“Google” mobil telefonları kredit kartlarına çevirəcək
ABŞ-da dünyanın nağdsız ödəmələr sistemində inqilabi yeniliyə səbəb ola biləcək layihə üzərində işlər başlayıb. Xeberler.az-ın Bloomberg agentliyinə istinadən məlumatına görə, “Google” şirkəti “VeriFone” şirkəti ilə birlikdə yeni qeyri nağd ödəmə texnologiyası hazırlayır.
Bu texnologiya mobil telefonların mağazalarda nağdsız ödəmə üçün istifadə olunmasına imkan verəcək. Yeni sistem ənənəvi kredit kartlarını əvəz edərək onları bazardan çıxarmalıdır.
Yaxın aylarda San-Fransisko və Nyu-Yorkda yeni sistemin sınaqlarına başlanacaq. Artıq mağazalarda quraşdırılmış “VeriFone” terminalları telefonun mikrosxemi vasitəsilə ödənişləri qəbul edə bilir. Bu, təmassız yaxın mobil rabitə vasitəsilə mümkün olur.
Yeni texnologiyanın ən maraqlı cəhəti odur ki, smartfonun bir mikrosxemində onun sahibi barədə bütün lazımi informasiyaları yerləşdirmək mümkündür. Bura bank hesabı, hədiyyə və klub kartları və xüsusi tədbirlərə abunə barədə məlumatlar daxildir. Təmassız yaxın mobil rabitə sistemi ilə təmin olunmuş telefonların sahibləri bu texnologiyadan istifadə edə biləcəklər.
Qeyd edək ki, “Google” bu istiqamətdə araşdırma aparan ilk şirkət deyil. Ötən ilin sonunda ABŞ-ın 3 böyük mobil rabitə şirkəti – “Verizon Wireless”, “AT&T Inc.” və “T-Mobile” belə layihə üzərində işlərin başlandığını bəyan ediblər.