Rəqəmsal marketinq konfransından nələr gözlənilir?

19-10-2015 / 11:20

Məlumat verdiyimiz kimi, oktyabrın 31-də ADA Universitetində rəqəmsal marketinq  üzrə “Digital Marketing Conference 2015”  tədbiri baş tutacaq.

Konfransda rəqəmsal marketinq  sahəsinin inkişafına dəstək olmaq, bu sahəni inkişaf etirmək istiqamətində yerli və xarici mütəxəssislər rəqəmsal marketinq təcrübələrini iştirakçılarla bölüşəcəklər.

Hər kəsi maraqlandıran isə Azərbaycanda ilk dəfə keçiriləcək bu rəqəmsal marketinq konfransının ölkəmizin rəqəmsal marketinq eksosisteminə təsir gücü ilə bağlıdır. Konfransda spikerlər 3 istiqamətdə,  Mobil marketinq, Sosial Media Marketinqi və Rəqəmsal Strategiya üzrə çıxış edəcəklər.

Xeberler.az olaraq tədbirin gedişatı və spikerlərin bu konfransdan gözləntiləri ilə bağlı fikirlərini öyrəndik. 

Konfransda 3-cü paneldə çıxış edəcək spikerlərdən biri də Millikartın nümayəndəsi Niyazi Qasımovdur.

Niyazi Qasımov Xeberler.az-a Azərbaycanda bu sahə üzrə tədbirlərin davamlı olacağını bildirib:

“Düşünürəm ki, konfrans iştirakçıları bu tədbirə təlim ab-havasında deyil, konfrans ab-havasında gələcəklər. Konfransda yeniliyə doğru bugünkü problemlərin səsləndirilməsi, yeniliklər barədə məlumatların, xarici və ya yerli iş təcrübələrimizin bölüşülməsi iştirakçılar üçün də çox maraqlı və faydalı olacaq. Konfransdakı çıxışım Rəqəmsal Strategiya istiqamətli olacaq və bu günə qədər əməkdaşı olduğum bütün şirkətlərdə xüsusi ilə hazırda əməkdaşı olduğum MilliKart Group-da əldə etdiyimiz nəticələrlə bağlı olacaq. Biz MilliKart olaraq banklar və e-biznes sahəsi ilə əməkdaşlıq etdiyimiz üçün kifayət qədər lazımlı nüanslar barədə fikirlərimi bölüşə biləcəm”.

Yerli şirkətlərin tədbirə marağının yüksək olacağını düşünən Niyazi Qasımov Xeberler.az-a bildirib ki, inkişaf etmək həvəsində olan nəinki şirkətlər, fərdi sahibkarların da tədbirdə iştirakı vacibdir :

“Tədbirə gəlməyi qərarlaşdıran bütün şəxslər tədbir haqqında daha çox dost-tanışının məlumatlanması üçün çalışmalıdır. Bizə qalan elə inkişaf olacaq. Tədbirdə natiq olaraq çıxış devizimdə də dediyim kimi: “As Google əmi said: be together, not the same”.

Azərbaycanda ilk dəfə keçiriləcək rəqəmsal marketinq konfransından  gözləntilərini Xeberler.az-a bölüşən Digitello Agency – direktoru Anar Mustafayev də çıxış edənlər siyahısındadır.

Anar Mustafayev rəqəmsal marketinq konfransından gözlənti və ümidlərinin böyük olduğunu deyib:

“Rəqəmsal sahənin SMM və digər bölmələri ilə bağlı tədbirlər olur, lakin bu səviyyədə dijital konfrans ilk dəfə keçirilir. Ümid edirəm ki, DMC 2015 tədbirindən sonra rəqəmsal sahəni əhatə edən tədbirlərin sayı çox olacaq. Ən böyük gözləntim isə, şirkətlərin rəqəmsal bazara diqqətlərinin artması olardı”.

Anar Mustafayev bildirib ki, konfrans iştirakçıları istər öz aralarında, istərsə də təşkilatçılarla qiymətli “networking” imkanı əldə edəcəklər:

“Konfransın Azərbaycanda inkişafda olan rəqəmsal marketinqin daha çox tanıdılmasında rolu olacaq və ölkəmizdə rəqəmsal marketinq sahəsinin inkişafına böyük töhfə verəcək “, deyə o vurğulayıb.

Sosial Media Marketinq panelçilərindən olan Anar Mustafayev konfransdakı çıxışında daha çox yerli şirkətlərin dijital agentliklərə olan münasibətindən və böhran dövründəki fəaliyyətlə bağlı söz açacağını bildirib.

Direktor həmçinin yerli şirkətlərin tədbirə böyük maraq göstərdiyini bildirib: “Gündəlik ünsiyyətdə olduğumuz şirkətlərə əsasən əminliklə tədbirin yetərincə maraq doğurduğunu söyləyə bilərəm. Tədbirdə iştirak haqqının isə əlverişli olduğundan, satılmayan biletlərin qalmayacağını düşünürəm”.

Sosial Media Marketinqi panelində çıxış edəcək spikerlərdən biri də İlqar Mirzədir.

İlqar Mirzə bu sahəyə hazırda marağın böyük olduğunu və müzakirə olunası, paylaşmalı məqamların çox olduğunu bildirib:

“ Rəqəmsal marketinq konfransı ilə təcrübə və fikir mübadiləsi aparmaq üçün çox əlverişli məqamdır. Düşünürəm ki, iştirakçıları yormamaq üçün hadisə və məqamlara spikerlər fərqli prizmadan yanaşmalıdırlar. Ümumiyyətlə forumlarda fundamental, uzaqgörən, açı və ya uğurlu təcrübələrlə dolu, internetdə tapıb oxuya bilməyəcəyiniz çıxışlar olmalıdır”.

İlqar Mirzə konfransdakı çıxışı ilə bağlı Xeberler.az-ı məlumatlandırıb: “Bölüşmək istədiyim mövzu bir az fəqlidir, çoxlarının danışmağa ehtiyat edəcəyi maraqlı bir mövzu ətrafında iştirakçılarla fikirlərimi bölüşəcəyəm”.

“Digital Marketing Conference 2015” –in təsisçilərindən biri Emin Quluzadə Xeberler.az-a bildirib ki, yerli şirkətlərin digitala aid marketinq strategiyası mövcud deyil:

“Konfransda oflayn və digital strategiyalarının fərqi haqqında danışacağam. Düşünürəm ki, yerli şirkətlər çıxışıma yalnız qulaq asmaqla kifayətlənməz. Fasilələr zamanı xarici mütəxəssislərlə fikir mübadiləsi etmək imkanı da yaranacaq. Hər kəsin bu konfransdan faydalanması üçün çalışırıq”.

 “Digital Marketing Conference 2015” –in təsisçisi Aysel Cəbrayılova Xeberler.az-a vurğulayıb ki, 3 aydır ki, konfransla bağlı hazırlıq işləri görülür:

“Əvvəllər spikerləri tədbirin uğurlu alınacağına inandırmaq çətin idi. Amma indi 22 spikerin hər biri çıxışına diqqətlə hazırlaşır. Spikerlərin rahat təqdimat etməsi üçün yüksək standartlara cavab verən ADA universitetinin böyük zalı konfrans üçün tam hazırdır”.

Aysel Cəbrayılzadə qeyd edib ki, rəqəmsal marketinq konfransı biznes layihə deyil:

“Biz çalışdıq ki, konfransda iştirak etmək istəyənlər üçün maneə yaranmasın. Biletin qiymətini minimal seçdik ki, hər kəs üçün uyğun olsun. Buraya nahar da daxildir. Sponsor olmasa belə qərarlıyıq ki, tədbir yüksək səviyyədə keçsin. DMC- digər konfranslardan bir çox cəhətləri ilə fərqlənəcək. Əsas fərqi isə “Digital Marketing Conference”da “Bugünün yazarlarından bugünün marketinqi” kitabı dərc ediləcək. Kitabda yerli mütəxəssislərimizin facemark.az saytında dərc edilmiş məqalələri yer alacaq”.

Analar.az layihəsinin rəhbəri Səma Abiyeva “Digital Marketing Conference 2015” haqqında fikirlərini Xeberler.az-la bölüşüb.

O bildirib ki, Digital Marketing Conference bu işə yeni başlayanlar üçün qaranlıqda çıraq olacaq:

“Azərbaycanda ilk dəfə keçiriləcək rəqəmsal marketinq konfrans təcrübələri bölüşmək  üçün ideal məkandır. İndiyədək olan yaşananlar göstərir ki, marketinq sahəsinin istənilən yönümündə dünya təcrübəsinə əsaslanaraq strategiya qurmaq arzu olunan effekti verməyib. Səbəb isə lokal düşüncənin, lokal psixologiyanın fərqli olmasıdır. Məhz bu səbəbdən də digital merketinqin pionerlərin taktikasını dinləmək çox maraqlıdır. Digital Marketing Conference (DMC) bu işə yeni başlayanlar üçün qaranlıqda çıraq olacaq”. 

Səma Abiyeva qeyd edib ki, konfrans iştirakçıları arasında iş qurmaq istəyində olanlar konfransdan sonra fikirlərini qətiləşdirəcək, strategiyalarının nizamında dəyişiklik edəcəklər:

“Bu konfrans işin müəyyən etaplarını keçmiş şəxslərə qısa zamanda digital marketinqin bilmədikləri tərəflərini aydın etməyə şans verəcək, bu günədək onların təcrübədən keçirmək istədikləri lakin cəsarət etmədikləri metodların real həyatda nə qədər effektli olub-olmadığına dair təssəvvürləri yaranacaq”. 

Layihə rəhbərinin sözlərinə görə, bu konfransla skeptik düşüncəli biznes adamlarının digitalın gücünə inam və baxışı dəyişəcək:

“Əslində, konfrans günü auditoriyanın tərkibinin necə olacağından çox şey asılıdır. Əgər izləyicilər sırasında artıq öz işini qurmuş şəxslər üstünlük təşkil edəcəksə, inanıram ki, onların biznes planlarının gələcəyə dair dəyişikliklərində digitala aksent artacaq. Bu konfransla skeptik düşüncəli biznes adamlarının digitalın gücünə inamı və baxışı dəyişəcək. Nəticə də güman ki, bütün bunlar yerli digital bazarın böyüməsinə səbəb olacaq”.

Səma Abiyeva konfransdakı çıxışına gəlincə, daha çox bazarda yaşama şərtlərindən söz açacağını bildirib:

“Konfransda bəhs edəcəyimiz sahə digital bazarın daha real və daha yeni tərəfidir. Yəni, mən və duet ortağım Tural Yusifov video formatda hazırlanan kontentlə bazarda yaşama şərtlərindən söz açacağıq”.

Təqdim edəcəkləri mövzunun materiallarına gəldikdə isə Səma Abiyeva bildirib ki,  konfrans iştirakçıları daha sonra video yazı ilə çıxışı təkrar izləyə biləcəklər.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə