İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun (TİF) birgə icra etdiyi “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a daha 7500 nəfər qoşularaq təlimlərə başlayıb. Vətəndaşlar altı həftə müddətində “Coursera” onlayn təhsil platformasında rəqəmsal bacarıqlar, süni intellekt, data analitikası, proqramlaşdırma, biznes və digər prioritet sahələr üzrə beynəlxalq səviyyəli təlimlərdən yararlanacaqlar.
Xeberler.az bildirir ki, 2025-ci ilin mart ayından start verilən “Milli Proqram”ın icrası çərçivəsində indiyədək 60 min nəfər “Coursera” platformasında 250 min təlimə qoşulub. Onlar 90 mindən çox təlimi uğurla tamamlayaraq beynəlxalq səviyyəli sertifikatlar əldə ediblər.
“Milli Proqram”ın məqsədi ölkədə rəqəmsal bacarıqların artırılması, innovasiya yönümlü təfəkkürün təşviqi və yeni texnologiyalara inteqrasiyanın sürətləndirilməsidir. Proqram vasitəsilə iştirakçılar qlobal miqyasda tanınan onlayn təhsil platforması üzərindən müasir texnologiyalar, analitik düşüncə, idarəetmə və kommunikasiya bacarıqlarının inkişafına yönəlmiş təlimlərdən faydalanırlar.
Proqram çərçivəsində “Coursera” platformasında dünyanın 375-dən çox aparıcı universiteti və texnologiya şirkətinin 18 mindən artıq təlimi vətəndaşlarımıza ödənişsiz təqdim olunur. İstifadəçi əlçatanlığının artırılması məqsədilə 2500 kurs Azərbaycan dilində altyazı ilə tərcümə edilib, ən çox tələb olunan 15 təlim isə süni intellekt əsaslı dublyaj olunub. Eyni zamanda, “Coursera” platformasında “Milli Proqram”ın interfeysi Azərbaycan dilində istifadəyə verilib.
“Milli Proqram”a qoşulanlar arasında 21-30 yaş arasında vətəndaşlar üstünlük təşkil edir. Ən kiçik istifadəçinin 10, ən yaşlı istifadəçinin isə 87 yaşı var. Statistik göstəricilər qadınların proqramdakı payının 56%-dən yüksək olduğunu göstərir. Proqram ölkənin bütün regionlarını əhatə edir.
Hər bir Azərbaycan vətəndaşı https://form.4sim.gov.az saytı vasitəsilə qeydiyyatdan keçərək bu imkandan yararlana və qlobal əmək bazarında rəqabətqabiliyyətli bacarıqlar əldə edə bilər.
Qeyd edək ki, 2024-cü ildə “4Sİ Akademiyası”nın pilot mərhələsində 10 min nəfər 1 il ərzində “Coursera” platformasında kurslardan ödənişsiz faydalanıb. Təlimləri uğurla tamamlayanlar ümumilikdə 4200 beynəlxalq sertifikat əldə ediblər. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub.
Bu proqram SOCAR, “Paşa Holdinq”, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları