“Milli Proqram”ın ikinci mərhələsi üçün qeydiyyat başlayıb

11-04-2025 / 19:17

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “Milli Proqram”ın ikinci mərhələsi üçün qeydiyyat başlayıb.

Xeberler.az məlumat verir ki, Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq ödənişsiz təlimlərdən yararlana bilərlər. Bunun üçün vətəndaşlar form.4sim.gov.az saytına daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçənlər may ayından başlayaraq “Coursera” onlayn təhsil platformasında 6 həftə ərzində ödənişsiz təlimlərdən yararlanmaq üçün lisenziya əldə edəcəklər.

Qeyd edək ki, “Milli Proqram” çərçivəsində ilk 7500 istifadəçi aprelin 1-dən ödənişsiz təlimlərdən yararlanmağa başlayıb. Bu günə kimi vətəndaşlar platformada 20 242 təlimə müraciət ediblər. 2326 təlim artıq yekunlaşıb, verilən tapşırıqları uğurla yerinə yetirənlər beynəlxalq sertifikatlar əldə ediblər.

Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. Məqsəd ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.

İstifadəçilər onlayn platformada Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, AWS, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin kurs və təlimlərindən yararlanırlar. Platformada 4Sİ texnologiyaları, süni intellekt, maşın öyrənməsi, böyük verilənlər, data analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, şəxsi inkişaf və kommunikasiya kimi bacarıqlar da daxil olmaqla ümumilikdə 8000-ə qədər sahəvi kurs və proqramlar “Milli Proqram” istifadəçiləri üçün əlçatandır. “Milli Proqram” çərçivəsində “Coursera” platformasında ən çox müraciət olunan 2500 kurs süni intellektin köməyi ilə Azərbaycan dilində altyazı ilə müşayiət olunur.

Xatırladaq ki, ötən il pilot layihə olaraq həyata keçirilən “4Sİ Akademiyası”da 10 min nəfər 1 il ərzində növbəli şəkildə “Coursera” platformasında ödənişsiz kurslardan faydalanıb. İştirakçılar 32 min saatdan çox kurs dinləyiblər, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4200 beynəlxalq sertifikat əldə ediblər. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub. SOCAR, “Pasha Holding”, bp və JOCAP şirkətləri bu proqramın əsas tərəfdaşlarıdır.

 


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə