“Naxçıvanın ən ucqar kəndində də əhali İKT-dən yararlanır”

07-07-2015 / 21:49

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan-10: təhsil prosesinin təkmilləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Xeberler.az-ın məlumatına görə, konfrans iştirakçıları Naxçıvan Dövlət Universitetinin elektron təhsil sistemi və rəqəmsal multimedia infrastrukturu ilə tanış olublar.

İştirakçılara məlumat verilib ki, ali təhsil ocağında informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq olunub, yüksək tələblərə cavab verən elektron idarəetmə və tədris sistemi yaradılıb.

İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzində 30 terabayt həcmində xüsusi serverlər və internet paylaşdırıcılar yerləşdirilib, universitet vahid telefon şəbəkəsinə qoşulub.

Mərkəzi serverdə universitetin tələbə və müəllim kontingenti haqqında məlumatlar, idarəetmə ilə bağlı sənədləşmə işləri, müəllimlərin elektron imzaları yerləşdirilib, tədris planları və mühazirələrin elektron bazası yaradılıb, elektron mühazirə və imtahan otaqları istifadəyə verilibdir. Rəqəmsal multimedia infrastrukturu videodərslərin hazırlanmasına və distant tədrisin tətbiqinə geniş imkanlar açıb, universitet televiziyasının texniki imkanları yüksəldilibdir. Televiziyada ən müasir kameralar, video və səs sistemləri, montaj avadanlıqları və virtual studiya quraşdırılıb, onlayn dərslərin hazırlanması və çəkilişlərin aparılması üçün xüsusi proqramla təmin olunub.

Tanışlıqdan sonra “Elektron Naxçıvan–10: təhsil prosesinin təkmilləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının rolu” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Konfransda çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov deyib ki, muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarından təhsil sistemində geniş istifadə olunur. Naxçıvan Dövlət Universitetində də bu sahədə mühüm işlər görülüb, idarəetmə sistemi və tədris prosesi yüksək texnologiyalar əsasında qurulub. Universitetdə 42 elektron lövhə, 750-yə yaxın kompüter, 15 elektron kürsü quraşdırılıb. Yaradılan şərait tədrisin səviyyəsini yüksəltməklə yanaşı, müxtəlif səviyyəli tədbirlərin keçirilməsinə də əlverişli şərait yaradıb. Bunun nəticəsidir ki, son 20 ildə universitetdə 200-ə yaxın beynəlxalq və ölkə əhəmiyyətli elmi konfrans və simpoziumlar keçirilib. 2005-ci ildən etibarən hər il keçirilən “Elektron Naxçıvan” beynəlxalq konfransı universitetin əlaqələrinin genişlənməsinə geniş imkanlar açıb, Amerika Birləşmiş Ştatları, Çin, Fransa, Rusiya, Cənubi Koreya, Türkiyə, Kanada, Pakistan, Polşa, İsveçrə, Qazaxıstan, Özbəkistan universitetlərinin təmsilçilərinin Naxçıvan Dövlət Universitetinə maraqları artıb. Bunun nəticəsidir ki, həm elektron məkanda, həm də elmi mühitdə qarşılıqlı əlaqələr inkişaf edib, elmin, təhsilin, tədrisin, tələbə və müəllim mobilliyinin inkişafına nail olunub.

Saleh Məhərrəmov Naxçıvan Dövlət Universitetində informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində həyata keçirilən tədbirlərə və yaradılan şəraitə görə minnətdarlıq edib.

Sonra muxtar respublikada informasiya cəmiyyətinin formalaşdırılması və “Elektron Naxçıvan” layihəsi çərçivəsində görülən işlərdən bəhs edən film nümayiş olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib ki, 2005-ci ildən başlayaraq hər il Naxçıvanda “Elektron Naxçıvan” mövzusunda beynəlxalq konfrans keçirilir. Bu gün çox mühüm məsələyə - təhsil prosesinin təkmilləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının roluna həsr olunmuş konfrans öz işinə başlayır.

Ali Məclisin Sədri bu münasibətlə konfrans iştirakçılarını və qonaqları təbrik edib, təşkilatçılara təşəkkürünü bildirib, alim və tədqiqatçılara elmi fəaliyyətlərində uğurlar arzulayıb:

“Hər dövrün öz qanunauyğunluqları var. Buna uyğun olaraq ölkələrin inkişaf kriteriyaları müəyyənləşir. Bu gün hələ böyük əhali potensialına və orduya malik olan ölkələri güclü ölkə hesab etmirlər. O ölkə güclüdür ki, elm tutumlu qabaqcıl texnologiya və böyük informasiya çəkisinə malik olsun. İndi dünyanı informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir. İnformasiya-kommunikasiya texnologiyaları insanların gündəlik həyatına nüfuz edib, elmin və təhsilin inkişafında, müasir iqtisadi sistemin formalaşdırılmasında mühüm faktora çevrilib”.

Ali Məclisin Sədri deyib ki, Naxçıvan Muxtar Respublikası uzun müddətdir ki, blokada şəraitində yaşasa da, informasiya-kommunikasiya texnologiyaları infrastrukturu ilbəil müasirləşdirilir: “Yaşayış məntəqələrində yeni nəsil telekommunikasiya sistemlərinin qurulması rabitə xidmətlərinin səviyyəsini artırıb, mövcud avtomat telefon stansiyalarının 96 faizi fiber-optik arabağlantı ilə təmin edilmişdir. Bu gün Naxçıvan şəhərində də, ən ucqar dağ kəndində də əhali və təhsilalanlar informasiya-kommunikasiya texnologiyalarının imkanlarından eyni səviyyədə yararlanırlar. Artıq Naxçıvan informasiya blokadasından çıxıb, genişzolaqlı və simsiz internetdən istifadə insanların gündəlik həyat tərzinə çevrilib. Aydın məsələdir ki, informasiya cəmiyyətinə keçid insanların yeni texnologiyalardan istifadə imkanlarını artırmaq hesabına mümkündür. Bu gün Naxçıvanda sürətlə kompüterləşmə gedir. Yaşayış məntəqələrinin 94 faizində genişzolaqlı, 80 faizindən çoxunda isə simsiz internet xidmətləri göstərilir.

Ali Məclisin Sədri təhsildə informasiya texnologiyalarının tətbiqinin cəmiyyətin intellektual inkişafının başlıca şərti olduğunu vurğulayıb: “Naxçıvan Muxtar Respublikasında elektron təhsilin inkişafı sahəsində görülən işlər də məhz bu məqsədə xidmət edir. Muxtar respublikanın ali, orta ixtisas, peşə və ümumtəhsil məktəblərində elektron tədrisdən istifadə təmin edilmiş, təhsil müəssisələrində 5 minə yaxın kompüter, 650-dən çox elektron lövhə quraşdırılıb, sürətli internetə çıxış imkanı yaradılıb, distant təhsil şəbəkəsi qurulub. Bundan başqa sağlamlıq imkanları məhdud uşaqların da təhsilə inteqrasiyası məqsədilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilib, görmə və eşitmə qabiliyyəti məhdud uşaqlar üçün audio və elektron kitabxana yaradılıb.

Artıq 10 ildir ki, keçirilən “Elektron Naxçıvan” konfransları nəinki Naxçıvan Dövlət Universitetində, ümumilikdə muxtar respublikada informasiya cəmiyyətinə keçid və elektron təhsilin inkişafı sahəsində mühüm mərhələyə çevrilib. Bu da öz bəhrəsini vermiş, son illər Naxçıvan Dövlət Universitetində İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi, distant tədris şəbəkəsi və multimedia infrastrukturu qurulmuş, elektron təhsil sistemi yaradılıb.

“Elektron təhsil sisteminin formalaşdırılması mürəkkəb və çoxşaxəli prosesdir. Ona görə ki, informasiya texnologiyaları daim inkişafdadır. Bu inkişafla ayaqlaşmaq və dünya təcrübəsindən yararlanmaq isə qarşıda duran əsas vəzifələrdəndir”, - deyən Ali Məclisin Sədri “Elektron Naxçıvan-10” beynəlxalq konfransının təhsilin daha da təkmilləşdirilməsi sahəsində faydalı olacağına inamını ifadə edib, konfransa öz işində uğurlar arzulayıb.

Beynəlxalq konfransda çıxış edən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd olunub ki, Azərbaycan bu gün informasiya texnologiyalarının inkişafı sahəsində böyük nailiyyətlər qazanıb. Muxtar respublikada informasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər ölkəmizdə bu sahənin inkişafına təkan verir. “Elektron Naxçıvan-10” beynəlxalq konfransının keçirilməsi muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının inkişafının daha bir göstəricisidir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə