Nikahın qeydə alınması “mygov”a inteqrasiya edilib

19-11-2024 / 19:40

Vətəndaşlar nikahlarını artıq rəqəmsal formada qeydiyyata ala bilərlər.

Xeberler.az məlumat verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təqdim etdiyi “mygov” rəqəmsal hökumət platforması vətəndaşlara daha bir xidmət təqdim edir. Artıq vətəndaşlar “mygov” tətbiqi vasitəsilə nikahlarını rəqəmsal formada qeydiyyata ala bilərlər.

Qeyd edək ki, bu xidmətin “mygov” platformasına inteqrasiyası İRİA və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı ilə baş tutub. Bu prosesə başlamaq üçün nikaha daxil olacaq vətəndaşların əvvəlcə tibbi müayinədən keçmələri zəruridir.

Müayinədən 14 gün sonra qan analizi nəticələri avtomatik olaraq “mygov” platformasına yüklənir və istifadəçilər nikah qeydiyyatına müraciət etməyə başlamaq barədə bildiriş alırlar. Bildiriş aldıqdan sonra, nikaha daxil olmaq istəyən vətəndaşlar “mygov” tətbiqində aşağıdakı sadə addımları izləyərək nikahlarını qeydiyyata ala bilərlər:

1. “mygov” tətbiqinə daxil olun və "Həyat hadisələri" bölməsində yer alan "Ailə qurmaq" seçiminə tıklayaraq və ya "Xidmətlər" bölməsindən "Nikahın qeydiyyata alınması" xidmətini seçərək prosesə başlayın.

2. Sistem hər iki tərəfin tibbi arayışlarını yoxladıqdan sonra FİN və təsdiq kodları ilə qeydiyyat ekranı açılacaq.

3. Tərəflərdən biri digərinə FİN və təsdiq kodunu göndərərək nikah qeydiyyatı üçün müraciətini davam etdirir.

4. Nikah sonrası götürüləcək soyadı və şəhadətnamə təhvilalma mərkəzini seçin, məlumatlarınızı təsdiqləyin.

5. 30 gün sonra xidmətin statusunun dəyişməsi ilə bağlı vətəndaşa bildiriş gəlir. Status “Tamamlanıb” olaraq göründüyü zaman, 10 AZN məbləğində dövlət rüsumunu ödəyin.

6. Şəhadətnaməniz hazır olduqda, seçdiyiniz təhvilalma mərkəzindən onu əldə edə bilərsiniz.

Nikah haqqında şəhadətnaməni fiziki olaraq aldıqdan sonra, vətəndaşlar rəqəmsal formada da “mygov” tətbiqində "Ailə məlumatlarım" hissəsində bu sənədi əldə edə biləcəklər. Bu yenilik sayəsində vətəndaşlar artıq nikah qeydiyyatını evdən çıxmadan, rahatlıqla və vaxt itirmədən həyata keçirə bilərlər.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 16 iyul tarixli Fərmanına əsasən vətəndaşların tələb olunan nikah haqqında şəhadətnamə məlumatlarını “mygov” platforması üzərindən təqdim etməsi onun fiziki daşıyıcısını təqdim etməsi ilə bərabər tutulur.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə