Sentyabrın 15-də Naxçıvan Universiteti üçün inşa olunan yeni universitet şəhərciyi istifadəyə verilib.
Xeberler.az məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bildirib ki, hər il təhsil sahəsində həyata keçirilən tədbirlər qarşıda duran məqsədlərə daha da yaxınlaşmağa imkan yaradır. Dayanıqlı inkişafın əsas təminatı olan insan kapitalı formalaşdırılır. Muxtar respublikanın şəhər, rayon, qəsəbə və kəndlərində müasir təhsil infrastrukturu, informasiya texnologiyalarına əsaslanan təhsil sistemi qurulur. Distant və elektron tədris tətbiq olunur.
Hazırda muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində 97 ixtisas üzrə 8 mindən artıq tələbə təhsil alır.
Tədbirdə Naxçıvan Universitetinin rektoru, pedaqogika üzrə elmlər doktoru İsmayıl Əliyev çıxış edərək deyib ki, universitet üçün yaradılan müasir təhsil şəraiti muxtar respublikada bu sahəyə göstərilən qayğının nəticəsidir. 1999-cu ildən fəaliyyət göstərən universitetdə hazırda 4 fakültə, 9 kafedra, 5 şöbə var. 2015-2016-cı tədris ilində universitetdə minə yaxın tələbə təhsil alacaq. İndiyədək universitetin 3245 məzunu olub. Bu tədris ilində universitetdə 13 ixtisas üzrə mütəxəssis hazırlığı aparılacaq. Universitetdə təhsilin keyfiyyəti yüksəldilir, ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır.
Huawei Texnologies Azərbaycan Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Liu Jiavel müasir dövrdə informasiya texnologiyalarının təhsildə geniş tətbiq olunduğunu bildirib, Naxçıvanda bu sahədə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. Naxçıvan Universitetində Huawei İnformasiya-Kommunikasiya Texnologiyaları Akademiyasının yaradılmasının qərara alındığını bildirən Liu Jiavel akademiyanın sertifikatını Naxçıvan Universitetinə təqdim edib.
Sonra Ali Məclisin Sədri universitetdə yaradılan tədris şəraiti ilə tanış olub.
Bildirilib ki, universitet şəhərciyinə rektorluq binası, iki tədris korpusu, kitabxana, sosial xidmət mərkəzi, yataqxana, idman və konfrans zalları daxildir. Üçmərtəbəli rektorluq binasında hər şöbə üçün ayrıca iş otaqları, arxiv və bufet yerləşir. Otaqların hər biri zəruri avadanlıqlarla təchiz edilib, elektron idarəetmə sistemi yaradılıb. Yeni sistem vasitəsilə bütün kafedra və bölmələrin işinə nəzarət etmək və elektron sənəd mübadiləsi aparmaq mümkündür.
Altımərtəbəli birinci tədris korpusunda universitetin idarəetmə, iqtisadiyyat və pedaqogika fakültələri fəaliyyət göstərəcək. Tədris korpusunda 34 auditoriya, hər birində 66 kompüter olan 2 imtahan mərkəzi, proyektor və elektron lövhə quraşdırılan 11 mühazirə zalı, Heydər Əliyev Dövlətçilik Mərkəzi, coğrafiya, Azərbaycan tarixi, turizm-informasiya kabinələri, informatika, informasiya sistemləri, texnologiya, server, nəşriyyat və digər otaqlar var. Binada elektron təhsilin tətbiqi üçün müasir infrastruktur yaradılıb. İmtahan mərkəzlərinin müasir texnoloji sistemi eyni vaxtda bir neçə ixtisas üzrə imtahanların çevik və şəffaf formada aparılmasına, imtahanların gedişini internet üzərindən izləməyə, eləcə də onların video arxivini yaratmağa imkan verəcək. Kompüter otaqlarının hər birində 14 kompüter dəsti və elektron lövhələr quraşdırılıb, sürətli internetə çıxış təmin edilib. Universitet mətbəəsi də ən müasir çap avadanlıqları ilə təchiz olunub.
Turizm-informasiya kabinəsində Naxçıvanın turizm imkanları araşdırılacaq, turizm obyektləri haqqında məlumatlar veriləcək. Yaradılan şərait tələbələrin muxtar respublikanın turizm obyektləri, zəngin təbiəti ilə yaxından tanış olmasına, onlar haqqında bukletlər, müxtəlif tanıdıcı materiallar hazırlamalarına, Naxçıvanda turizmin nəzəri və təcrübi əsaslarla öyrənilməsinə imkan yaradacaq.
Azərbaycan tarixi kabinəsində muxtar respublika ərazisində aşkarlanmış ən qədim və orta əsrlərə aid maddi mədəniyyət nümunələri və ədəbiyyatlar qoyulub. Coğrafiya kabinəsində isə muxtar respublikanın təbiəti, torpaq ehtiyatları haqqında materiallar, mineralların tərkibini müəyyən edən elektron mikroskop və müxtəlif süxur nümunələri toplanıb.
Ali Məclisin Sədrinə məlumat verilib ki, universitetdə biliklərin təcrübə əsasında möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Bank işi, biznes mərkəzi və otelçilik kabinələri müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrə praktik iş vərdişlərinin öyrədilməsinə imkan verir. Əl işləri qalereyasında universitetin müəllim və tələbələrinin rəsm əsərləri, müxtəlif əl işləri nümayiş etdirilir. Universitetin Kompüter Səviyyə Ölçmə Mərkəzində isə tələbələr üçün komüuter kursları təşkil olunacaq və kursu uğurla bitirən tələbələrə sertifikatlar veriləcək. Bu sertifikatlar dünyanın 150 ölkəsində tanınır.
Binada 12 terabayt həcmində mərkəzi server quraşdırılıb, universitet şəhərciyindəki bütün binalara fiber optik kabel xətti çəkilib. Mərkəzi server təhlükəsizlik proqramları ilə təchiz olunub. Huawei İnformasiya Kommunikasiya Texnologiyaları kabinəsində isə tələbələrə şirkətin istehsal etdiyi məhsulların istifadə qaydaları və ən son texnoloji yeniliklər öyrədiləcək. Həyata keçirilən bu layihə çərçivəsində tələbələrin Huawei şirkətində bir ay müddətində təcrübə keçmələri də nəzərdə tutulub. Bu da informasiya texnologiyaları üzrə mütəxəssislərin hazırlanmasına imkan verəcək.
Muxtar respublikada gənclərin xarici dil biliklərinin inkişafına xüsusi diqqət yetirilir. Universitetin xarici dillər korpusunda müxtəlif dünya dillərinin, xüsusilə ingilis, alman və ərəb dilinin nəzəri və praktik formada öyrədilməsi üçün müasir şərait yaradılıb. Burada multimedia sistemləri və 40 ədəd kompüterlə təchiz olunan 2 linqafon otağı, 20 kompüter quraşdırılan tərcümə mərkəzi, 2 mühazirə zalı, 24 auditoriya, 48 kompüteri olan imtahan mərkəzi və 2 kompüter otağı istifadəyə verilib.
Dörd mərtəbədən ibarət olan universitet kitabxanasında 15 minə yaxın elmi və bədii ədəbiyyat var. Binada kitabxanaçılıq işi müasir tələblər əsasında qurulub, elektron dərslik və ədəbiyyatlar verilib. Kitabxanada 6 bölmə, dissertasiya və avtoreferatlar zalı fəaliyyət göstərir. Hər bölmənin ayrıca fondu, oxu və informasiya zallarının olması uyğun materialların qısa zamanda oxucuya çatdırılmasına imkan verəcək. Həmçinin oxucular informasiya zallarındakı kompüterlər vasitəsilə elektron kitabxanalardan və digər internet resurslarından istifadə edə biləcəklər. Binada şahmat zalı və gənclər mərkəzi də fəaliyyət göstərəcək.
Universitet şəhərciyində videonəzarət sistemi qurulub, ətrafda geniş abadlıq və yaşıllaşdırma işləri görülüb, mini-futbol meydançası yaradılıb.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri