştəridən şəxsiyyət vəsiqəsində olan məlumatlardan istifadə edir. Bəs kənardan vətəndaşların xeyrinə görünən bonus kartları təhlükə daşıyırmı?

Xeberler.az marketlərdən məlumatların harada saxlandığını və kim tərəfindən nəzarət edildiyini, təhlükəsizliyin necə qorunduğunu öyrənməyə çalışdı.

Neptun Supermarketlər Şəbəkəsinin mətbuat xidmətinin rəhbəri İlkin Həsənli Xeberler.az-a bildirib ki,  alıcıların şəxsiyyət vəsiqəsindəki məlumatların götürülməsi alıcıların xeyrinə olan məsələdir:

“Şəxsiyyət vəsiqəsindəki məlumatların market tərəfindən əldə olunmasının bir neçə səbəbi var. Birincisi, alıcı bonus kartını itirdiyi təqdirdə kartda olan bonuslar yeni karta köçürülür. Onları düşündüyümüz üçün bu addımı atmışıq. Alıcıların telefon nömrələrinin bazada saxlanılmasına gəldikdə, marketimiz tərəfindən onlara ad günü, bayramlarda təbrik mesajları göndəririk. Ayrı-ayrı şəxslərin nömrələrinin yaddaşda saxlanılması buna xidmət edir”.

İlkin Həsənli qeyd edib ki, bütün bu məlumatlar xüsusi  bazada saxlanılır və 1 şəxs tərəfindən idarə edilir.

Yüzlərlə şəxsin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi bir kompüterdə toplanırsa, bazanın silinməsi və oğurlanması, başqa bir tərəfə verilməsi hallarından necə müdafiə olunursunuz? sualına isə market rəsmisinin cavabı belə oldu: “Bunun üçün daxili server mövcuddur. Vətəndaşların şəxsiyyət vəsiqəsinin seriya nömrələri həmin serverdə qorunur. Bu baxımdan məlumatların silinməsi və ya digərləri tərəfindən oğurlanması halları ilə üz-üzə gəlmirik”.

İlkin Həsənlinin sözlərinə görə, alıcılar Neptun mağazasında onları narahat edən hər bir məsələylə bağlı şikayətlərini yazılı şəkildə də bildirə bilirlər: “Neptun Supermarketlər şəbəkəsi hər zaman müştəriləri üçün  sağlam, müasir və ekonomik  xidmət göstərməyə çalışır. Bunun üçün mağazanın xüsusi elektron poçt ünvanı yaradılıb ([email protected]).

İlkin Həsənli marketin Qaynar Xətt xidmətinin mövcud olduğunu da bildirir: “Neptun mağazalarından aldığınız istənilən məhsulu 15 gün ərzində geri qaytara bilərsiniz. Bunun üçün alış-veriş qəbzinin təqdim olunması mütləqdir. Mağaza işçilərindən hansısa biri alıcıya qarşı nəzakətli davranmasa, alıcılar həmin işçi haqda "Şikayət anketi" yazma hüququnu sahibdir. Eyni zamanda, alıcılarımız üçün 012162 nömrəli Qaynar Xətt Xidməti mövcuddur”.

“Makro” marketlər şəbəkəsində də vəziyyət eyni cürdür.

 

Market alıcıları ilə söhbətimiz zamanı məlum olur ki, alıcılara bonus kartını vermək üçün şəxsiyyət vəsiqələri və ya onun surəti tələb olunur. Hər bir bonus kartının üzərində müştərinin adı və soyadı qeyd olunur.

Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsində yerləşən “Makro” marketə baş çəkərək bonus kartların hansı məqsədlə vətəndaşlardan şəxsi informasiyaların götürülməsi ilə maraqlandıq. Adminstrasiya rəsmisi Xeberler.az-a bildirdi ki, bu barədə informasiya verməyi zəruri hesab etmirlər.

Qeyd edək ki, “Makro” marketlər şəbəkəsinin sosial mediada- Facebook-da səhifələri olsa da, onlardan heç biri aktiv şəkildə fəaliyyət göstərmir. Dəfələrlə, Facebook səhifələrinə mesaj göndərsək də, bu cəhdlərimiz də cavabsız qaldı.

“ANC GROUP” MMC-nin nəzdində fəaliyyət göstərən “Rahat” marketlər şəbəkəsi də alıcıların şəxsi məlumatlarını vahid bazada toplayır. Mağazanın marketinq şöbəsindən Xeberler.az-a verilən məlumata əsasən, alıcılara bonus kartları verilərkən şəxsin şəxsiyyət vəsiqəsinin məlumatları və telefon nömrəsi tələb olunur. Yalnız bu halda bonus kartı müştəriyə təqdim oluna bilər.

Həmçinin bildirildi ki, məlumatlar bazası bir kompüterdə olur və ona yalnız İT sahəsində məlumatlı olan şəxs nəzarət edir. Sistemin mühafizəsi ilə də həmin şəxs məşğul olur. Kompüterin təhlükəsizlik kodu da yalnız həmin şəxsdə olur. Onu da qeyd edək ki, market sosial mediada kifayət qədər aktivdir.

Araz marketlər şəbəkəsində müştərilən məlumatları daxili serverdə saxlanılır və kommersiya sirri olaraq qorunur.  Mövzu ilə bağlı marketinq şöbəsindən Xeberler.az-a verilən məlumatda qeyd olunur ki, 18 yaşı tamam olmuş hər bir şəxs şəxsiyyət vəsiqəsini təqdim etməklə bonus kart ala bilər. Şəxsiyyət vəsiqəsinin olması mütləqdir.

 

Çünki bonuslar topladıqdan sonra bonusa uyğun hədiyyəni almaq üçün həmin şəxs şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Müştərilərin məlumatları daxili serverdə saxlanılır və kommersiya sirri olaraq qorunur. Serverə 1 nəfər nəzarət edir və kompüterin mühafizəsi həmin şəxsdə olur.  Qeyd edək ki, bu market də  sosial mediada aktiv fəaliyyət göstərən marketlərdən biridir.

Bazarstore MMC marketlər şəbəkəsinin marketinq şöbəsi ilə də əlaqə saxlamağa çalışdıq. Lakin bildirildi ki, hazırda şöbədən heç kim işdə deyil, daha sonra əlaqə saxlayın. Sonrakı dəfələrdə isə suallarımıza cavab verən tapılmadı.

Startap Azərbaycan Təşkilat komitəsinin üzvü, Xərcim.az-ın rəhbəri Orxan Əhmədov müştərilərdən şəxsiyyət vəsiqələrindəki nömrələrin alınmasını lazımsız hesab edir:

“Hazırda MultiBon bonus sistemi və bütün sadiqlik sistemləri mobil telefona daşıyan Xərcim.az layihəsi üzərində çalışıram. Ümumiyyətlə, ad, soyad, e-mail və telefon nömrəsi, doğum tarixi, cinsi məlumatları alınması kifayət edir. Amma bəzi marketlər az qalır ki, şəxsiyyət vəsiqəsindəki məlumatlarını da alsınlar, halbuki bunların heç birini ümumiyyətlə işlətmirlər.

Orxan Əhmədov vurğulayıb ki, xaricdə bu məlumatlardan istifadə edərək, müştəriyə özəl təkliflər və s. olunur:  “Məlumatların oğurlanması halı ilə rastlaşmamışam, çünki bütün şirkətlər bu məlumatları göz bəbəkləri kimi qorumağa çalışırlar. Ad günlərində təbrik edilir. Bizdə isə bundan yan keçirlər. Biz öz sistemimizdə şəxsiyyət vəsiqəsi nömrəsini almamışıq. Ancaq, bəzi müəssiəslər sırf olaraq kartı verdiyi müştərinin həqiqiliyini yoxlamaq üçün bunu edirlər”.

Məsələnin hüquqi tərəflərini öyrənmək üçün media üzrə ekspert Ələsgər Məmmədliyə bizə qaranlıq qalan sualları ünvanladıq.

Bonus kartı verilərkən vətəndaşın şəxsiyyət vəsiqəsi məlumatlarının marketin məlumat bazasında saxlanması nə dərəcədə qanunidir? Hüquqi tənzimlənməsi necədir? Qanunda bunlar necə tənzimlənir? Vətəndaş öz məlumatlarının bazada saxlanmasından xəbəri yoxdursa belə halda nə edə bilər?  

Ekspert Xeberler.az-a bildirib ki, Fərdi məlumatların qorunması haqqında qanunvericiliyə əsasən fərdi məlumatlar yalnız dövlət qurumlarında ola bilər:  “Endirim kartı, bonus kartı almaq üçün şəxsiyyət vəsiqəsi biliklərinin alınması identifikasiya üçün ola bilsin ki lazım olsun. Amma onu bir bazada saxlamaq  və bazaya çıxışın kimdə olub olmaması məsələsi hüquqi problemlər yaradır. Fərdi məlumatların qorunması haqqında qanunvericiliyə əsasən fərdi məlumatlar yalnız dövlət qurumları qanuna uyğun istifadə edə və qoruya bilər.  Banklar, və digər müəssisələrdə də şəxsiyyət vəsiqəsi məlumatları götürülür. Orada vətəndaşın məlumatlarının yayılmaması barədə həmin müəssisələr öhdəlik götürür. Və məlumatların saxlanmasının prosedurları var. İnformasiya təhlükəsizliyi qaydalarına maksimum əməl olunmalıdır. İndiki halda marketlər bele bir baza yaradırlarsa və həmin şəxsin iradəsinin xaricində məlumatları başqa yerdə istifadə edilirsə mütləq şəxsə məlumat verilməlidir. Vətəndaş belə halla qarşılaşarsa, şəxsiyyət vəsiqəsi bilgilərinin gizli saxlanılmasını tələb etməlidir. Marketlər  sadəcə vətəndaşın bonus kartdan istifadə etdiyi  dövrdə məlumatların gizli saxlanılacağı haqqında öhdəlik götürməlidir” deyən Ələsgər Məmmədli məsələnin hüquqi tərəflərini izah etdi.

Ekspert fikrini və marketlərdə apardığımız araşdırmanı əsas götürəndə belə nəticəyə gəlmək olar ki, marketlərdə şəxsi məlumatların qorunması və istifadəsi qanunvericiliyə uyğun şəkildə həyata keçirilmir. Belə ki, marketlərin kompüterlərdə saxladığı baza kifayət qədər önəmlidir və müdafiə sistemi yüksək şəkildə həyata keçirilməlidir. Bununla həmin şirkətin mətbuat xidməti deyil İT mütəxəssis məşğul olmalıdır. Bəzi marketlərdən ala bilmədiyimiz cavablar, yaxud da bizə ümumi verilən cavablardan belə qərara gəlmək olar ki, bu məsələnin tənzimlənməsi  ilə bağlı ciddi problemlər var.

 

Sevinc Çəltikova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə