“Milli Proqram” çərçivəsində daha 7500 nəfər təlimlərə başlayıb

14-05-2025 / 17:18

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 7500 nəfər təlimlərə başlayıb.

Xeberler.az məlumat verir ki, “Milli Proqram” istifadəçiləri 6 həftə ərzində ABŞ-ın “Coursera” onlayn təhsil platformasında 8000-dən çox təlimdən yararlanmaq imkanı qazanıb. Aprel ayında təlimlərə qoşulan ilk 7500 nəfər isə onlayn platformada 40 mindən çox kursa müraciət edib, 13 mindən çox təlim müvəffəqiyyətlə başa vurulub. İstifadəçilərin 25%-dən çoxu platformada təqdim olunan süni intellekt və data elmi sahəsində təlimlərdən faydalanıb.

Ümumilikdə onlayn platformada Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 8 minə qədər sahəvi kurs və proqramı “Milli Proqram” istifadəçiləri üçün əlçatandır.

Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq bu imkandan yararlana bilirlər.

Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. SOCAR, “PASHA Holding”, bp və JOCAP şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilən “Milli Proqram” çərçivəsində “Coursera” platformasında ən çox müraciət olunan 2500 kurs süni intellektin köməyi ilə Azərbaycan dilində altyazı ilə müşayiət olunur.

“Milli Proqram”a qoşulmaq istəyən vətəndaşlar https://form.4sim.gov.az linkindən keçid edərək qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, ötən il “4Sİ Akademiyası”nın ilkin mərhələsində 10 min nəfər bir il ərzində növbəli şəkildə “Coursera” platformasında ödənişsiz kurslardan faydalanıb. İştirakçılar 32 min saatdan çox kurs dinləyiblər, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4200 beynəlxalq sertifikat əldə ediblər. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə