Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 7-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” kompleksinin açılışında iştirak ediblər.
Xeberler.az-ın məlumatına görə, dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər.
Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlət başçısına Quba ASAN həyat kompleksi barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, bu kompleks Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 12-ci Mərkəzidir. Şəhərin Heydər Əliyev prospektində yerləşən, öz möhtəşəmliyi ilə seçilən Quba regional ASAN həyat kompleksinin tikintisi yüksək səviyyədə həyata keçirilib. Kompleksin tikintisinə bu ilin əvvəlində başlanılıb. Kompleks 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektindən ibarətdir. Burada ASAN xidmət Mərkəzi, “ASAN təlim” Mərkəzi, ABAD Mərkəzi, “ABAD” Məktəbi yaradılıb.
Dövlət başçısı mərkəzlə tanış olub. Kompleksin ASAN xidmət Mərkəzində Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Milli Arxiv İdarəsi, ümumilikdə, 10 dövlət orqanı tərəfindən vətəndaşlara 32 növ xidmət göstəriləcək. Eyni zamanda, mərkəzdə 112 növ funksional yardımçı xidmətlər, o cümlədən bank, sığorta, hüquqi yardım, tərcümə və digər xidmətlər təşkil ediləcək. Mərkəzdə çalışacaq əməkdaşların sayı 170, könüllülərin sayı isə 45 nəfərdir. Quba ASAN xidmət Mərkəzi Quba, Qusar, Xaçmaz və Şabran rayonları ərazisində qeydiyyatda olan, ümumilikdə, 500 minə yaxın vətəndaşa xidmət göstərəcək.
Dövlət başçısı Quba ASAN xidmət Mərkəzini işə salıb.
Bildirilib ki, bu günə kimi ASAN xidmət mərkəzlərinə daxil olan müraciətlərin sayı 18 milyon 600 minə çatıb. Regionlarda 10 səyyar ASAN xidmət avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən təqribən 1 milyon 250 min vətəndaşa səyyar formada xidmət göstərilib.
Prezident İlham Əliyevə Ready 2.0 avadanlığı haqqında məlumat verilib. Bu avadanlıq ASAN xidmət mərkəzlərində hazır sənədlərin vətəndaşlara avtomatlaşdırılmış qaydada verilməsi üçün hazırlanmış cihazın yeni versiyasıdır. Mərkəzdə kommunal xidmətlərin göstərilməsi üçün ayrıca bölmə yaradılıb. Burada Azərişıq ASC, Azərsu ASC və Azəriqaz”İB tərəfindən xidmətlər təqdim olunacaq. Qeyd edildi ki, paytaxt Bakıda fəaliyyət göstərən iki “ASAN kommunal” xidmətində bu günədək 217 min vətəndaş müraciəti qeydə alınıb.
Mərkəzlə tanışlıq zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yeni layihələr barədə də məlumat verilib.
Bildirildi ki, ASAN viza 2.0 sistemi Azərbaycan vətəndaşları üçün xarici ölkələrə səfər vizalarının alınmasına elektron müraciətin təmin edilməsi üçün yaradılıb.
Diqqətə çatdırılıb ki, yeni layihələrdən biri də doğum evlərində körpələrə fərdi identifikasiya nömrələrinin verilməsinin təmin edilməsi üçün aparılan inteqrasiya işləridir.
“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun təqdimatı zamanı İKT sahəsində ixtisaslaşmış 10 şirkəti özündə birləşdirən bu qurumun fəaliyyət istiqamətləri və ölkəmizin intellektual məhsullarının beynəlxalq bazara çıxarılması ilə bağlı planlar barədə məlumat verildi.
Diqqətə çatdırılıb ki, maliyyə xidmətlərinin “one-stop shop” prinsipi ilə təqdim edilməsi üçün isə “ASAN finance” elektron portalının yaradılması nəzərdə tutulur.
Dövlət başçısına “Tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin Elektron Reyestri” barədə də məlumat verildi. Burada reyestrin funksional imkanları, fəaliyyəti və tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsinin nəticələri əks olunub. Bildirildi ki, 2018-ci ildə Şəki və İmişli rayonlarinda “ASAN həyat” komplekslərinin istifadəyə verilməsi planlaşdırılır.
Prezident İlham Əliyevə növbəti illərdə inşası və istifadəyə verilməsi nəzərdə tutulan digər ASAN xidmət mərkəzlərinin layihələri də təqdim olunub.
Qeyd edək ki, “ASAN həyat” konsepsiyası “ASAN xidmət” Mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsini də nəzərdə tutur. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. “ASAN həyat” Kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.
Quba “ASAN həyat” Kompleksinin kinoteatrında Azərbaycan filmləri ilə yanaşı, xarici ölkələrin filmləri də nümayiş etdiriləcək. “ASAN təlim” Mərkəzində isə ASAN xidmət mərkəzlərində fəaliyyət göstərən əməkdaşlara, digər dövlət orqanları və funksional xidmət əməkdaşlarına ASAN təcrübəsi əsasında formalaşmış vətəndaş axınının idarə olunması, etik davranış və digər təlimlərin keçirilməsi təmin olunacaq.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin ABAD Mərkəzində də olub.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri