Ədliyyə Nazirliyi tərəfindən növbəti rəqəmsal innovasiya olan və müxtəlif növ ədliyyə xidmətlərindən eyni vaxtda, vahid mənbədən və məsafədən göstərilməsini təmin edən yeni “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) xidməti yaradılıb.
Ölkədə inklüziv cəmiyyətin inkişaf prioritetinə əsaslanaraq “ƏN TEZ” xidmətinin təqdimatı üçün ilk olaraq əhalinin daha həssas təbəqələrinə xidmət göstərilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Mərkəzləri seçilib.
Təqdimatda Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin rəhbərliyi və aidiyyəti məsul işçiləri, Sosial Tədqiqatlar Mərkəzinin, Azərbaycan Notariat Palatasının təmsilçiləri, vətəndaş cəmiyyəti institutları və media iştirak ediblər.
Tədbirin açılışında ədliyyə nazirinin müavini Eldar Nuriyev və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev çıxış ediblər.
Sonra “ƏN TEZ” xidməti rəmzi düyməyə basılmaqla istifadəyə verilib və iştirakçılar yeni xidmət modeli barədə məlumatlandırılıb.
Bildirilib ki, “ƏN TEZ” xidməti vətəndaşlara ədliyyə orqanlarına və məhkəmələrə video-zəng vasitəsi ilə operatora müraciət etməklə lazımi xidmətlərdən ən sürətli şəkildə faydalanmaq imkanı verir. Bu zaman vətəndaşlar notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tələbkar qismində bəzi məhkəmə qərarlarının icrası və digər xidmətlərdən bəhrələnə biləcəklər.
Smart konsepsiya əsasında fəaliyyət göstərən “ƏN TEZ” xidməti vətəndaşlara heç bir qeydiyyat və elektron imza tələb olunmadan, tək şəxsiyyət vəsiqəsi ilə biometrik eyniləşdirmə aparılmaqla, daha sadə, asan və rahat şəkildə istifadə etmək imkanı yaradır.
Dövlət xidmətlərinin göstərilməsində ilk dəfə belə bir innovativ yanaşmanın tətbiqi vətəndaş məmnunluğunu təmin etməklə, həmçinin əlavə infrastrukturların və digər resursların ayrılması zərurətini aradan qaldıraraq izafi xərclərin qarşısını almağa xidmət edir.
Yeni xidmətlərin bölgələrdə yaşayan, o cümlədən Böyük Qayıdış üzrə Milli Prioritetə uyğun olaraq azad edilmiş doğma torpaqlara qayıdan sakinlərin ədliyyə xidmətlərinə əlçatanlığının artırılması üçün də əlverişli və rahat imkanlar yaratdığı vurğulanıb.
Tədbir iştirakçıları “ƏN TEZ” xidmətin vətəndaşlara təqdim olunan imkanları barədə video-çarxlar izləyib, ədliyyə sahəsində növbəti rəqəmsal yeniliyi maraqla qarşılayıblar.