“Qərb-Şərq yüksəksürətli informasiya magistrali” layihəsi BMT-nin baş məclisinin sessiyasında müzakirə olunacaq

07-01-2009 / 16:24

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 2009-cu ildə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində həyata keçiriləcək layihələr barədə məlumat verib. Nazir deyib ki, Azərbaycanda elektron idarəetmə şəbəkəsinin yaradılması istiqamətində BMT İnkişaf Proqramı və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə həyata keçirdiyi ”E-idarəçilik təşəbbüsü” layihəsi çərçivəsində respublikanın bütün bölgələrini əhatə edəcək “AzDataKom” şəbəkəsinin bu il ölkədə tam şəkildə fəaliyyət göstərməsi nəzərdə tutulur. Yeni ildə Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edəcək süni peykinin orbitə çıxarılması üzrə işlər davam etdiriləcəkdir. Layihə ölkəmizdə, həmçinin regionda televiziya, radio, internet, beynəlxalq telefon trafiki, informasiya mübadiləsi və bir sıra digər xidmətlərin həyata keçirilməsinə şərait yaradacaqdır.

Azərbaycanın informasiya tranziti potensialını artırmaq və Trans-Asiya Avropa (TAE) magistralından daha səmərəli istifadəni təmin etmək məqsədilə Azərbaycanın Qazaxıstan və Türkmənistan ilə Xəzəraltı optik kabel əlaqəsinin yaradılması üzrə aparılan danışıqlar davam etdiriləcəkdir.

“Qərb-Şərq yüksəksürətli informasiya magistralı” layihəsi Qərbi Avropanı və Sakit okean hövzəsini birləşdirən yüksək sürətli Avropa-Asiya informasiya magistralının yaradılmasını nəzərdə tutur. Magistral Şərqi Avropa ölkələri, MDB, Türkiyə, İran, Mərkəzi Asiya ölkələrini, o cümlədən Əfqanıstan və Pakistanı əhatə etməklə, Çin və Hindistana çıxmaqla bu böyük regionda transmilli informasiya magistralı yaratmaqla bölgənin, hər bir ölkənin sosial-iqtisadi inkişafına, beynəlxalq informasiya mübadiləsinə təkan verə bilər. Ötən il “Bakutel-2008” beynəlxalq sərgi və konfransı çərçivəsində regionun nazirlər toplantısında bu layihə müzakirə edilmiş və “Transmilli Avrasiya Super İnformasiya Magistralına dair Bakı Bəyannaməsi” qəbul edilmişdir. Layihənin 2009-cu ilin sentyabrında BMT-nin Baş Məclisinin sessiyasında müzakirəyə çıxarılmasına səylər göstəriləcək, iqtisadi-texniki əsaslandırmanın hazırlanması üzrə işlər aparılacaqdır.

Ötən il əldə olunan nailiyyətlər barədə danışan nazir deyib ki, İKT sahəsində görülmüş işlər nəticəsində son beş ildə sahə üzrə gəlirlərin artım tempi ümumdünya inkişaf tempini 4,4 dəfə üstələyərək, hər il üçün orta hesabla 30-35 faiz təşkil etmişdir.

 


 


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə